MƏQALƏLƏR

Naxçıvanda muzey işinin tarixindən

       Bəşər tarixində xüsusi yeri olan XX əsr Azərbaycan xalqının həyatında da yaddaqalan dövr olmuşdur. Həmin yüzillik Azərbaycan xalqının öz dövlət müstəqilliyini əldə etməsi ilə əlamətdar olmuş, suveren dövlətimizin vətəndaşlarının öz tarixi keçmişini daha dərindən öyrənmələrini zəruri etmişdir.

   Keçmişi dərk etmək, xalqın maariflənməsinə fəal kömək göstərmək, onun özünəməxsus qədim tarixini təbliğ etmək, mənəvi və siyasi inkişafın mərhələlərini araşdırmaq, tarixi proseslərin qarşılıqlı əlaqəsini və ənənələrin nəsildən -nəslə ötürüldüyünü başa salmaq, cəmiyyətdə baş verən hadisələri layiqincə qiymətləndirmək- bütün bu işlərin həyata keçirilməsində muzeylərin rolu olduqca böyükdür.

    Muzeyşünaslıq və muzey işi məsələləri tarix elminin əsas sahələrindən biridir. Məlumdur ki, muzeylər qədim tarixə malikdir. Dünyanın bir çox ölkələrində muzey- tapıntılar ən uzaq keçmişdə meydana gəlmişlər. Artıq X-XI əsrlərdə Kiyev Rusunda ayrı-ayrı kolleksiyaçılar məlum idi. Elmi muzeylər isə Rusiyada XVIII əsrdə I Pyotrun zamanında meydana gəlmiş, sonralar isə bəzi kolleksiyalar öz zənginliyinə görə dünya əhəmiyyəti kəsb etmiş, bir çox Rusiya şəhərlərində muzeylər yaradılmışdır.

     Dünyanın bir çox ölkələrinə nisbətən Azərbaycan üçün yeni sahə olsa da  tarixdən məlumdur ki, muzey işinə respublikamızda XIX əsrin II yarısında təşəbbüs göstərilmiş, ayrı-ayrı şəxslər elmi, bədii əhəmiyyətli əşyalardan ibarət kolleksiyalar düzəltmişlər və çox məhdud dairədə olsa da onları zaman-zaman nümayiş etdirmişlər.

      Vaxtilə tarixi, mədəni irsin qorunub saxlanmasında, mühafizəsində və təbliğində muzeylərin rolunu lazımınca qiymətləndirən Naxçıvanın vətənpərvər övladları da muzey yaradılmasına təşəbbüs göstərmişlər. XIX əsrin sonlarında Naxçıvanın Nehrəm kəndində müəllim işləyərkən görkəmli yazıçı və dramaturq Cəlil Məmmədquluzadə öz həmkarları ilə birlikdə topladıqları arxeoloji , tarixi etnoqrafik materiallar vasitəsilə muzey yaratmağa təşəbbüs göstərmişdir. O zaman C.Məmmədquluzadə Xalq məktəbləri müdiriyyətinə məktubla müraciət edərək belə bir muzeyin məktəbdə açılmasına icazə verilməsini xahiş edir. Sonralar isə görkəmli yazıçı C.Məmmədquluzadə bu cür nəcib təşəbbüsünə görə Xalaq Məktəbləri müdiriyyətinin təşəkkürünü də almışdır.

      C.Məmmədqquluzadənin bu nəcib təşəbbüsü sonrakı onilliklərdə Naxçıvanda ayrı-ayrı ziyalıların, sadə peşə adamlarının muzey işinə maraqlarının artmasına və muzey əhəmiyyətli eksponatların kolleksiya halında toplanmasına, sonralar isə ev şəraitində muzey yaradılmasına gətirib çıxarmışdır.

     Ölkəmizdə ilk rəsmi dövlət muzeyi Azərbaycan Xalq Cümhuriyyəti dövründə, yəni 1919-cu il dekabrın 7-də Azərbaycan parlamentinin yaradılmasının ildönümü münasibətilə təşkil edilən “istiqlal” muzeyi olmuşdur.  Bakı şəhərində belə bir muzeyin yaradılması sonrakı illərdə Azərbaycanın müxtəlif şəhər və rayonlarında yeni-yeni muzeylərin yaradılması üçün nəyinki zəmin yaratmış, həmçinin vaxtilə bəzi şəxslərin həvaskar kolleksiyaçı kimi topladıqları arxeoloji etnoqrafik və digər muzey əhəmiyyətli eksponatlar vasitəsilə ev şəraitində muzey yaratmalarına təkan vermişdir.

       Naxçıvan şəhərində yaşayıb işləyən və yaşlı nəslə mənsub olan ziyalılardan Lətif Hüseynzadə, Səttar Məmmədov, Məmmədtağı müəllim və digərlərinin söhbət zamanı bildirdiklərinə görə hələ Azərbaycan Xalq Cümhuriyyəti dövründə Naxçıvan şəhərində sadə peşə adamı və ziyalı olan Balabəy Əlibəyov həvəskar kolleksiyaçı kimi muzey əhəmiyyətli saxsı və mis məişət əşyaları, xalça və xalça məmulatları, nümuzmatik materialları toplamış və sonrakı illərdə özünün şəxsi evində muzey yaratmışdır.

        Naxçıvan şəhər sakini, təqaüdçü Səttar Məmmədovun məlumatına görə Balabəy Əlibəyovun evi Naxçıvan şəhərinin mərkəzində əvvəlki Kirov, indiki Atatürk küçəsində yerləşən və son illərədək kommunal və məişət müəssisələri kombinatının yerləşdiyi binanın yerində olmuşdur. Balabəy Əlbəyovun özünün ikiotaqlı mənzilində yaratdığı muzeyin formalaşmasında onun yaxın dostlarının, qohumlarının və o dövrün maarifçi ziyalılarının da əməyi az olmamışdır.

        1920-ci ildə Bakıda Azərbaycan Dövlət Muzeyinin rəsmən yaradılması respublikada, o cümlədən qədim Naxçıvan diyarında da rəsmi muzeyin yaradılmasına səbəb oldu.

         Həmçinin 1923-cü ildə yaradılmış Azərbaycan Arxeologiya Komitəsinin və Azərbaycanı öyrənən Tədqiq və Tətəbbö Cəmiyyətinin, 1924-cü il sentyabr ayının 21-24-də Bakıda keçirilən ümumazərbaycan diyarşünaslarının qurultayı respublikada muzey işinin inkişafına öz təsirini göstərmişdir.

         Ümumazərbaycan diyarşünaslarının qurultayından az sonra Naxçıvanın yerli hökuməti muzey yaradılamasına özünün qayğı və himayəsini əsirgəməmişdir, Naxçıvan MSSR Xalq Komissarları Sovetinin 30 oktyabr 1924-cü il tarixli 45 saylı iclas protokoluna əsasən Naxçıvanda ilk dəfə dövlət tərəfindən rəsmi olaraq Tarix- Etnoqrafiya Muzeyi yaradılmışdır. Həmçinin həmin iclasın qərarı ilə Naxçıvan MSSR Xalq Maarif Komissarlığına tapşırılmışdır ki, ayrı-ayrı təşkilatlarada, evlərdə və şəxslərdə saxlanılan, tarix-etnoqrafik əhəmiyyətə malik olan əşyaların muzeydə mühafizə olunması üçün tədbirlər görsün.

       Naxçıvanın yerli hökuməti tərəfindən qəbul edilən bu qərar muzey işi və quruculuğu sahəsində ilk addımlar hesab edilməlidir. Lakin, bu yolda addımlamaq heç də asan olmamışdır, çünki həmin dövrdə bir tərəfdən muzeyşünsalıq və muzey işi yeni sahə idisə, digər tərəfdən isə maddi -texniki bazanın zəif olması, kadr qıtlığı və digər amillər də müəyyən çətinliklər  törədirdi.

       Araşdırmalardan məlum olur ki, Naxçıvanda təşkil edilən Tarix-Etnoqrafiya Muzeyi ilk dəfə vaxtilə Azadlıq (keçmiş Lenin) prospektində olmuş 39 saylı iki mərtəbəli binada yerləşdirilmişdir. (Həmin bina indiki “Təbriz” mehmanxanasının sağ tərəfində magistral yolun kənarında olmuşdur. Bina sonralar sökülmüş və yerində gülkarlıq salınmışdır. Bu barədə yazılı məlumat müəllifdədir)

      Həmin binada muzeyin yerləşdirildiyi sahə iki otaqdan və giriş hissəsindən ibarət idi. İlk əvvəl həmin muzeyə Naxçıvan şəhər əhalisindən, sonra isə əsasən Culfa və Ordubad rayonlarından yığılan qədim məişət əşyaları, kənd təsərrüfatı alətləri, tikmələr və bədii kitablar toplanmışdır.

      Göstərilən eksponatların ayrı-ayrı idarə və müəssisələrdən, şəxsi evlərdən toplanıb muzeyə gətirilməsində Balabəy Əlibəyovun xüsusi xidmətləri olmuşdur. Həmçinin mədəni –tarixi irsin qorunub saxlanmasına laqeyd qalmayan şəxslər də bu sahadə Balabəy Əlibəyova yardımçı olmuşlar. Həmin şəxslərdən Lətif Hüseynzadənin, Mirbağır Mirheydərzadənin, Ağa Məhəmmədin(ərbab), Mir Zeynalabdin Seyidovun (Seyid Səbri), Əli Mirzəyevin, məşhur şair və dramaturq Hüseyn Cavidin böyük qardaşı şeyx Məhəmməd Rasizadənin, Qulamhüseyn İmanovun və digərlərinin adlarını iftixarla çəkə bilərik .

       Naxçıvan Tarix-Etnoqrafiya Muzeyini zənginləşdirmək sahəsində aparılan işlər nə qədər uğurlu olsa da qarşıda görülməli işlər daha çox idi. Muzey daha da zənginləşdirmək, onun elmi yönümdə fəaliyyətini istiqamətləndirmək məqsədilə Naxçıvan MSSR Xalq Komissarları Soveti 1926-cı il yanvarın 6-da muzeylə əlaqədar yeni bir qərar qəbul edir. Həmin qərara əsasən Naxçıvan Tarix-Etnoqrafiya Muzeyini daha da zənginləşdirmək məqsədilə Naxçıvan şəhər sakini Balabəy Əlibəyovun topladığı muzey əhəmiyyətli maddi mədəniyyət nümunələrindən evində təşkil etdiyi muzeydəki materiallar dövlət mülkiyyəti elan edilir. Həmin qərarda göstərilir: Vətəndaş Balabəy Əlibəyovun muzeyi respublikanın mülkiyyətinə götürülsün. Vətəndaş Balabəy Əlibəyov ayda 40 manat maaşla muzeyin müdiri təyin olunsun. Maaş Naxçıvan MSSR Xalq Komissarları Sovetinin ehtiyat fondundan verilsin. Balabəy Əlibəyovun evində olan əşyaların siyahıya alınıb muzeyə virilməsi üçün aşağıdakı tərkibdə komissiya təyin edilsin: Vahab Həsənzadə, Mirbağır Mirheydərzadə, Xəlil Hacılarov, Balabəy Əlibəyov və Rəhimov.

     Balabəy Əlibəyov 1929-cu ilə kimi Tarix-Etnoqrafiya Muzeyinin müdiri vəzifəsində işləmişdir.

       1924-cü ildə Naxçıvanda yaradılmış ilk tarix-etnoqrafiya muzeyinin formalaşmasında və təşəkkülündə Azərbaycanı öyrənən Tədqiq və Tətəbbö Cəmiyyətinin üzvlərinin də xüsusi rolu və təsiri olmuşdur.

      Həmin cəmiyyət 1923-cü ildə Bakıda yaransa da, 1925-ci ilin mayında Naxçıvanda bu cəmiyyətin muxtar respublika təşkilatı yaradılmışdır. “Sovet Naxçıvanı” qəzetinin 10 noyabr 1987-ci il tarixli sayında dərc olunmuş “Naxçıvanı öyrənən elmi cəmiyyət” başlıqlı məqalədə Naxçıvanı öyrənən Tədqiqi və Tətəbbö Cəmiyyətinin yaranmasından və fəaliyyətindən bəhs edilir. Cəmiyyətinin 1925-1928-ci illərdəki fəaliyyəti dövründə keçirilmiş 41 iclas protokollarının təhlilinə dair həmin məqalədəki fikirlərdən aydın olur ki, cəmiyyətin üzvləri, xüsusilə onun elmi katibi Mirbağır Mirheydərzadə Naxçıvanda muzey quruculuğu işində fəal iştirk etmişlər.

      1924-cü ildə tarix-etnoqrafiya muzeyi yarandığı vaxtlar Naxçıvanda heç bir elmi idarə və müəssisə demək olar ki, yox idi. Belə bir vaxtda Naxçıvanı öyrənən Tədqiq və Tətəbbö Cəmiyyətinin 1925-ci ilin mayında yaranması və tez bir zamanda muxtar respublikanın tanınmış, fədakar ziyalılarını öz ətrafinda birləşdirə bilməsi nəinki cəmiyyətin özünün işinin uğurla getməsinə, eyni zamanda tarix-etnoqrafiya muzeyinin əlavə maddi mədəniyyət nümunələri hesabına zənginləşməsinə, muzeydəki eksponatların elmi cəhətdən tədqiqinə, öyrənilməsinə və təbliğinə səbəb olmuşdur.

      Məlumdur ki, qədim Naxçıvan diyarı özünün tarixi zənginliyi ilə səyyahların, arxeoloqların, etnoqrafların diqqətini özünə cəlb etmiş, onlar arxeoloji qazıntılar aparmaq məqsədilə müxtəlif dövrlərdə Naxçıvana gəlmişlər. Naxçıvan Dövlət Tarix-Etnoqrafiya Muzeyi ilə Tədqiqi və Tətəbbö Cəmiyyətinin birgə işinin uğurlu nəticəsi ondan ibarət olmuşdur ki, həmin dövrlərdə bir çox xarici ölkələrdən və xüsusilə Rusiyadan gəlmiş arxeoloqların Naxçıvanda apardıqları qazıntı işləri zamanı əldə olunan maddi-mədəniyyət nümunələrinin hamısının olmasa da, bir qisminin muzeyə verilməsi ilə onların Azərbycandan çıxarılmasının qarşısını almaqdan ibarət olmuşdur.

      Tədqiq və Tətəbbö Cəmiyyəti yarandığı vaxtdan cəmiyyətin üzvləri ictimaiyyətlə daim əlaqə saxlamış, muxtar respublikanın ərazisində maddi-mədəniyyət abidələri, tarix, el ədəbiyyatı və etnoqrafiyaya dair məlumat və materialların toplanmasına, tədqiqinə xüsusi əhəmiyyət vermiş, Rusiyanın və Azərbaycanın görkəmli arxeoloqları ilə birlikdə Naxçıvanın Şərur, Babək, Culfa və Ordubad rayonlarının ərzailərində qazıntı işləri aparmışlar. Axtarış-qazıntı işləri zamanı əldə olunan maddi-mədəniyyət nümunələri Naxçıvan Tarix-Etnoqrafiya Muzeyinə təhvil verilmişdir.

      Araşdırmalar zamanı əldə edilən 1927-ci il tarixli, müəllifi məlum olmayan bir səhifəlik yazıda göstərilir ki, Tarix-Etnoqrafiya Muzeyində Naxçıvan diyarının tarixinə, etnoqrafiyasına və arxeologiyasına dair materiallar –qızıl sırğalar, böyük ölçülü qədim xalçalar, silahlar, səfəvi dövrünə aid gümüş və mis pul sikkələri və digər maddi-mədəniyyət nümunələri mövcud idi.

      Azərbaycan muzeylərinin ən qabaqcıl ənənələrindən bəhrələnən Naxçıvan Ölkəşünaslıq  Muzeyi maddi və mənəvi sərvətləri toplayıb nümayiş etdirməklə kifayətlənməmiş, həm də geniş mədəni-maarif işi aparmışdır.

     1924-cü ildə yaradılan tarix-etnoqrafiya muzeyi sonrakı illərdə tarix ölkəşünaslıq muzeyinə çevrilmiş və muzeyə Azərbaycanın ilk realist rəssamı Bəhruz Kəngərlinin adı verilmişdir. 60-cı illərin axırlarından isə Naxçıvan MR Dövlət Tarix Muzeyi kimi fəaliyyət göstərir.

      Naxçıvan Tarix-Etnoqrafiya Muzeyinin 1925-1927-ci illərdəki fəaliyyətinin təhlilindən aydın olur ki, həmin dövrdə muzey ancaq muzey materiallarının toplanması ilə məşğul olmuşdur. Qeyd etmək lazımdır ki, həmin illərdə müxtəlif daxilolmalar hesabına muzey eksponatlarının sayı artmış olsa belə onların bir çoxunun mənbəyinin və qeydiyyatının müəyyənləşdirilməsi hələ də problem olaraq qalır.

      Həmin dövrdə Naxçıvan MSSR Xalq Komissarlığının tərkibində fəaliyyət göstərən Naxçıvan Tarix- Etnoqrafiya Muzeyi ilə Naxçıvanı öyrənən Tədqiq və Tətəbbö Cəmiyyətinin birgə əməli fəaliyyət göstərmələri üçün lazımi imkanlara və vəsaitə malik deyildilər. Ona görə də hər iki təşkilatın gücləndirilməsi tələb olunurdu. Çünki, həmin vaxtalar cəmiyyətin bəzi üzvləri həm də muzey əməkdaşı idi.

        Belə bir vaxtda bir neçə il Naxçıvanı öyrənən Tədqiq və Tətəbbö Cəmiyyətinin elmi katibi vəzifəsində işləmiş Mirbağır Mirheydərzadənin elmi tədqiqat sahəsindəki bilik və bacarığı nəzərə alınaraq o, Naxçıvan MSSR Xalq Maarif Komissarlığının 27 avqust 1930-cu il tarixli 362 saylı əmri ilə Naxçıvan Tarix-Etnoqrafiya Muzeyinə direktor təyin edilmiş və o, uzun müddət həmin vəzifədə çalışmışdır.

      1930-cu il dekabr ayının 1-də 5-dək Moskvada keçirilən Ümumrusiya Muzeyləri qurultayının qərarları ilə bütün ölkədə olduğu kimi Azərbaycanda, o cümlədən Naxçıvanda da muzey quruculuğu işinə öz təsirini göstərmişdir. Qurultay muzey kadrlarının muzey quruculuğu işini kökündən dəyişdirməyə səfərbər etməklə “Maksist-bolşevik muzeylərinin” yaradılması vəzifəsini qarşıya qoymuşdur. O zamanlar bu sahədə bütün ölkədə həyata keçirilən tədbirlər Naxçıvan ölkəşünaslıq muzeyinidə əhatə etmişdir.

     Beləliklə, Naxçıvan Mərkəzi İcraiyyə Komitəsi və Rəyasət Heyətinin 26 avqust 1932-ci il tarixli iclasında “Naxçıvan ölkəşünaslıq muzeyi” haqqında məsələ müzakirə olunmuşdur. Müzakirə edilən məsələ ilə əlaqədar mövcud qərar qəbul edilmişdir. Həmin qərarda Oktyabr inqlabının 15-ci ildönümü gününədək Naxçıvanda muzeyin yenidən təşkili: Azərbaycan Dövlət Tarix Muzeyinin hazırladığı plan əsasında Naxçıvan Ölkəşünaslıq Muzeyinin tamamilə yenidən təşkil edilib başa çatdırılması, muzey üçün müvafiq bina ayrılması, Naxçıvan muzeyinin yenidən təşkili ilə əlaqədar olaraq Azərbaycan SSR Xalq Maarif Komissarlığı tərəfindən iki nəfər muzey işçisinin kömək üçün Naxçıvana ezam edilməsi nəzərdə tutulmuşdur. Dövlət və təsərrüfat təşkilatlarının sərancamında olan bütün muzey eksponatlarının Naxçıvan Dövlət Muzeyinə verilməsi də həmin qərarda öz əksini tapmışdır. Qərarda həmçinin Xalq Maarif Komissarlığına təklif edilmişdir ki, Naxçıvan Həmkarlar Şurası ilə birlikdə şagirdlərin, qırmızı əsgərlərin, kolxozçuların, həmkarlar ittifaqı üzvlərinin mütəmadi olaraqa muzeyə ekskursiyalarının təşkilinə dair tədbirlər planı hazırlasınlar . Beləliklə az bir vaxtda partiya, sovet təsərrüfat orqanlarının və ictimai təşkilatlarının yaxından iştirakı ilə 1932-ci ilin oktyabrında yenidən təşkil olunan Naxçıvan Dövlət Tarix-Ölkəşünaslıq Muzeyi yeni eksponatlarla muxtar respublika zəhmətkeşlərinin istifadəsinə vermişdir.

       1932-1940-cı illərdə muzeyin fəaliyyət dairəsi xeyli genişlənir və ekspozisiyası gündən-günə zənginləşir. Yarandığı ilk illərdə 250-yə qədər eksponata malik olan muzey 1932-ci ildə 2520 və 1940-cı ildə isə 4880 eksponata malik olmuşdur. Təkcə 1940-cı ildə muzeyə 6 mindən çox adam gəlmiş və muzeydə olan eksponatlarla tanış olmuşdur .

      1940-1941-ci illərdə muzeyin üç salonu olmuş və həmin salonlarda muxtar respublikanın daş, enolit, tunc, dəmir və antik dövrlərə, orta əsrlərə və s.aid olan eksponatlar tamaşaçılarda muxtar respublikamızın tarixi haqqında geniş təsəvvür yaratmışdır.

     Muzey həm də muxtar respublika zəhmətkeşlərinin mənəvi-estetik tərbiyəsində, mədəni səviyyəsinin yüksəldilməsində və məktəblilərin biliyinin zənginləşdirilməsində böyük rol oynamışdır.

      Araşdırmalar göstərir ki, 1941-1945-ci illər müharibəsinin başlanması ilə əlaqədar olaraq Azərbaycanın bütün bölgələrində olduğu kimi Naxçıvanda da aparılan muzey quruculuğu işi azalmış, nəzərdə tutulan tədbirlərin heç də hamısı həyata keçirilməmişdir.

      1945-ci ilin mart ayında Azərbaycan Tarixi Muzeyinin Respublika Elmlər Akademiyası İctimai Elmlər Bölməsinin tərkibinə keçməsinin ardınca digər muzeylər kimi Naxçıvan Tarix-Ölkəşünaslıq Muzeyi də Xalq Maarif Komissarlığının tabeliyindən çıxarılaraq Azərbaycan SSR Elmlər Akademiyasının tərkibinə daxil edilmişdir. Azərbaycan Tarixi Muzeyi başda olmaqla muzey şəbəkəsinin Elmlər Akademiyasının tərkibində birləşdirilməsi muzey quruculuğu işinin gücləndirilməsinə öz təsirini göstərmişdir. Azərbaycan Tarixi Muzeyinin əməkdaşları həmin dövrdən başlayaraq respublikanın şəhər və rayonlarındakı muzeylərin ekspozisiyalarının təşkilində onlara əməli, metodiki köməklik göstərmişlər.

      Həmin dövrün tədqiqi göstərir ki, 1941-ci ilə nisbətən 1954-cü ildə Naxçıvan Tarix-Ölkəşünaslıq Muzeyindəki eksponatların sayı azalaraq 1072 olmuşdur. Çox güman ki, Naxçıvan Tarix Ölkəşünaslıq Muzeyi Elmlər Akademiyasının tərkibinə daxil edildikdən sonra bir qisim eksponatların daha yaxşı mühafizə olunması və tədqiqi ilə əlaqədar onlar Bakı muzeylərinə, xüsusilə Azərbaycan Tarixi Muzeyinə aparılmışdır.

     Bir sözlə Naxçıvan Tarix Ölkəşünaslıq Muzeyinin Xalq Maarif Komissarlığından Elmlər Akademiyasının tərkibinə keçirilməsi, müharibə dövründə və müharibədən sonrakı ağır illər muxtar respublikada muzey quruculuğun inkişafına cətinlik törədən amillər kimi səciyyələndirilməlidir.

     Demək olar ki, yalnız XX əsrin 50-ci illərinin sonlarında Naxçıvan Tarix-Ölkəşünaslıq Muzeyinin ideya, nəzəri və bədii tələblərə uyğun gələn ekspozisiyasının yaradılmasına başlanmış və müəyyən bir vaxtdan sonra muzey öz qapılarını tamaşaçıların üzünə açmışdır.

     1988-ci ildən başlayaraq Dağlıq Qarbağ və onun ətrafındakı hadisələrlə əlaqədar yaranmış qeyri-sabit mühit və həmçinin SSRİ-nin dağılması prosesinin gedişində respublikada yaranmış ictimai-siyasi vəziyyət bütün sahələrdə olduğu kimi Azərbaycanda və eləcə də Naxçıvan Muxtar Respublikasında da muzey işinin inkişafına zərbə vurmuşdur.

         Hətta 90-cı illərin əvvələrində respublikada AXCP-Müsavat cütlüyünün hakimiyyəti dövründə də muzeylər nəyin ki, inkişaf etdirilməmiş, əksinə onların bir qisminin maddi texniki bazası dağıdılmış, muzey işçilərinin müəyyən qismi siyasətə qoşularaq xalqın milli, mədəni və mənəvi irsinin qorunmasına və təbliğinə cavabdeh olduqlarını unudaraq vəzifə borclarını heç də lazımınca yerinə yetirməmişlər. Məhz elə buun nəticəsidir ki, 90-cı illərin əvvəllərində Naxçıvan MR Dövlət Tarix Muzeyində bir neçə dəfə oğurluq hadisəsi baş vermiş və oğurlanmış eksponatların tapılması indiyədək təmin edilməmişdir.

      Yalnız 1993-cü ildə ümummillli liderimiz Heydər Əliyevin xalqın təkidli tələbi ilə Azərbaycanın siyasi rəhbərliyinə ikinci dəfə qayıdışından sonra ölkədə bərqərar olan siyasi sabitlik nəticəsində həyatın başqa sahələrində olduğu kimi mədəniyyət, incəsənət və muzey işi sahəsində də quruculuq və inkişaf dövrü başlandı.

       Müstəqil Azərbaycan dövlətçiliyi formalaşıb inkişaf etdikcə onun qədim dövrdən bu günümüzədək olan tarixinə dair maddi –mədəniyyət nümunələrini özündə əks etdirən muzeylərimizdə işlər 1995-ci ildən başlayaraq Naxçıvanda da öz məcrasına düşməyə başladı.

     Uzun illər muzey işinin ikişafı sahəsində muxtar respublikadakı durğunluğun ötən əsrin 60-cı illərinin axırları və 70-ci illərinin əvvəllərində aradan qaldırılmasına, muzeylərin şəbəkəsinin genişləndirilməsi işinə başlanmışdır. Naxçıvan MR Dövlət Tarix Muzeyi uzun müddət yəni 43- il yeganə muzey kimi fəaliyyət göstərmişdir. Yalnız 1967-ci ilin iyununda Naxçıvanda ikinci muzey- Cəlil Məmmədquluzadə adına Ədəbiyyat Muzeyi həyata vəsiqə almışdır.

     Məhz ümummilli liderimiz H.Əliyevin respublikaya rəhbərliyinin ilk ilində onun təşəbbüsü ilə “Respublikada muzey işinin yaxşılaşdırılması haqqında” qəbul edilən qərar Azərbaycanın  bütün muzeyləri kimi Naxçıvandakı tarix və ədəbiyyat muzeylərinin də gələcək inkişafında böyük rolu olmuşdur.

     Muzey işinə qayğı və diqqət Heydər Əliyevin fəaliyyətində daim xüsusi yer tuturu. O, xalqın əsrlər boyu yaratdığı mənəvi sərvətin-mədəniyyət dəyərlərinin toplanması, qorunması və zənginləşdirilməsi üçün əməyini əsirgəməmişdir. 1970-ci illərdən başlayaraq Azərbaycanın bir çox yerlərində olduğu kimi Naxçıvan Muxtar Respublikasının şəhər və rayonlarında da müxtəlif profilli muzeylərin yaranması, fəaliyyət göstərən muzeylərin zənginləşdirilməsi işinə müəyyən kömək göstərilmişdir.

       Heydər Əliyevin təşəbbüsü və qayğısı ilə Ordubad rayonunda 1972-ci ildə M.S.Ordubadinin, 1975-ci ildə isə akademik Y.Məmmədəliyevin ev muzeylərinin təşkil edilməsi dediklərimizin əyani ifadəsidir. 1980-cı ildə məhz Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə respublikada muzey işinə aid xüsusi qərar qəbul edilmişdir. Bu qərar respublikada muzey şəbəkəsinin inkişafına, bu isə rəhbərliyin təkmilləşdirilməsinə geniş imkanlar yaradır və yeni-yeni tarix-diyarşünaslıq muzeylərinin açılmasını tələb edirdi. Qərardan sonra respublikamızda 30-a qədər, o cümlədən 1980-1982-ci illərdə muxtar respublikanın Şərur, Babək, Ordubad, Culfa və Şahbuz rayonlarında Tarix-Diyarşünaslıq Muzeyləri, Naxçıvan şəhərində isə H.Cavidin və C.Naxçıvanskinin ev muzeyləri yaradılmışdır.

      Məhz həmin qərarın təsiri nəticəsində 1980-ci illərin əvvəlində Naxçıvan MR Dövlət Tarix Muzeyinin ekspozisiyası geniş mövzulu plan əsasında yenidən qurulmuşdur. Muzeylər yaradılması sahəsində keçən əsrin 70-ci illərindən başlayaraq həyata keçirilən tədbirlər ölkəmiz öz müstəqilliyini əldə etdikdən sonra bu gün də muxtar respublikada inamla davam etdirilir. Milli- mədəni sərvətlərimizin qorunub gələcək nəsillərə çatırılması sahəsində muzeylərin rolunu layiqincə qiymətləndirən və yeni-yeni muzeylər yaradılmasının təşəbbüskarı olan H.Əliyev demişdir: “ Milli ənənələrimizin nə qədər dəyərli olduğunu dünyaya gələn yeni nəsillərə çatdırmaq və onları bu ənənələr əsasında tərbiyə etmək üçün muzeylər lazımdır”.  H.Əliyevin bu tövsiyələrini rəhbər tutan Naxçıvan Muxtar Respublikasının rəhbərliyi müstəqillik illərində də muzeylər yaradılmasına qayğı göstərmişdir. Bunun bariz nümunəsini 1997-ci ildə Naxçıvan MR Dövlət Xalça Muzeyinin, 1998-ci ildə C.Məmmədquluzadənin ev muzeyinin, 1999-cu ildə H.Əliyev Muzeyinin, 2000-ci ildə “Xatirə” Muzeyinin, 2001-ci ildə Sədərk rayon Tarix-Diyarşünaslıq Muzeyinin, 2002-ci ildə Naxçıvan şəhərində B.Kəngərli Muzeyinin, Əcəmi seyrangahında Açıq Səma Altında Muzeyin açılmasında görmək olar.

        Azərbaycana rəhbərlik etdiyi illərdə H.Əliyev dəfələrlə Naxçıvanda olmuşdur. O, hər dəfə Naxçıvana gəldiyi zaman muxtar respublikanın sosial mədəni yönümlü obyektləri ilə tanış olarkən muzeyləri də yaddan çıxarmırdı. Naxçıvanda olarkən H.Əliyev C. Məmmədquluzadə adına Naxçıvan MR Ədəbiyyat  Muzeyində, C.Məmmədquluzadənin ev muzeyində, Mömünə Xatun abidə kompleksində, Naxçıvan Dövlət Xalça Muzeyində, H.Cavidin ev muzeyində və B.Kəngərli Muzeyində olmuşdur. O, muzeylərin ekspozisiyası ilə tanış olmuş və dəyərli məsləhətlər vermişdir.

      Muxtar respublikada mədəniyyətə qayğı çox əhatəli olub təkcə yeni-yeni muzeylər yaradılması ilə məhdudlaşmır, həmçinin mövcud muzeylərin maddi-texniki bazasının möhkəmləndirilməsi, onların iş şəraitinin yaxşılaşdırılması da daim diqqət mərkəzində saxlanılır.

      Bu gün muxtar respublikada elmi tədqiqat və mədəniyyət müəssisəsi kimi fəaliyyət göstərən Naxçıvan MR Dövlət Tarix Muzeyi 4 il bundan əvvələ qədər təxminən yarım əsrə qədər bir dövrdə vaxtilə uyğunlaşdırılmış, bir əsrdən çox yaşı olan köhnə və son illərdə qəzalı vəziyyətə düşmüş bir binada yerləşirdi. Muzeyin ümumi vəziyyəti ilə yaxından tanış olan Naxçıvan Muxtar Respublika rəhbərliyinin qayğısı və köməkliyi ilə tarix muzeyinə yeni bina ayrılmış, əsaslı təmir-tikinti və quraşdırma işləri aparıldıqdan sonra muzey yeni binaya köçürülmüşdür. Həmin binada muzeyin ekspozisiyası yenidən qurularaq 2000-ci ilin noyabrında muzeyin yeni binasının açılış mərasimindən sonra tamaşaçıların ixtiyarına verilmişdir. Bundan sonra Naxçıvan şəhərində H.Cavidin ev muzeyi və Naxçıvan Dövlət Xalça Muzeyi də əsaslı təmir edilmişdir. Təkcə Naxçıvan şəhərindəki muzeylərin iş şəraitinin yaxşılaşdırmasına deyil, muxtar respublikanın rayonlarındakı muzeylərə  də bu sahədə qayğı göstərilir. Son illərdə Ordubad rayonunda Tarix-Diyarşünaslıq Muzeyi və Akademik Y.Məmmədəliyevin ev muzeyi əsaslı təmir edilmiş, Babək, Sədərək və Şahbuz rayon Tarix-Diyarşünaslıq Muzeyləri üçün yeni binalar ayrılmışdır. Son illərdə muzeylərə qayğı və kömək göstərmək sahəsində muxtar respublika rəhbərliyinin fəaliyyətində bir maraqlı cəhət də diqqətəlayiqdir. Əvvəlik  dövürlərdən fərqli olaraq son illərdə muxtar respublikada yaradılan muzeylərin qurulmasında, ekspozisiya zallarında bədii tərtibat işlərinin aparılmasında yerli mütəxəssislərin və muzey işçilərinin qüvvəsindən istifadə olunur ki, bu da bir tərəfdən muzey işçilərinə, yerli kadr və mütəxəssislərə inam və etibardan irəli gəlir. Digər tərəfdən isə həmin kadrların öz biliyini, qabiliyyət və bacarıqlarını büruzə verməyə şərait yaradır. Bunu son illərdə qurulub, başa çatdırılan Naxçıvan MR Dövlət Tarix Muzeyinin, Naxçıvan Dövlət Xalça Muzeyinin, H.Cavidin və C.Məmmədquluzadənin ev muzeylərinin, “Xatirə” və B.Kəngərli Muzeylərinin, Sədər, Şahbuz və Babək rayon Tarix-Diyarşünaslıq Muzeylərinin timsalında görmək olar. Faktlardan göründüyü kimi Naxçıvan Muxtar Respublikasında indi əsl muzeylər şəbəkəsi yaranmışdır. Bu şəbəkəyə daxil olan 20-yə qədər muzey və muzey tipli müəssisələrin  bir çoxunun yaranmasında, formalaşmasında Naxçıvan MR Dövlət Tarix Muzeyinin böyük rolu olmuşdur.

        Bu gün muxtar respublikada ən iri elmi tədqiqat və mədəniyyət müəssisələrindən biri kimi fəaliyyət göstərən Naxçıvan MR Dövlət Tarix Muzeyi özünün 80-illik yubileyini qeyd etməyə hazırlaşır. Yubiley ərəfəsində muzeyin əməkdaşları Müstəqil Azərbaycan Dövlətinin muzeylərə göstərdiyi qayğıya, muzey işinin forma və üsullarının təkmilləşdirməklə, əhaliyə göstərilən muzey xidəmətinin keyfiyyətini yüksəltməklə cavab verməyə səy göstərirlər.

 

                                                                      Nizami Rəhimov

                                                Naxçıvan Dövlət Tarix Muzeyinin direktoru, Naxçıvan

                                                      Muxtar Respublikasının Əməkdar Mədəniyyət işçisi

 

Milli Azərbaycan Tarixi Muzeyi-2004 Bakı. Elm toplusu, səhifə-255-264

 

 Naxçıvan şəhəri, İstiqlal küçəsi 92

 

 tarixmuzeyi@nakhchivan.az 

 

(+994 36) 545 01 39

 

(+994 36) 545 01 36

 

081872
Bugün
Dünən
Bu həftə
Bu ay
Ümumi
111
25
242
750
81872

© 2020 Bütün hüquqlar qorunur. Dizayn və proqramlaşdırma Nakhinternet