“Naxçıvan Dövlət Tarix Muzeyi və Mirbağır Mirheydərzadə” mövzusunda tədbir keçirilib.

     Naxçıvan Dövlət Tarix Muzeyində keçirilən tədbiri giriş sözü ilə muzeyin direktoru, Naxçıvan Muxtar Respublikasının Əməkdar mədəniyyət işçisi Nizami Rəhimov açaraq muzeyin təşəkkülü və inkişafı istiqamətində Mirbağır Mirheydərzadənin həyata keçirdiyi tədbirlər haqqında danışıb.

     Tədbirdə Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Mədəni irs və muzey işi üzrə baş məsləhətçisi Qumral Məmiyeva, Cəlil Məmmədquluzadə adına Naxçıvan Muxtar Respublikası Ədəbiyyat Muzeyinin direktoru Aləmzər İbrahimova, Naxçıvan Dövlət Tarix Muzeyinin baş elmi işçisi Nərminə Allahverdiyeva çıxış ediblər. 

     Çıxışlarda qeyd olunub ki, XIX əsrin sonu, XX əsrin əvvəllərində yaşamış Mirbağır Mirheydər oğlu Mirheydərzadə mənalı həyatının 15 ilə yaxın bir dövrünü Naxçıvanda muzey quruculuğu işinə həsr edib.


1920-ci ildə Azərbaycanda sovet hakimiyyəti bərqərar olduqdan sonra Mirbağır Mirheydərzadənin fəaliyyəti, əsasən, Naxçıvanın tarixi, bu ərazidəki qədim abidələrin və yer adlarının öyrənilməsi, arxeoloji materialların, folklor nümunələrinin toplanması və tədqiqi ilə bağlı olub.

     Qeyd edilib ki, 1923-cü ildə Bakıda Azərbaycanı Öyrənən Tədqiq və Tətəbbö Cəmiyyətinin, 1924-cü ilin oktyabrında Naxçıvanda Xalq Komissarları Sovetinin qərarı ilə Naxçıvan Tarix-Etno­qrafiya Muzeyi, 1925-ci ilin may ayında isə Azərbaycanı Öyrənən Tədqiq və Tətəbbö Cəmiyyətinin Naxçıvan təşkilatı yaradılıb. Təsis yığıncağında Mirbağır Mirheydərzadə cəmiyyətin elmi katibi vəzifəsinə seçilib və 1928-ci ilin ortalarınadək bu vəzifədə çalışıb. 1925-1928-ci illərdə keçirilən iclas protokollarının təhlilindən aydın olub ki, cəmiyyətin üzvləri, xüsusilə onun elmi katibi Mirbağır Mirheydərzadə Naxçıvanda muzey quruculuğu işində fəal iştirak edib.

     Diqqətə çatdırılıb ki, faktlardan göründüyü kimi, ötən əsrin 20-ci illərinin ortalarından etibarən Naxçıvan tarixinin öyrənilməsində və bu tarixi özündə yaşatmağa başlayan Naxçıvan Tarix-Etnoqrafiya Muzeyinin (indiki Naxçıvan Dövlət Tarix Muzeyinin) təşəkkülündə və inkişafında Tədqiq və Tətəbbö Cəmiyyəti, xüsusilə onun elmi katibi olmuş M.Mirheydərzadə əvəzsiz rol oynayıb.

     Tədbirdə maarifpərvər ziyalının nəvələri Mirbağır Mirheydərzadə haqqında xatirələrini bölüşüblər.

     Sonra Naxçıvan Dövlət Tarix Muzeyinin əsasını qoyanlardan olan Mirbağır Mirheydərzadəyə həsr edilən sərgiyə baxış olub.

 Nail ƏSGƏROV

 

 Naxçıvan şəhəri, İstiqlal küçəsi 92

 

 tarixmuzeyi@nakhchivan.az 

 

(+994 36) 545 01 39

 

(+994 36) 545 01 36

 

113951
Bugün
Dünən
Bu həftə
Bu ay
Ümumi
35
23
374
919
113951

© 2020 Bütün hüquqlar qorunur. Dizayn və proqramlaşdırma Nakhinternet