Dövlət Bayrağı Gününə həsr olunmuş tədbir.
Dünən Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə Naxçıvan Dövlət Tarix Muzeyində Dövlət Bayrağı Gününə həsr olunmuş tədbir keçirilib. Tədbiri giriş sözü ilə muzeyin direktoru Nizami Rəhimov açaraq qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Azərbaycan Respublikasının “Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında” 17 noyabr 2009-cu il tarixli Sərəncamına əsasən, hər il noyabrın 9-u “Dövlət Bayrağı Günü” kimi qeyd olunur.
Bildirilib ki, Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan Dövlət Bayrağı milli suverenliyin simvolu kimi ölkəmizin bütün vətəndaşları üçün müqəddəs dövlətçilik rəmzlərindən birinə çevrilib. Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yadigarı olan bu bayraq bizim azadlıq məfkurəsinə, milli-mənəvi dəyərlərə və ümumbəşəri ideallara sadiqliyimizi nümayiş etdirir.
Vurğulanıb ki, Azərbaycan Respublikası Konstitusiyasının “Vətəndaşların əsas vəzifələri”nə dair dördüncü fəslində Azərbaycan vətəndaşlarının Vətən, millət, dövlət qarşısında olan vəzifələri sırasında Azərbaycan Respublikasının dövlət rəmzlərinə hörmət etmək vəzifəsi də qoyulub. Konstitusiyanın həmin fəslindəki 75-ci maddəsində göstərilir: “Hər bir vətəndaş Azərbaycan Respublikasının dövlət rəmzlərinə – bayrağına, gerbinə və himninə hörmət etməlidir”. Göründüyü kimi, dövlət bayrağına hörmətlə yanaşmaq həm Konstitusiya ilə təsbit olunmuş vəzifəmiz, həm də mənəvi borcumuzdur.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin Gənclərlə iş şöbəsinin aparıcı məsləhətçisi İlahə Haqverdiyeva “Bayrağımız müstəqilliyimizin və dövlətçiliyimizin rəmzidir”, Naxçıvan Dövlət Tarix Muzeyinin elmi işçisi Aygün Mürşüdova “Bayrağımız qürur mənbəyimizdir” mövzularında çıxış ediblər.
Sonra Azərbaycan Respublikasının Dövlət Bayrağını tərənnüm edən şeirlər bədii qiraət olunub.
Xəbərlər şöbəsi