Muzey bələdçiləri üçün məşğələ.
Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Naxçıvan Dövlət Tarix Muzeyində muzey bələdçiləri üçün təcrübə məşğələsi keçirilib.
Tədbiri giriş sözü ilə Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin mədəni irs və muzey işi üzrə baş məsləhətçisi Qumral Məmiyeva açaraq keçirilən tədbirin məqsəd və əhəmiyyətindən danışıb. Qeyd olunub ki, hazırda muxtar respublikada 28 müxtəlif profilli muzey fəaliyyət göstərir. Muzeylərimizə bu gün xüsusi diqqət və qayğı göstərilir, onların maddi-texniki bazası gücləndirilir, əməkdaşların peşəkarlıq səviyyəsi yüksəldilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2014-cü il 19 dekabr tarixli “Muzeylərlə əlaqələrin daha da gücləndirilməsi haqqında” Sərəncamından sonra muzeylərin ziyarətçilərinin sayında əhəmiyyətli dərəcədə artım müşahidə edilib. Bu gün keçirilən seminarda əsas məqsəd muzey bələdçilərinin peşəkarlığının artırılmasına metodik kömək göstərməkdən ibarətdir. Naxçıvan Dövlət Tarix Muzeyinin direktoru,
Naxçıvan Muxtar Respublikasının Əməkdar mədəniyyət işçisi Nizami Rəhimov “Ekskursiya işinin ümumi əsasları” mövzusunda çıxış edərək bildirib ki, son illərdə muzeylərimizdə xarici dilləri bilən bələdçilərin sayının artması diqqətçəkən məqamlardandır.
Nizami Rəhimov deyib ki, ekskursiya mətnləri hazırlanarkən elmi faktlara əsaslanmaq vacib məsələdir. Bələdçilər öz üzərlərində çalışmalı, onlara verilən suallara doğru-düzgün cavab verməlidirlər. Bələdçilər hər bir eksponat haqqında ziyarətçilərə ətraflı məlumat verməli, muzeylərin fondlarında olan eksponatlardan xəbərdar olmalıdırlar.
Cəlil Məmmədquluzadə adına Naxçıvan Muxtar Respublikası Ədəbiyyat Muzeyinin direktoru Aləmzər İbrahimova “Bələdçinin davranış qaydaları” mövzusunda danışaraq bildirib ki, muzeyə gələnlər birinci bələdçi ilə rastlaşır və onların intellektual səviyyəsi, nitq mədəniyyəti sayəsində muzeylərə qiymət verir. Ona görə də muzey bələdçiləri zövqlə geyinməli, verilən suallara qaneedici cavab verməlidirlər. Unutmaq olmaz ki, muzey ziyarətçiləri arasında müxtəlif peşə və sənət sahibləri, ayrı-ayrı yaş qruplarına aid insanlar olur. Bələdçi ekskursiya apararkən etik qaydalara riayət etməli, maarifçilik işi apardığını unutmamalıdır. Məktəblilərlə ekskursiya apararkən uşaq və yeniyetmələrin yaş dövrünə görə tələbləri nəzərə alınmalıdır.
Məşğələnin sonunda Naxçıvan Dövlət Tarix Muzeyinin ekspozisiyasına baxış olub, ekskursiya keçirilib, ingilis dilində aparılan ekskursiyada iştirakçıları maraqlandıran suallara cavab verilib.
Əli RZAYEV