Azərbaycan Xalq Cümhuriyyəti dövründə Naxçıvan.
Yeni Azərbaycan Partiyası (YAP) Naxçıvan Şəhər Təşkilatı 28 May – Respublika Günü və Naxçıvan Muxtar Respublikasının yaradılmasının 90 illik yubileyi münasibətilə Naxçıvan Dövlət Tarix Muzeyində “Azərbaycan Xalq Cümhuriyyəti dövründə Naxçıvan” mövzusunda elmi-praktik konfrans keçirmişdir.
Konfransı giriş sözü ilə açan muzeyin direktoru Nizami Rəhimov 1918-ci il mayın 28-də yaradılmış və cəmi 23 ay mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin dövlətçilik tariximizdə mühüm yer tutduğunu vurğulamışdır.
Konfransda AMEA Naxçıvan Bölməsi Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktoru, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, professor Fəxrəddin Səfərli “Azərbaycan Xalq Cümhuriyyəti və Naxçıvan”, həmin institutun böyük elmi işçisi, tarix üzrə fəlsəfə doktoru İlhami Əliyev “Azərbaycan Xalq Cümhuriyyətinin yaranması və fəaliyyəti”, Yeni Azərbaycan Partiyası Naxçıvan Şəhər Təşkilatının sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, tarix üzrə fəlsəfə doktoru,
dosent Elman Cəfərli “Naxçıvan Muxtar Respublikasının yaradılması” mövzularında məruzələrlə çıxış etmişlər.
Qeyd olunmuşdur ki, Azərbaycan Xalq Cümhuriyyəti qısa müddət mövcud olmasına baxmayaraq, Azərbaycan tarixinin xüsusi səhifəsini təşkil edir. Belə ki, müsəlman Şərqində ilk parlamentli demokratik respublika olan cümhuriyyət çox mühüm dövlətçilik tədbirləri həyata keçirmiş, qadınlara seçki hüququ tanıyan ilk dövlətlərdən olmuşdur. Lakin 1920-ci ilin aprelində Azərbaycanın Sovet Rusiyası tərəfindən istila edilməsi həmin tədbirləri tam başa çatdırmağa və müstəqil dövlətçiliyimizin yaşamasına imkan verməmişdir. Xalq cümhuriyyəti dövründə erməni təcavüzü ilə üz-üzə qalmış Naxçıvan daim cümhuriyyət rəhbərlərinin diqqət mərkəzində olmuş, onlar Naxçıvanın Azərbaycanın tərkib hissəsi kimi qorunub saxlanılması istiqamətində mümkün olan bütün tədbirləri görmüşlər. 1919-cu ilin fevral ayında Naxçıvan general-qubernatorluğu təsis olunmuş, əvvəlcə B.Naxçıvanski, sonra isə S.Cəmillinski Naxçıvana general-qubernator təyin edilmişlər. Azərbaycan Xalq Cümhuriyyətinin rəhbərliyi Naxçıvanın düşmən işğalından qorunması üçün maddi və hərbi yardımlar göstərmiş, bölgədə qurulan ingilis və amerikan idarəçilik rejimləri ilə mütəmadi danışıqlar aparmışdır.
Lakin yaranmış gərgin beynəlxalq şəraitdə imperialist dövlətlərin erməni təcavüzünə fəal hərbi-siyasi dəstək verməsi və cümhuriyyətin süqutu nəticəsində Naxçıvan məsələsini 1918-1920-ci illərdə tam həll etmək mümkün olmamışdır.
Bildirilmişdir ki,1920-ci ilin sonlarında B.Şahtaxtinskinin Naxçıvana gələrək yerli əhalinin müqavimətini erməni işğalına qarşı səfərbər etməsindən, 1921-ci ilin yanvarında isə Naxçıvanda keçirilən rəy sorğusunda əhalinin 90 faizindən çoxunun bölgənin Azərbaycanın tərkib hissəsi kimi qalmasına səs verməsindən sonra Naxçıvan məsələsi qəti həll olunmuşdur. 1921-ci il martın 16-da Moskva, oktyabrın 13-də isə Qars müqavilələri imzalanmışdır. 1924-cü il fevralın 9-da Naxçıvan muxtar respublika elan edilmiş, 1926-cı ildə onun ilk Konstitusiyası qəbul olunmuşdur. Beləliklə, Naxçıvanın Azərbaycanın tərkibində əbədi qalması məsələsi öz həllini tapmışdır.
Konfransa Yeni Azərbaycan Partiyası Naxçıvan Şəhər Təşkilatının sədri Elman Cəfərli yekun vurmuşdur.
Xəbərlər şöbəsi