MƏQALƏLƏR

Tarix – diyarşünaslıq muzeylərinin yaranması və fəaliyyəti

    “Azərbaycanın qədim və zəngin tarixə, mədəniyyətə və çoxəsrlik dövlətçilik ənənələrinə malik olan Naxçıvan diyarı mürəkkəb və çətin inkişaf yolu keçmişdir. Naxçıvan dünya sivilizasiyasına dəyərli töhfələr vermişdir”

Heydər Əliyev

        Naxçıvan Azərbaycan torpağının ayrılmaz, qədim guşələrindən, sahələrindən biri olub, mədəniyyət, ədəbiyyat, elm, incəsənət mərkəzidir. Bu qədim diyar, ölkə tarixi və mədəniyyət abidələri, muzeyləri, ziyarətgahları, möhtəşəm qalaları, əfsanəvi gözəlliyi, Azərbaycan mədəniyyət və incəsənətinə, elminə bəxş etdiyi böyük simaları, yüksək səviyyəli dövlətçilik qabiliyyətinə malik olan görkəmli şəxsiyyətləri ilə haqlı olaraq fəxr edir.

      XII əsr memarlıq məktəbinin banisi və yaradıcısı Əcəmi Əbubəkir oğlu Naxçıvani, şairə Qönçəbəyim xanım və Heyran xanım, görkəmli maarifçi-mütəfəkkir M.T.Sidqi, Azərbaycan realist rəssamlıq məktəbinin banisi B.Kəngərli, qüdrətli qələm sahibləri C.Məmmədquluzadə, H.Cavid, M.S.Ordubadi, M.Şahtaxtlı, Ə.Qəmküsar, dünya şöhrətli alim, akademik Y.Məmmədəliyev, böyük hərbi sərkərdə C.Naxçıvanski, XX əsr Azərbaycanın görkəmli ictimai-siyasi, dövlət xadimi, dünya şöhrətli şəxsiyyət, xalqımızın ümummilli lideri, müstəqil Azərbaycan Dövlətinin banisi və memarı Heydər Əlirza oğlu Əliyev və bir çox şəxsiyyətlər bu torpaqda-Naxçıvanda dünyaya göz açmış, yaşayıb-yartmış, fəaliyyət göstərmişlər.

     Azərbaycan mədəniyyətinin, ədəbiyyat və incəsənətinin, elminin, tarixinin, zəngin maddi və mənəvi sərvətlərinin, məişət və folklorunun, bütövlükdə mədəni xəzinəsinin toplanması, mühafizə edilərək öyrənilməsində və yayılması işində digər mədəniyyət, elm və təhsil müəssisələri ilə muzeylərin də rolu əvəzsizdir.

      Muzeylər insanların ictimai-iqtisadi inkişafında əldə etdikləri, yaratdıqları maddi və mənəvi sərvətlərin toplandığı, qorunub mühafizə edildiyi, öyrənildiyi və gələcək nəsillərə çatdırıldığı mədəniyyət, elm-maarif müəssisələridirlər. Eləcə də muzeylər hər bir fərdin, bütövlükdə cəmiyyətin dünyagörüşünün formalaşmasında və inkişafında, onların mədəni, mənəvi və bədii tərbiyəsində çox əhəmiyyətli işlər aparırlar.

      Qeyd etməyi lazım bilirk ki, Naxçıvanda muzey işi, muzeylərin yarıdılmasına təşəbbüs göstərilməsi, XIX əsrin sonlarında böyük mütəfəkkir, demokrat yazıçı, müəllim Cəlil Məmmədquluzadə tərəfindən onun müəllimlik etdiyi Nehrəm kəndində təşkil edilmişdir.

     Cəlil Məmmədquluzadənin görkəmli və yorulmaz tədqiqatçısı akademik İsa Həbibbəyli: “Cəlil Məmmədquluzadə, bəlkə də, Azərbaycanda birinci dəfə olaraq 1896-cı ildə Nehrəm məktəbində tarix (tarix-diyarsünaslıq N.R.) muzeyi yaratmış, bu muzeydə Azərbaycan tarixinin müxtəlif dövrlərinə dair materialların toplanmasına nail olmuşdur”.

    Azərbaycanda, eləcə də onun ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikamızda  elmin, mədəniyyətin inkişafı, mədəniyyət müəssisələrinin, muzeylərin - xüsusilə ev-xatirə muzeylərinin, tarix-diyarşünaslıq muzeylərinin yaradılması, təşkil edilməsi, onların maddi-texniki bazasının möhkəmlən-dirilməsi, eksponatlarla komplektləşdirilməsi, elmi və bədii, zəngin ekspo-zisiyalar yaradılması, ixtisaslı kadrlarla təmin olunmasına xüsusi diqqət və qayğı göstərilməsi ümummilli liderimiz, müstəqil Azərbaycan dövlətimizin qurucusu və memarı Heydər Əliyevin respublikamıza rəhbərliyi dövründə geniş vüsət almışdır.

        Heydər Əliyevin Azərbaycana rəhbərliyi dövründə - 1980-ci ildə onun böyük təşkilatçılıq səyi ilə muzeylər haqqında xüsusi qərar qəbul edilmişdir. Qərarda xüsusi olaraq vurğulanmışdır ki, Azərbaycanın bütün rayon və şəhərlərində ölkəşünaslıq, tarix-diyarşünaslıq muzeyləri yaradılmalıdır. Çünki bu muzeylər ayrı-ayrı rayonların, bütövlükdə respublikamızın milli-mənəvi, mədəni sərvətlərinin, dəyərlərinin üzə çıxarılması, toplanması, elmi cəhətdən araşdırılması, tədqiq edilməsi, hazırkı və gələcək nəsillərə çatdırılması işində faydalı və böyük əhəmiyyət kəsb edir.

       Azərbaycan Respublikası muzey işçilərinin 1982-ci ildə keçirilmiş müşavirəsində Heydər Əliyev respublikada muzey işinin, muzeyşünaslığın daha da inkişaf etdirilməsini, təkmilləşdirilməsini, tarix-diyarşünaslıq (ölkəşünaslıq) muzeylərinin əhəmiyyətini qeyd edərək demişdir:

      “Muzeylər mühüm mədəniyyət ocaqlarına, zəhmətkeşlərin, xüsusən cavan nəslin ideya-siyasi mənəvi tərbiyəsinin mərkəzinə çevrilmişdir...

      Muzeylər söz yox ki, hər bir vətəndaşın öz diyarının, kəndinin tarixinə bələd olması üçün də vəsilədir. Bir sözlə tarix-diyarşünaslıq muzeyləri təşkil etməyin zəruriliyi göz qabağındadır”.

       Keçən əsrin 20-30-cu illərində Azərbaycanın yalnız bir neçə şəhər və rayonlarında – Naxçıvan, Gəncə, Şəki, Lənkəran və başqa yerlərdə tarix-diyarşünaslıq (ölkəşünaslıq) muzeylərin mövcud olduğu halda əsrin 70-ci illərində artıq respublikamızda (Azərbaycan Respublikası nəzərdə tutulur) tarix-diyarşünaslıq, ev -xatirə muzeylərinin geniş şəbəkəsi yaradılmış və fəaliyyətə başlamışdır. Eləcə də görkəmli şəxsiyyətlərin- alimlərin, mədəniyyət, ədəbiyyat, dövlət xadimlərinin xatirə muzeyləri təşkil edilmişdir.

       Azərbaycanın müstəqilliyinin ilk illərində iqtisadi, ictimai-siyasi vəziyyət hələ tam qaydada olmasa da o dövrdə Prezident Heydər Əliyevin göstərişi, tapşırığı ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xətti ilə muzey işlərinin geniş müşavirəsi keçirilmişdir. Müşavirədə muzeylərin fəaliyyətinin daha da yaxşılaşdırılması sahəsində çox mühüm qərar qəbul edilmiş, vəzifələr müəyyənləşdirilmişdir. Bütün bu tədbirlər Naxçıvan Muxtar Respublikasında da muzey işinin təşkilinə və yenidən qurulmasına əsaslı təsir göstərmişdir. Həmin illərdə və sonrakı illərdə Naxçıvan Muxtar Respublikasının bütün rayon və şəhərlərində tarix-diyarşünaslıq muzeyləri, Ordubad şəhərində M.S.Ordubadi-nin, Y.Məmmədəliyevin, Naxçıvan şəhərində H.Cavidin, C.Naxçıvanskinin ev-xatirə muzeyləri, Naxçıvan şəhərində ümummilli liderimiz Heydər Əliyevin, Azərbaycanın ilk realist rəssamı Bəhruz Kəngərlinin muzeyləri, Naxçıvan Dövlət Xalça, Naxçıvan “xatirə”, Cəlilkənddə, Nehrəmdə Cəlil Məmmədqulu-zadənin xatirə muzeyləri, ali və orta ixtisas təhsili müəssisələrində, orta məktəblərdə çoxlu sayda muzeylər yaradılmışdır.

        Qeyd etmək lazımdır ki, son illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisi rəhbərliyinin sədri Vasif Talıbovun qayğısı və diqqəti nəticəsində Muxtar Respublikamızda yeni muzeylər inşa edilmiş, mövcud muzeylər bərpa və təmir olunmuş, lazımi inventar və avadanlıqlarla təmin olunaraq eksponatlarla zənginləşdirilmişdir. Bütün bu tədbirlər adamlarımızın-ziyalılarımızın, gənclərimizin, hərbiçilərimizin, məktəblilərimizin muzeylərə marağının daha da artmasına kömək edir, mənəvi-əxlaqi, bədii-estetik tərbiyənin formalaşması və zənginləşməsinə müsbət təsir göstərir.

        Xalqımızın ümummilli lideri Heydər Əliyevin dediyi kimi: “Milli ənənələrimizin nə qədər dəyərli olduğunu dünyaya gələn yeni nəsillərə çatdırmaq və onları bu ənənələr əsasında tərbiyə etmək üçün muzeylər lazımdır”.

      Bu mənada təbii ki, Naxçıvan Muxtar Respublikamızda geniş surətdə fəaliyyət göstərən muzeylərin xüsusilə tarix-diyarşünaslıq (ölkəşünaslıq) muzeylərinin, görkəmli şəxsiyyətlərin həyat və fəaliyyətinə həsr olunmuş, ev-xatirə muzeylərinin işini təhlil etmək, elmi-nəzəri və əməli cəhətdən araşdırmağı qarşısına məqsəd qoymuşdur. Müəllif “Naxçıvan Muxtar Respublikasında tarix-diyarşünaslıq (ölkəşünaslıq) muzeylərinin yaranması və fəaliyyəti” mövzusunda əsərində özünün çoxillik mədəniyyət və muzey işi sahəsində fəaliyyətinə əsaslanaraq bu mövzunu işləməyi zəruri hesab edir. Düzdür, Naxçıvan Muxtar Respublikasında müxtəlif profilli muzeylərin fəaliyyətinə aid jurnallarda, qəzetlərdə yazılar, məqalələr dərc edilmişdir. Burada isə qeyd olunduğu kimi tarix-diyarşünaslıq (ölkəşünaslıq) muzeylərinin yaranma tarixi, fəaliyyəti, əhəmiyyəti və xüsusilə müstəqillik illərində xalqımızın elmi və bədii dünyagörüşünün, bədii-estetik, mənəvi-əxlaqi inkişafında onların çoxsahəli xidmət işini göstərməkdir.

      Diyarşünaslıq (ölkəşünaslıq) muzeyləri insanların öz ölkəsinin, diyarının tarixi keçmişini öyrənməklə bərabər, adamlarda vətənpərvərlik hissinin tərbiyə olunması, doğma vətənə məhəbbət, sevgi hissləri aşılamaq və başqa əlamətləri öyrədir.

      Naxçıvan Muxtar Respublikamızda muzey işi və muzeyşünaslığın öyrənilməsi sahəsində zəngin tərcübə əldə edilmiş, geniş muzey şəbəkəsi yaradılmışdır. Bu ənənələr bu gün də daha geniş miqyasda həyata keçirilir və inkişaf etdirilir.

      Hazırda Naxçıvan Muxtar Respublikamızın şəhər, rayon, qəsəbə və kəndlərində Naxçıvan Muxtar Respublika Mədəniyyət və Turizm Nazirliyinin yüksək səviyyəli, zəngin eksponatları olan muzeyləri vardır. C.Məmmədqulu-zadə adına Naxçıvan Muxtar Respublikası Ədəbiyyat Muzeyi, Tarix Muzeyi, Naxçıvan şəhərində Heydər Əliyev Muzeyi, Bəhruz Kəngərli Muzeyi, Hüseyn Cavidin, Cəlil  Məmmədquluzadənin, Cəmşid Naxçıvanskinin ev-muzeyləri, Naxçıvan Dövlət Xalça Möminə Xatun türbə ekspozisiya muzeyi, Açıq Səma Altında Muzeyi, Naxçıvan Xatirə Muzeyi, Naxçıvan Dövlət Rəsm Qalereyası, Şərur rayonunda tarix-diyarşünaslıq muzeyi, Cəlilkənddə Cəlil Məmmədquluza-dənin Xatirə muzeyi, Babək rayonunda tarix-diyarşünaslıq muzeyi, Nehrəm kəndində Cəlil Məmmədquluzadənin Xatirə muzeyi, Ordubad rayon tarix-diyarşünaslıq muzeyi, M.S.Ordubadinin, akademik Y.Məmmədəliyevin ev muzeyləri, Culfa, Şahbuz, Sədərək rayonlarında tarix-diyarşünaslıq muzeyləri fəaliyyət göstərir və insanlara muzey vasitəsilə muzeydə və muzeydənkənar yerlərdə xidmət edirlər. Eləcə də Naxçıvan Dövlət Universitetində “Universitet dünyası” muzeyi, Naxçıvan Poliklinikasında görkəmli alim, akademik Zərifə xanım Əliyevanın xatirəsinə həsr edilmiş muzey, Naxçıvan Rəssamlar Birliyi, Bəhruz Kəngərli adına sərgi salonu, Naxçıvan Müəllimləri Təkmilləşdirmə İnstitutunda “Pedaqoji biliklər” muzeyi var. Fəaliyyət dairəsi və xidmət işi çoxsahəlidir. Bu muzeylərə il ərzində yüzlərlə, minlərlə tamaşaçı daxil olur, ekspozisiyalardan, sərgilərdən faydalanırlar.

       Naxçıvanın muzeylərinin işi ilə ayrı-ayrılıqda tanış olmaq məqsədəuyğun hesab edilir.

    

Ordubad Rayon Tarix-Diyarşünaslıq Muzeyi

     1981-ci ildən XVIII əsr Cami məscidində fəaliyyətə başlayan Ordubad rayon tarix-diyarşünaslıq muzeyi qədim və zəngin maddi, mənəvi nümunələrə malik olan (ümummilli liderimiz H.Əliyevin sözləri ilə desək “Ordubad Azərbaycanın incisidir”)  rayonun tarixinin öyrənilməsi baxımından çox əhəmiyyətlidir. 1990-cı ildə muzey Ordubad şəhərinin mərkəzində XVI əsrdə inşa edilmiş “Qeysəriyyə” adlanan, Şərq bazarı kimi fəaliyyət göstərən, sonralar (XIX əsr nəzərdə tutulur) “Zorxana” adlanan milli, memarlıq cəhətdən nəzər- diqqəti cəlb edən binaya köçürülmüşdür. Muzeyin ekspozisiyası şərti olaraq bir neçə bölmədə qurulmuşdur. Ekspozisiyada yüksək səviyyədə tərtibat işləri aparılmışdır. Muzeyin fondunda və ayrı-ayrı ekspozisiyalarda 4000 –dən çox eksponat mühafizə olunaraq nümayiş etdirilir. Muzeydə mövcud guşələrdən biri ümummilli liderimiz, müstəqil Azərbaycanın qurucusu və memarı H.Əliyevə həsr edilmişdir. Muzeydə tərtibat işləri xronoloji ardıcıllıqla qurulmuşdur.  I bölmədə nümayiş etdirilən, “Xaraba Gilan”a həsr edilmiş guşədə  rəssam Cabbar Cabbarov tərəfindən zövqlə hazırlanmış maket-model muzeyə gələn tamaşaçıların diqqətini cəlb edir. “Gəmiqaya” arxeoloji abidəsinə həsr edilmiş  qayaüstü rəsmlərə aid materiallar bu diyarın tarixini əks etdirir. Muzeyin ekspozisiyalarında rayonun müxtəlif yerlərindən (şəhər və kəndlər nəzərdə tutulur) toplanmış materiallar-kənd təsərrüfatı əşyaları, məişət əşyaları, sənətkarlıq nümunələri, geyim əşyaları, hərbi alətlər, toxuculuq nümunələri və başqa eksponatlar nümayiş etdirilir. Digər bir guşədə rayonun və muxtar respublikanın mədəni, elmi həyatında xüsusi xidmətləri olan şəxslər haqqında qiymətli materiallar toplanmışdır. Dünya şöhrətli alim Y.Məmmədəliyev, böyük yazıçı M.S.Ordubadi, məhşur müəllim- alim M.T.Sidqi və başqlarının həyat və fəaliyyətindən yaradıcılığından bəhs edən eksponatlar (fotolar, kitablar, elmi əsərlər, xatirə əşyaları) muzeyə gələn tamaşaçılarda zəngin və maraqlı təəssüratlar yaradır.

    Müstəqillik illərini əks etdirən ekspozisiya rayonun sosial-iqtisadi inkişafına, quruculuq və bərpa işlərinə həsr edilmişdir.

      Tamaşaçı rəyi (xarici qonaq):

     “Dünyanın bir çox muzeylərində olmuşam. Bu kiçik rayonda, bu tarix diyarşünaslıq muzeyində gördüklərim mənə ayrı təsir bağışladı. Öz doğma torpağının tarixinə, mədəniyyətinə belə münasibəti alqışlamamaq mümkün deyildir”.

       Muzey əməkdaşları rayon əhalisinə göstərilən muzey xidməti sahəsində səmərəli işlər aparırlar. Onlar muzeydə və muzeydənkənar elmi-kütləvi tədbirlər keçirir, eksponatlar, sərgilər nümayiş etdirirlər. Bu işdə muzey rəhbərlərinin əməyi və yorulmaz fəaliyyəti xüsusi qeyd olunmağa layiqdir.     

   

      Şərur Rayon Tarix-Diyarşünaslıq Muzeyi

    1984-cü ildə Şərur rayon tarix–diyarşünaslıq (ölkəşünaslıq) muzeyi Azərbaycan hökumətinin müvafiq qərarı ilə yaradılmışdır. Muzey əməkdaşları ilk günlərdən fondun və ekspozisiyanın komplektləşdirilməsi məqsədilə rayonun kəndlərində olmuş əhalidən muzeyin profilinə uyğun materiallar toplamaqla muzeyi zənginləşdirmişlər. Məqsəd bu bölgənin, regionun tarixi keçmişinə, bu gününə aid maddi-mədəniyyət nümunələrinin,  məşğulluq sahələrinə aid materialların toplanması, öyrənilməsi olmuşdur. Çünki elmi- maarif müəssisələri olmaq etibarilə muzeylər tarix-diyarşünaslıq muzeyləri mövcud olduğu bölgənin aynası funksiyasını yerinə yetirməklə muzeyə gələn tamaşaçıya hərtərəfli bilik verməlidir. Bu cəhətdən Şərur rayon tarix-diyarşünaslıq muzeyinin özünəməxsusluğu vardır. Muzey ekspozisiyası 13 bölmə vasitəsilə muzeyə gələn tamaşaçıları məlumatlandırır. 2007-ci ilin II yarısınadək muzeydə eksponatların sayı 7000-i ötmüşdür. Qeyd olunmalıdır ki, eksponatların mühafizəsi, saxlanması muzey təlimatına uyğun aparılır. Muzeydə və muzeydənkənar mədəni-kütləvi tədbirlərin keçirilməsi işində  muzey əməkdaşları fəallıq göstərərək səmərəli iş aparırlar. Eksponat və ekspozisiyaların bir neçəsinə müraciət edək:

       Eramızdan əvvəl II-III minilliklərə aid məişət əşyaları, orta əsrlərə aid xalçaçılıq sənəti, bəzək, məişət, kənd təsərrüfatı, aşıq sənəti və s.nümunələri muzeyə gələn tamaşaçılara bu qədim diyar haqqında çox şey deyir. Muzeyin görüntülü guşələrindən biri xalqımızın ümummilli lideri H.Əliyevə həsr edilmişdir. Burada onun 2002-ci ildə Şəruru rayonuna gəlişi materiallar, fotolar, sənədlər vasitəsilə təsvir edilir. Rayonun sosial- iqtisadi inkişaf guşəsi, torpaqlarımızın bütövlüyü uğrunda şəhid olmuş mərd və fədakar qəhrəmanlarına həsr olunmuş guşə, əmək adamlarına, görkəmli şəxsiyyətlərə, elm və mədəniyyət adamlarına həsr edilmiş ekspozisiyalar öz zənginliyi ilə fərqlənir. Bir sözlə muzeydə hər bir eksponat Şərur torpağının keçmişi və bugünü haqqında tamaşaçılara ətraflı məlumat verir. Ekspozisiyada “Təbiətşünaslıq”, “Etnoqrafiya”, “Arxeologiya”, “Şəhidlər”, “Böyük Vətən Müharibəsi”, “Müstəqillik”, “Azərbaycan”, “Naxçıvan Muxtar Respublikası”, “Mədəniyyət”, “Alimlər” və başqa bölmələr rayon zəhmətkeşlərinə muzey xidməti göstərir.

     Rəy kitabından məlum olur ki, muzeyə müxtəlif yerlərdən vaxtaşırı qonaqlar gəlir. Məsələn, 2005-2006-cı illərdə MDB ölkələrindən, Türkiyədən, İran İslam Respubliksından, Amerikadan, Fransadan, Şimali və Cənubi Koreyadan eləcə də paytaxtımız Bakı şəhərindən və Azərbaycanın digər rayonlarından çoxlu tamaşaçılar muzeyi ziyarət etmişlər.

     Şərur rayonunda tarix-diyarşünaslıq muzeyinin yaradılması və fəaliyyəti rayonun tarixinin, mədəniyyətinin, məişətinin bir sözlə mövcudluğunun öyrənilməsi baxımından çox dəyərlidir.

     Babək Rayon Tarix-Diyarşünaslıq Muzeyi

   Naxçıvan (Azərbaycan Respublikası) tərkibində Babək rayonunun yaradılmasının ictimai-siyasi, iqtisadi, mədəni həyatında mühüm tarixi hadisə kimi qiymətləndirilməlidir. Bu rayon ümummilli liderimiz H.Əliyevin Azərbaycana rəhbərlik etdiyi illərdə- 1979-cu ildə yaradılmışdır. Rayonun tarixi keçmişini, iqtisadi, mədəni göstəricilərini, bu gününün öyrənilməsi işində muzeylərin, kitabxanaların əhəmiyyəti baxımından Babək qəsəbəsində tarix-diyarşünaslıq (ölkəşünaslıq) muzeyinin yaradılması məqsədəuyğun hesab edilmişdir. Muzey Azərbaycan hökumətinin 1981-ci il tarixli qərarı ilə təşkil edilmişdir.

      Muxtar Respublikamızın bütün rayonlarında olduğu kimi Babək rayon tarix- diyarşünaslıq muzeyi də dövlət qayğısı ilə əhatə olunmuşdur. Muzey üçün hər bir şəraiti olan bina tikilmiş, geniş ekspozisiya, eksponatların qorunub mühafizə edilməsi məqsədilə fond otağı, ekspozisiya–sərgi salonu və digər otaqlar ayrılmışdır.

     Hazırda muzeydə 3780-ə yaxın eksponat qorunub saxlanaraq ekspozisiyalar, daimi və səyyar sərgilərlə nümayiş etdirilir, onlar haqqında əhaliyə ətraflı məlumat verilir.

    Ekspozisiyada ümummilli liderimiz, müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı H.Əliyevə həsr edilmiş guşə yaradılmışdır. Guşədə müxtəlif sənədlər, fotolar, kitablar, qəzetlər, jurnal materialları nümayiş etdirilir.

    Ekspozisiya yeddi bölmə üzrə tərtib edilmişdir. Ekspozisiyada tarixilik baxımından çox qiymətli və zəngin eksponatlar nümayiş etdirilir. Kültəpə, Vayxır, Böyük düz, Çalxanqala və başqa kəndlərin ərazisində gəzinti ekspedisiya zamanı aşkar edilmiş əşyalar vardır. Qəbirlərdən tapılmış gil qablar, toqqa, əmək alətləri, sümük bizlər, oraq dişləri, ox ucluqları, kasa, nimçə qırıqları və digər məişət əşyaları eyni zamanda milli geyim nümunələri, yun corablar, bədii tikmələr, baş örtükləri, arxalıqlar, bəzək əşyaları, qolbağlar, sırğalar və başqaları tamaşaçıların maraqla baxdığı eksponatlardır. Bölmələrdə qədim musiqi alətləri, kənd təsərrüfatı alətləri, əmək alətləri nümayiş etdirilir.

     “Torpaq uğrunda ölən varsa Vətəndir” guşəsində Qarabağda, Sədərəkdə döyüşlərdə həlak olmuş şəhidlərimizə, Böyük Vətən Müharibəsində qəhrəmanlıqla vuruşmuş mərd övladlarımıza aid müxtəlif sənədlər, fotolar nümayiş etdirilir. Muzey əməkdaşları muzeydə və muzeydənkənar keçirdikləri mədəni-kütləvi tədbirlər vasitəsilə qəsəbə və kənd əməkçilərinə, məktəblilərə və digər qurup tamaşaçılara nümunəvi xidmət göstərməyə səy edirlər. Eləcə də fondun zənginləşdirilməsi və komplektləşdirilməsi məqsədilə toplama işləri aparılır.

    Culfa  Rayon Tarix-Diyarşünaslıq Muzeyi

   Culfa rayon tarix-diyarşünaslıq muzeyi 1981-ci ildə Azərbaycan hökumətinin müvafiq qərarı ilə yaradılmışdır. Məqsəd rayonda mövcud maddi mədəniyyət nümunələrinin gələcək nəsillərə ərmağan edilməsi, ayrı-ayrı kəndlərdə olan tarixi, mədəni memarlıq abidələrinin öyrənilib aşkar edilməsi, onlarda bərpa işləri aparılması və tarixinin müəyyənləşdirilməsidir. Eləcə də müasir dövrdə rayonun, bölgənin, iqtisadi-sosial inkişafın və kənd təsərrüfatı, mədəni quruculuq işlərinin əsas istiqamətlərini öyrənib materiallar toplamaq, ekspozisiyalar, sərgilər təşkil etmək, onlar haqqında muzeyə gələn tamaşaçıları məlumatlandırmaq əsas vəzifələrdən biridir.

     Muzeyin ekspozisiyası dörd bölmədə təsvir olunur. Ardıcıllıqla tərtib olunmuş birinci bölmədə rayonun, bölgənin daş və mis dövrü, ikinci bölmədə arxeologiya və etnoqrafiya, üçüncü bölmədə toxuculuq, kənd təsərrüfatı abidələri, məişət nümunələri, dördüncü bölmədə müasir dövrü əks etdirən eksponatlar nümayiş etdirilir. Fəaliyyəti dövründə muzeyin əməkdaşları toplama işləri aparmış, fondun daha zənginləşdirilməsinə səy göstərmişlər. Hazırda muzeyin ekspozisiya və saxlama otaqlarında 3000-dən çox eksponat mövcuddur.

       Ekspozisiyada xalçaçılıq sənəti nümunələri də diqqəti cəlb edir. XVIII-XIX əsrlərə aid 40-dan çox xalça nümunələri, kilim, cecim, xurcun, heybə, corablar nümayiş etdirilir. Müasir dövrə aid təşkil edilmiş ekspozisiyada xalqımızın müstəqillik illərində əldə etdiyi naliyyətlərə aid sənədlər, materiallarla yanaşı Qarabağ və Sədərək şəhidlərinə həsr edilmiş guşələr də tərtib edilmişdir.

     Muzeyin sərgi salonu kimi fəaliyyət göstərən foyesində ümummilli liderimiz Heydər Əliyevin 80 illiyinə həsr edilmiş sərgi-stend yaradılmışdır. Sərgidə müstəqil Azərbaycan qurucusu və memarı, 1969-2003-cü illərdə Azərbaycana rəhbərlik etdiyi illərdə ölkəmizin ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni həyatında və başqa sahələrdə geniş miqyaslı fəaliyyəti fotolar, zəngin sənədlər vasitəsilə əks olunur.

     Culfa rayonunda tarix-diyarşünaslıq muzeyinin yaradılması rayonun mədəni həyatında əhəmiyyətli bir hadisədir.

      Şahbuz Rayon Tarix-Diyarşünaslıq Muzeyi

     Şahbuz rayon tarix-diyarşünaslıq muzeyi 1981-ci ildə Azərbaycan hökumətinin qərarı ilə yaradılmışdır. Son illərdə muzey üçün hər cür şəraiti olan yeni bina ayrılmış, ekspozisiya tematik plan əsasında yenidən tərtib olunmuşdur. 2007-ci ilin əvvəlinə muzeydə 3600-ə yaxın eksponat mövcuddur. Fondda saxlanılan, ekspozisiyada nümayiş etdirilən eksponatlar, maddi mədəniyyət nümunələri rayonun ərazisini, onun tarixini əks etdirir. Eksponatların, əşyaların toplanması, muzeyə verilməsi, muzey əməkdaşlarının və kənd əməkçilərinin yaxından iştirakı ilə həyata keçirilmişdir. Muzeyin ekspozisiyası xronoloji ardıcıllıqla tərtib edilmişdir. Burada qədim məişət əşyaları, etnoqrafiya, misgərlik nümunələri, müxtəlif əmək alətləri, xalçaçılıq nümunələri, yun toxumalar və b.eksponatlar nümayiş etdirilir. Ekspozisiya şərti olaraq dörd bölməyə ayrılır. Birinci bölmə arxeologiya, ikinci bölmə orta əsrlər, üçüncü bölmə təbiət, dördüncü bölmə müasir dövr adlanır.

Arxeologiya bölməsində daş dövrünə, misgərlik dövrünə aid eksponatlar- daş həvəngdəstə, su təhnəsi, tunc bəzək əşyaları, müxtəlif dəmir məmulatları, mis qablar, xəncərlər, çaxmaq daş, ovçuluğa aid alətlər, təbiət bölməsində təbiətşünaslıq, rayon ərazisində bitən bitki nümunələri və b. eksponatlar nümayiş etdirilir. Nümayiş olunan eksponatların tarixi dövrünü bildirən etiketlərlə, matlarla göstərilir.

Ekspozisiyada rayonun yaxın keçmişi, bu gününə həsr edilmiş guşədə mədəniyyət, elm, təhsil, səhiyyə, kənd təsərrüfatı sahəsində əldə edilən nailiyyətlər faktlarla, rəqəmlərlə göstərilir.

Muxtar Respublikada fəaliyyət göstərən digər muzeylərdə olduğu kimi Şahbuz rayon tarix-diyarşünaslıq muzeyində də ümummilli liderimiz Heydər Əliyevə xüsusi guşə-stend yaradılmışdır. Burada müstəqil Azərbaycan Respublikamızın yaradıcısı, xalqımızın fəxri Heydər Əliyevin rəhbərliyi illərindən bəhs edən sənədlər, fotolar əks olunur.

Muzey əməkdaşları təşkil etdikləri mədəni-kütləvi tədbirlər, səyyar sərgilər vasitəsilə rayon əhalisinə mövcud eksponatlar haqqında məlumatlar verirlər.

Şahbuz rayon tarix-diyarşünaslıq muzeyinin yaradılması rayonun elmi, mədəni, iqtisadi həyatında çox böyük hadisə kimi qiymətləndirilməlidir.

   Sədərək  Rayon Tarix-Diyarşünaslıq Muzeyi

     Sədərək rayonu Muxtar Respublikada son illərdə yaradılan rayonlardandır. Bu rayonun yaradılması bir çox zərurətlərdən irəli gəlmişdir. Çünki Sədərək kəndi (hazırda Sədərək rayonu) tarixi keçmişi və coğrafi ərazi mövqeyi cəhətdən sərhəddə yerləşdiyindən Azərbaycan Respublikasının, Naxçıvan Muxtar Respublikasının müdafiə istehkamıdır.

         Sədərəyin strateji mövqeyini və bölgənin sosial-iqtisadi inkişafını daha da sürətləndirməyi nəzərə alaraq Naxçıvan Muxtar Respublikasının ərazi bölgəsində dəyişiklik edilməsi məqsədilə Azərbaycan SSR Ali Sovetinin 2001-ci il 28 avqust tarixli fərmanı əsasında Sədərək rayonu yaradılmışdır.

     Rayonun təsis edildiyi, fəaliyyət göstərdiyi illər ərzində bütün sahələrdə quruculuq işlərinə başlanmışdır. Bu iş, mədəniyyət müəssisələrində də yan keçməmişdir.

    Azərbaycan Respublikası və Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2001-ci il tarixli qərarı ilə Heydərabad qəsəbəsində rayon tarix-diyarşünaslıq muzeyi yaradılmışdır. Muzeyin açılışı 2001-ci ildə olmuşdur. Ilk gündən muzey əməkdaşları fondun komplektləşdirilməsi, ekspozisiyalar yaradılması məqsədilə muzeyin profilinə uyğun eksponatlar toplamaq işlərinə başlamışlar.

     Muzeyin direktoru Novruz Əliyevin dediklərindən: “Rayonumuzda muzey yaradılması haqda danışmazdan əvvəl qeyd etmək istəyirəm ki, üç xarici dövlətlə həmsərhəd olan yaşadığımız torpaq (Sədərək rayonu) çox qədim tarixə malikdir. Qədim yazılı mənbəmiz olan “Kitabi Dədə Qorqud” dastanında və bir çox görkəmli alim, səyyah və coğrafiyaşünasların yazılarında adı çəkilən Sədərək ərazisindəki “Səhər yeri”, “Kültəpə”, “Karvansara”, “Devhörən”, “Fərhad arxı” kimi yerlərin olması qədim tariximizdən xəbər verir. Bu tariximiz vaxtilə yerli ziyalılarımızın diqqətini cəlb etmiş və onlar həmin tarixin yaradılması, gələcək nəsillərə çatdırılması üçün müxtəlif təşəbbüslər göstərmişlər. Bu təşəbbüslərin ən faydalısı isə rayonda tarix-diyarşünaslıq muzeyinin yaradılması olmuşdur.”

      2007-ci ildə muzeydə 1500 eksponat mövcuddur. Eksponatların əksəriyyəti rayonun, kəndin, muxtar respublikanın tarixini, mədəniyyətini, qədim sənətkarlıq nümunələrini və başqa sahələri əhatə edir.

     Muzeydə ümummilli liderimiz Heydər Əliyevə həsr edilmiş zəngin ekspozisiya yaradılmışdır. Ekspozisiya- guşədə H.Əliyevin çoxsahəli dövlətçilik, idarəçilik fəaliyyəti müxtəlif sənədlərlə əks etdirilir.

     Muzeyin ekspozisiya zalında nümayiş olunan  “Son tunc”, “ İlk dəmir dövrü” adlı bölmə rayonun qədim tarixindən xəbər verir. “Daş alətləri” bölməsində daş baltalar, çəkiclər, toxuculuq alətləri və digər eksponatlar nümayiş etdirilir. “Kənd təsərrüfat alətləri” bölməsində ağacdan düzəldilmiş nehrələr, vəl, kotan, xış, xəlbir, XX əsrə aid bölmədə qadın zinnət və bəzək əşyaları, müxtəlif silah alətləri, XIX-XX əsrlərə aid şəkillər, sənədlər, qırmızı taborçuların fotoşəklilləri, onlara aid yazılar, Sədərək muzeyinə məxsus 1818-ci ilə aid möhür də bu bölmədə nümayiş olunan eksponatlardandır. Muzeydə ulu nənələrimizin bir-birindən gözəl yaratdıqları milli naxışlı paltarlar, sandıqlar, kilim parçaları, toxuculuq alətləri, ağacdan yonulmuş nehrələr və b. əşyalar nümayiş etdirilir. “Şəhidlər” guşəsində Azərbaycanın Sədərək rayonunun ərazi bütövlüyü uğrunda şəhid olmuş igidlərin hünəri, fotoşəkillər, qəzet və digər mətbuat vasitələri ilə nümayiş etdirilir.

       Heydərəbad qəsəbəsində yaradılmış tarix-diyarşünaslıq muzeyi günü-gündən yeni eksponatlarla zənginləşəcək, rayonun, muxtar respublikanın mədəni həyatında nümunəvi bir mədəniyyət mərkəzinə çevriləcəkdir.

      Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Azərbaycanda muzey işinin yaxşılaşdırılması haqqında mart 2007-ci il tarixli sərəncamında Azərbaycanda muzeylərin fəaliyyətinin, muzey işinin müasir pirinsiplər əsasında dünya standartlarına müvafiq olaraq yenidən qurulmasını və muzey ekspozisiyalarının azərbaycançılıq məfkurəsinə uyğunlaşdırılmasının təmin edilməsi göstərilmişdir.

     Bu mənada, “Naxçıvan Muxtar Respublikasında tarix-diyarşünaslıq muzeylərinin yaranması və fəaliyyəti” mövzusunun işlənməsi müasir şəraitdə aktuallıq kəsb etdiyindən bu mövzunun gələcəkdə daha geniş materiallar əsasında yenidən tədqiqata cəlb edilməsini məqsədəuyğun hesb edirik.

 

                                                                                             Nizami Rəhimov

                             Naxçıvan Dövlət Tarix Muzeyinin direktoru, Naxçıvan

                            Muxtar Respublikasının Əməkdar Mədəniyyət işçisi

 

“Mədəni-Maarif” jurnalı-№10/11-2007 Bakı, səhifə-49-54

 

 

 Naxçıvan şəhəri, İstiqlal küçəsi 92

 

 tarixmuzeyi@nakhchivan.az 

 

(+994 36) 545 01 39

 

(+994 36) 545 01 36

 

082858
Bugün
Dünən
Bu həftə
Bu ay
Ümumi
16
27
97
881
82858

© 2020 Bütün hüquqlar qorunur. Dizayn və proqramlaşdırma Nakhinternet