İdmançıların muzeylərə ziyarətləri davam etdirilir.

      Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2014-cü il 19 dekabr tarixli “Muzeylərlə əlaqələrin daha da gücləndirilməsi haqqında” Sərəncamına əsasən, muxtar respublikada fəaliyyət göstərən idman federasiyalarının məşqçi-müəllimləri, idmançıları da muzeylərimizi ziyarət edirlər.

      Dünən Karate-do, Şərq Döyüşü Sənəti və Voleybol federasiyaları üzvlərinin müvafiq olaraq Naxçıvan Dövlət Tarix Muzeyinə, Xatirə Muzeyinə və Dövlət Bayrağı Muzeyinə ziyarətləri təşkil olunub.

   Naxçıvan Dövlət Tarix Muzeyində Naxçıvan Muxtar Respublikası Karate-do Federasiyasının məşqçilərinə və idmançılarına bildirilib ki, 1924-cü ildə fəaliyyətə başlayan muzeydə qədim, orta əsrlər və müasir dövrü əhatə edən 49 minə yaxın eksponat qorunub saxlanılır. 10 şöbədən ibarət olan ekspozisiyada müxtəlif tarixi dövrlərə aid məişət əşyaları və əmək alətləri, muxtar respublika ərazisində aşkar olunan mis və gümüş pullar nümayiş etdirilir. Həmçinin muzeydə xalçaçılıq, zərgərlik, misgərlik,

dulusçuluq və nəqqaşlıq sənəti nümunələri, xalq ustalarının müxtəlif əl işləri, eləcə də Naxçıvanın müasir inkişafını əks etdirən zəngin materiallar özünə yer alıb. Bildirilib ki, Naxçıvan Dövlət Tarix Muzeyi böyük dövlət qayğısı ilə əhatə olunan mədəniyyət müəssisələrindən biridir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin qayğısı ilə 2000 və 2007-ci illərdə muzeyin binasında əsaslı təmir-tikinti işləri aparılıb. Son illər muzeyin ekspozisiyası tamamilə yenidən qurulub, eksponatların həm fiziki, həm də bioloji cəhətdən etibarlı mühafizəsi üçün ekspozisiya yeni vitrinlər və saxlanc qurğuları ilə təchiz edilib.

     Xatirə Muzeyində isə Naxçıvan Muxtar Respublikası Şərq Döyüşü Sənəti Federasiyasının üzvlərinə məlumat verilib ki, muzey binasının əhəmiyyətini artıran mühüm amillərdən biri onun Şəhidlər xiyabanı yaxınlığında yerləşməsidir. Vurğulanıb ki, 1500-dən çox eksponatın saxlanıldığı muzeydə təcavüzkar erməni daşnaklarının ayrı-ayrı dövrlərdə azərbaycanlılara qarşı törətdikləri dəhşətli cinayətlərin izləri öz əksini tapıb. Burada Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olan şəhidlərin fotoşəkilləri, şəxsi sənədləri, döyüş fəaliyyətlərini əhatə edən materiallar, eyni zamanda qəhrəmanlıq tariximizin müxtəlif dövrlərinə aid kitablar nümayiş etdirilir. Muzeyin iki guşəsi isə 1941-1945-ci illər müharibəsinin qəhrəmanlarına həsr olunub. Qeyd edilib ki, həmin müharibədə muxtar respublikamızdan 30 minə yaxın həmyerlimiz iştirak edib, onlardan yarısı geri qayıtmayıb. Alman faşizmi üzərində qələbənin qazanılmasında həmyerlilərimiz qəhrəmanlıqlar göstərərək müxtəlif orden və medallarla təltif olunublar. 

     Dövlət Bayrağı Meydanı və Muzeyini ziyarət edən Voleybol Federasiyasının idmançı və məşqçilərinin diqqətinə çatdırılıb ki, Dövlət Bayrağı Meydanı və Muzeyi Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2014-cü il 22 avqust tarixli Sərəncamına əsasən yaradılıb və 2014-cü il noyabrın 17-dən fəaliyyətə başlayıb. Muzeydə Naxçıvanda müxtəlif dövrlərdə qəbul edilmiş bayraqlar və dövlət atributları nümayiş etdirilir. Vurğulanıb ki, Azərbaycan Xalq Cümhuriyyəti dövründə təsis edilmiş üçrəngli bayrağımız ikinci dəfə ulu öndər Heydər Əliyev tərəfindən 1990-cı il noyabrın 17-də Naxçıvanda qaldırılıb. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinin 2014-cü il 17 noyabr tarixli Sərəncamı ilə hər il noyabr ayının 17-si Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı Günü kimi qeyd edilir.

Ceyhun Məmmədov

 

 Naxçıvan şəhəri, İstiqlal küçəsi 92

 

 tarixmuzeyi@nakhchivan.az 

 

(+994 36) 545 01 39

 

(+994 36) 545 01 36

 

114280
Bugün
Dünən
Bu həftə
Bu ay
Ümumi
37
18
55
1248
114280

© 2020 Bütün hüquqlar qorunur. Dizayn və proqramlaşdırma Nakhinternet