Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyi ilə əlaqədar silsilə tədbirlər keçirilir.

     Dünən Naxçıvan Dövlət Tarix Muzeyində Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyinə həsr olunmuş tədbir keçirilmişdir.     

     Tədbiri giriş sözü ilə muzeyin direktoru Nizami Rəhimov açaraq “Naxçıvanın muxtariyyəti tarixi nailiyyətdir” mövzusunda məruzə ilə çıxış etmişdir. Bildirilmişdir ki, Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikası çox mürəkkəb, çətin və kəşməkəşli tarixi inkişaf yolu keçmişdir. Vaxtilə coğrafi cəhətdən Azərbaycanın mərkəzi ərazilərindən olan Naxçıvan XX əsrin əvvəllərində Azərbaycandan ayrı düşmüş, onunla sərhədi ləğv olunmuşdur. Erməni daşnakları böyük güclərin dəstəyi ilə yaranmış bu şəraitdən yararlanaraq Naxçıvanı işğal etməyə çalışmışlar. Lakin qəhrəman naxçıvanlıların mərdlik və igidliklə apardıqları mübarizə məkrli düşmənlərin arzularının reallaşmasına imkan verməmişdir. Naxçıvan diyarının əhalisi heç vaxt özünü Azərbaycan­dan ayrı təsəvvür etməmiş və 1921-ci ilin yanvarında keçirilən rəy sorğusunda mahalın

muxtar respublika hüququnda Azərbaycanın tərkibində qalmasına səs verilmişdir.

     Qeyd olunmuşdur ki, Naxçıvanın Azərbaycanın tərkibində qalmasında görkəmli diplomat Behbud ağa Şahtaxtinskinin böyük əməyi və xidməti olmuşdur. Onun təklifi, Türkiyə tərəfinin tələbi ilə Naxçıvan üzərində Azərbaycanın suverenliyinin təmin edilməsinə və ən nəhayət, Naxçıvan əhalisinin apardığı inadlı mübarizə Naxçıvanın Azərbaycanın tərkibində qalmasına səbəb olmuşdur. Güney Qafqaz respublikaları ilə Türkiyə arasında 1921-ci ildə imzalanan Qars müqaviləsi Naxçıvanın ərazi mənsubiyyəti məsələsini bir daha təsdiqləmiş və onun sərhədlərini qəti surətdə müəyyənləşdirmişdir. Vurğulanmışdır ki, ötən əsrin sonlarında, Naxçıvanda ictimai-siyasi proseslərin gərginləşdiyi bir dövrdə Qars müqaviləsi ümummilli lider Heydər Əliyev tərəfindən yenidən gündəmə gətirilmiş, regionun təhlükəsizliyinin təmin edilməsində bu sənəd mühüm əhəmiyyət kəsb etmişdir.

     Tədbirdə Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin şöbə müdiri Gülbuta Babayevanın “Naxçıvan Muxtar Respublikasının 90 illiyinin dövlət səviyyəsində qeyd olunması və 2014-cü ilin Naxçıvan Muxtar Respublikasında “Muxtariyyət ili” elan olunması tarixi hadisədir”, Heydər Əliyev Muzeyinin direktoru Ramil Oruc­əliyevin “Ulu öndər Heydər Əliyev və Naxçıvanın muxtariyyəti”, Naxçıvan Muxtar Respublikası Ədəbiyyat Muzeyinin direktoru Aləmzər İbrahimovanın “Naxçıvan mədəniyyəti və ədəbiyyatı muxtariyyət illərində” mövzularında məruzələri dinlənilmişdir.

     Tədbirdə Naxçıvan Qızlar Liseyinin şagirdlərinin ifasında ədəbi-bədii kompozisiya nümayiş etdirilmişdir. 

     Sonda tədbir iştirakçıları muzeydə yeni hazırlanmış “Naxçıvan Muxtar Respublikası – 90” adlı sərgiyə baxmışlar.

Xəbərlər şöbəsi

 Naxçıvan şəhəri, İstiqlal küçəsi 92

 

 tarixmuzeyi@nakhchivan.az 

 

(+994 36) 545 01 39

 

(+994 36) 545 01 36

 

110926
Bugün
Dünən
Bu həftə
Bu ay
Ümumi
34
100
134
664
110926

© 2020 Bütün hüquqlar qorunur. Dizayn və proqramlaşdırma Nakhinternet