MƏQALƏLƏR

Naxçıvanda ilk muzey

    Xalqımızın tarixini qədim  zamanlardan bu günədək özündə yaşadan  milli mədəni sərvətlərimizin toplandığı və qorunub saxlandığı muzeylərimiz bu gün tariximizin məbədgahlarına çevrilmişdir.Azərbaycanın ayrılmaz parçası olan qədim Naxçıvanın tarixini özündə yaşadan və nümayiş etdirən belə məbədgahlardan biri də Naxçıvan Dövlət Tarix Muzeyidir. Tarixdən məlumdur ki, dünyanın bir çox ölkələrində muzeylərin yaranması tarixi XVIII-XIX əsrlərə təsadüf edir. Azərbaycanda isə dövlət tərəfindən muzeylərin yaradılmasına ötən əsrin 20-ci illərində başlanmışdır. Bununla belə qeyd etmək lazımdır ki, hələ vaxtilə tarixi, mədəni irsin qorunub saxlanmasında, mühafizəsində və təbliğində muzeylərin rolunu və əhəmiyyətini lazımınca dəyərləndirən Naxçıvanın vətənpərvər övladları da Naxçıvanda muzey yaradılmasına təşəbbüs göstərmişlər. XIX əsrin axırlarında Naxçıvanın Nehrəm kəndində görkəmli yazıçı və dramaturq Cəlil Məmmədquluzadə, XX əsrin II on illiyində Naxçıvan şəhər sakini Balabəy Əlibəyov, Mirbağır Mirheydərzadə və digər vətənpərvər oğullar muzey yaradılması sahəsində nəcib təşəbbüsün öndərlərindən olmuşlar.

     Sonrakı illərdə muzey yaradılmasına Naxçıvanın yerli hökuməti özünün qayğı və himayəsini göstərmişdir.1924-cü ilin fevralında Naxçıvan Muxtar Respublikası təşkil olunduqdan sonra, həmin ilin oktyabrında Naxçıvanda ilk muzeyin rəsmi olaraq yaradılması üçün qərar qəbul olunmuşdur. Naxçıvan MSSR XKS-nin 30 oktyabr 1924-cü il tarixli qərarı ilə Naxçıvan şəhərində Tarix-Etnoqrafiya Muzeyi yaradılmış, həmçinin Naxçıvan MSSR Xalq Maarif Komissarlığına tapşırılmışdır ki, ayrı-ayrı evlərdə və şəxslərdə saxlanılan tarixi etnoqrafik əhəmiyyətə malik olan əşyaların muzeydə mühafizə edilməsi üçün tədbirlər görsün.

    İlk vaxtlarda muzeyin bazası əsasən qədim və orta əsrlərə aid məişət əşyalarından, toxuculuq məmulatlarından, silahlardan, saxsı bardaq və kuzələrdən ibarət olmuşdur.

    Həmin dövrdə Naxçıvan şəhər sakini B.Əlibəyov topladığı tarixi əşyalardan ibarət özünün şəxsi mənzilində muzey yaratmışdır.

    1924-cü ildə yaradılmış Tarix-Etnoqrafiya muzeyini zənginləşdirmək məqsədilə Naxçıvan MSSR XKS-nin 6 yanvar 1926-cı il qərarı ilə Naxçıvan şəhər sakini B.Əlibəyovun yaratdığı muzey dövlət mülkiyyətinə götürülmüş və onun evindəki muzey əhəmiyyətli əşyalar komissiya vasitəsilə muzeyə təhvil vermişdir. B.Əlibəyovun özü isə həmin muzeyə müdir təyin olunur.

     Sonrakı illərdə Naxçıvan Tarix-Etnoqrafiya Muzeyinin zənginləşməsində 1925-ci ildə Naxçıvanda yaradılan “Naxçıvan Tətbiq və Tətəbbö” cəmiyyətinin xüsusi rolu olmuşdur.Bu cəmiyyətin elmi katibi olmuş Mirbağır Mirheydərzadə Tarix-Etnoqrafiya muzeyinin zənginləşməsi, böyüyüb inkişaf etməsi üçün böyük əmək sərf etmişdir. O, keçmiş sovet arxeoloqları ilə birlikdə muxtar respublika ərazisində aparılan arxeoloji qazıntı işlərində iştirak etmişdir. Həmin qazıntılar nəticəsində əldə edilən maddi mədəniyyət nümunələrinin bir qismi hazırda Naxçıvan Dövlət Tarix Muzeyində saxlanılır.

     M.Mirheydərzadənin elmi-tədqiqat sahəsindəki bilik və bacarığı nəzərə alınaraq o, Naxçıvan MSSR XMK-nin 27 avqust 1930-cu il tarixli 362 saylı əmri ilə Naxçıvan Tarix-Etnoqrafiya Muzeyinə direktor təyin edilmiş və fasiləsiz olaraq o, bu vəzifədə 25 il çalışmışdır.

     1924-cü ildə yaradılan Tarix-Etnoqrafiya Muzeyi sonrakı illərdə Tarix Ölkəşünaslıq Muzeyinə çevrilmiş və muzeyə Azərbaycanın ilk realist rəssamı Bəhruz Kəngərlinin adı verilmişdir. 60-cı illərin axırlarından isə Dövlət Muzeyi kimi fəaliyyət göstərir.

    Mədəniyyətin inkişafına qayğı göstərmək, xalqın tarixini özündə əks etdirən milli mədəni sərvətlərin, ayrı-ayrı siyasi xadimlərin, görkəmli yazıçı və şairlərin milli, mədəni və mənəvi irsinin qorunub saxlanması və təbliğ olunması üçün yeni-yeni muzeylərin təşkil edilməsi sahəsində əsası möhtərəm prezident Heydər Əliyev tərəfindən qoyulan nəcib ənənələr bu gün də ardıcıl həyata keçirilir.

     Son illər muxtar respublikada nəinki yeni-yeni muzeylərin təşkilinə, həm də onların maddi-texniki bazasının möhkəmləndirilməsinə, muzeylərin iş şəraitinin yaxşılaşdırılmasına əvvəlki illərə nisbətən daha çox diqqət və qayğı göstərilir. Naxçıvan Dövlət Tarix Muzeyi də belə qayğı ilə əhatə olunmuşdur. Naxçıvan Muxtar Respublikasının yaşıdı olan Naxçıvan Dövlət Tarix Muzeyi ötən il yeni binaya köçürülmüşdür. 2000-ci il noyabrın 4-də muzeyin yeni binasının təntənəli açılış mərasimi olmuşdur. Açılış mərasimində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov iştirak etmiş və açılış mərasiminin rəmzi olan qırmızı lenti kəsmişdir.

    Naxçıvan Dövlət Tarix Muzeyi ötən illər ərzində daha çox inkişaf etmiş, muxtar respublikada iri mədəniyyət və elmi-tədqiqat müəssisələrindən birinə çevrilmişdir. Hazırda Dövlət Tarix Muzeyinin fondunda və ekspozisiyasında Azərbaycan xalqının tarixi keçmişi və bu günü ilə bağlı 10 şöbəni əhatə edən 38000-dən artıq eksponat saxlanılır və nümayiş etdirilir. Onların içərisində Naxçıvanın qədim dövründən bu günədək olan tarixini özündə əks etdirən maddi mədəniyyət nümunələri arxeoloji tapıntılar, xalq tətbiqi sənət əsərləri, numizmatik materiallar, qrafika, heykəltaraşlıq, təsviri sənət əsərləri və digər materiallar xüsusi yer tutur. Muzeyin ekspozisiyası əsasən qədim, orta əsr və yeni dövrü əhatə edir. Bu gün Tarix Muzeyi Naxçıvan  Muxtar  Respublikasının ən böyük və aparıcı muzeyi olmaqla elmi-tədqiqat və mədəniyyət müəssisələrindən biri kimi fəaliyyət göstərir. Muzey Naxçıvan diyarının tarixini öyrənməklə bərabər muxtar respublikada maddi-mədəniyyət nümunələrini toplayır və qoruyub saxlayır. Azərbaycanın ayrılmaz bir hissəsi olan Naxçıvanın tarixi abidələri Azərbaycan tarixinin öyrənilməsi üçün olduqca əhəmiyyətlidir. Burada insan həyatı lap qədim dövrlərdən başlamış və müxtəlif inkişaf mərhələləri keçmişdir. Bunu tariximizin müxtəlif dövlərini özündə əks etdirən arxeoloji və memarlıq abidələri təsdiq edir. Bu abidələr son buzlaşmadan başlayaraq indiyədək Naxçıvanın tarixini, mədəni-tarixi proses kimi izləməyə imkan verir.

       Ekspozisiyada müxtəlif çeşidli əmək alətləri, paleolit və neolit dövrünün əşyaları, dən daşıları, nukleuslar, obsidiandan lövhələr, daş çəkiclər, həvəngdəstələr, sümük bizlər, nümayış etdirilir. Bütün bu nadir maddi mədəniyyət abidələri Naxçıvan MR ərzisində aparılmış arxeoloji qazıntılar zamanı aşkara çıxarılmışdır. I Kültəpə, II Kültəpə, Naxçıvan nekropolu, Şortəpə, Şahtaxtı və digər yaşayış yerləri ən mühüm mədəniyyət mərkəzləri olmuşdur. Bu abidələrdən aşkar olunan arxeoloji materiallar arasında forma müxtəlifliyi və zəngin boya bəzəmələri ilə fərqlənən boyalı qablar xüsusi yer tutur. Boyalı qabların bir qismi mifoloji səhnələrlə, heyvan və quş rəsmləri ilə bəzədilmişdir.

       Ekspozisiyada çox saylı sümük məmulatları, heyvan və quş fiqurları üstünlük təşkil edir. Naxçıvan tarixinin müəyyən bir dövrü üçün küp qəbirlər xarakterikdir. Belə qəbirlərə  Qoşadizə, Naxçıvan şəhəri, Əliabad, Camaldın və başqa yerlərdə rastlanmışdır. Muzeyin ekspozisiyasında belə küp qəbirlərdən biri nümayiş olunur.

     Əldə edilmiş çoxsaylı arxeoloji materiallar və yazılı mənbələrdən belə nəticə çıxarmaq olar ki, Naxçıvan Cənubi Qafqazın ən qədim şəhərlərindən biri olmuşdur. Məşhur tarixçi alimlər K.A.Nikitin, S.A.Zelinski, F.A.Brokhauz, İ.A.Yefron və başqaları belə hesab edirlər ki, şəhərin yaranma tarixi bizim eradan əvvəl II minilliyin ortalarına aiddir. Orta əsrlərdə Naxçıvan Şərq və Qərb arasında ticarət yollarının kəsişmə nöqtəsində yerləşirdi. Naxçıvan MR ərazisində aşkar olunan mis və gümüş pullar dəfinəsi müxtəlif ölkələrlə ticarət əlaqəsinin olduğunu göstərir. Bu dövrdə Naxçıvanda yerli zərbxanalar da olmuşdur. Ekspozisiya zallarında çoxsaylı eksponatlar arasında orta əsr döyüşçüsünün hərbi geyimi və hərbi ləvazimatlar nəzəri cəlb edir. Hərbi geyim dəsti metal dəbilqədən, torşəkilli köynəkdən, qılınc və qalxandan ibarətdir. Orta əsr ordusunun qarşısında aparılan “ordu nişanı” ekspozisiyanın qiymətli eksponatlarındandır. Ekspozisiyada müxtəlif tipli odlu və soyuq silahlar dərvişlərə aid əşyalar və nadir məişət əşyaları nümayiş etdirilir.

     XII-XV əsrlərdə Azərbaycanda olmuş xarici səyyahlar Gəncə, Bərdə, Şamaxı, Təbriz, Bakı və Ərdəbil ilə yanaşı, Naxçıvanda da çoxlu sayda xalça və parça toxuyan, misgərlik, dulusçuluqla məşğul olan böyük karxanların olduğunu qeyd edirlər. Onlar Azərbaycanda, xüsusilə Naxçıvanda istehsal olunan bədii sənət nümunələrini Qərbi Avropadakı sənət nümunələrindən xeyli yüksək səviyyədə olduğunu söyləmişlər.

    Təbriz miniatür məktəbi Azərbaycanın digər şəhərlərində də miniatür sənətinin inkişafına öz müsbət təsirini göstərmişdir. XV əsrə aid olan əlyazmalar göstərir ki, Azərbaycanda bu incəsənət növü özünün ən yüksək zirvəsinə çatmışdır. Naxçıvan MR Dövlət Tarix Muzeyində saxlanılan miniatür nümunələri, insan və təbiət təsvirləri olan kitab cildləri demək olar ki, valehedicidir.

     Dekorativ sənətlərin əsas nümunələrindən biri olan xalçaçılıq ilə miniatür sənəti arasında sıx əlaqələr vardır. Naxçıvan tətbiqi sənət nümunələri arasında əsas yeri xalçaçılıqla bağlı olan toxuculuq məmulatları tutur.

     Milli ornamentlərlə işlənmiş at və dəvə üzəngiləri, xurcunlar, heybələr, məfrəşlər və bunlara bənzər xalçaçılıq nümunələri bədii tikmələr xalqımızın necə zəngin tarixi mədəniyyətə malik olduğundan xəbər verir.

     Muzeydə ekspozisiya boyu təqdim olunan bədii rəsm və qrafik əsərləri zalların mövzusu ilə həmahənglik təşkil edir. Ekspozisiyada Azərbaycanın ilk realist rəssamı Bəhruz Kəngərlinin, müasir dövrün görkəmli rəssamlarından T.Nərimanbəyov, T.Salahov və digər rəssamların əsərləri nümayiş etdirilir. Bəhruz Kəngərliyə aid sərgidə onun istifadə etdiyi əşyalara xüsusi guşə ayrılmışdır.

      Muzeydə müasir dövrə aid ekspozisiya 1918-ci ildə yaradılmış Azərbaycan Demokratik Respublikasının fəaliyyətindən bəhs edən materialların nümayişi ilə başlayır. Həmin materiallar arasında Azərbaycanın 1918-1920-ci illərə dair xəritəsi, Azərbaycanın dövlət atributları, Naxçıvan tarixində mühüm rol oynayan Moskva və Qars müqavilələri xüsusi yer tutur. Həmin zalda Qars müqaviləsini imzalayan 1918-1920-ci illərdə Naxçıvanda olmuş K.Qarabəkir Paşa ilə əlaqədar materiallar, xüsusilə Azərbaycan Respublikasının keçmiş prezidenti Heydər Əliyevin onun haqqında dediyi fikirlər tamaşaçı diqqətini cəlb edir.

    Muzeyin ekspozisiyasında 1941-1945-ci illərdə alman faşizminə qarşı müharibələrdə naxçıvanlıların iştirakına dair xüsusi guşə vardır. Həmin guşədə Naxçıvan əhalisinin müharibəyə köməyindən bəhs edən yazılı məlumat, naxçıvanlı hərbi sərkərdələrin, Sovet İttifaqı Qəhrəmanlarının və müharibə iştirakçılarının portretləri asılmışdır. Guşədə həmçinin hərbi dövrünə aid çoxsaylı sənədlər, təltiflərin nümunələri, xəritə, hərbi geyim nümunəsi və digər maraq doğuran materiallar nümayiş etdirilir.

    Ekspozisiyadakı “Tarixin qan yaddaşı” adlı guşə muzeyə gələnlər arasında xüsusi maraq doğurur. Xüsusi tərtibatla hazırlanmış guşədə Dağlıq Qarabağ və onun ətrafında baş verən hadisələrin, xalq milli azadlıq hərəkatının, 1990- cı il Bakıda və Naxçıvanda Qanlı 20 Yanvar hadisələrini əks etdirən çoxlu fotoşəkillər, kitablar, qəzet və jurnal materialları toplanmışdır.

     Müasir dövrü əhatə edən ekspozisiya Azərbaycan Respublikasının eks prezidenti Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən sərgi ilə sona çatır. Sərgidə onun Naxçıvan şəhərində anadan olduğu evin maketi müxtəlif dövrlərdə çəkilmiş fotoşəkillər, büstü, Azərbaycan xalq rəssamı T.Salahov tərəfindən çəkilmiş portreti geniş tamaşaçı kütləsinin marağına səbəb olur. Sərgidə həmçinin Heydər Əliyevin əsərləri və onun haqqında yazılmış kitablar, qəzet və jurnal materialları toplanmışdır. Naxçıvan diyarının tarixi çox zəngindir. Bu zənginlik Naxçıvan MR Dövlət Tarix Muzeyinin eksponatlarında da öz əksini tapmışdır.

    

                                                                         Nizami Rəhimov

                                                Naxçıvan Dövlət Tarix Muzeyinin direktoru, Naxçıvan

                                                      Muxtar Respublikası Əməkdar Mədəniyyət işçisi

 

AMEA-nın Naxçıvan Bölməsinin elmi əsərləri- 2004 Naxçıvan, səhifə-64-66

“Azərbaycan” qəzeti. 03 avqust 2004-cü il

 Naxçıvan şəhəri, İstiqlal küçəsi 92

 

 tarixmuzeyi@nakhchivan.az 

 

(+994 36) 545 01 39

 

(+994 36) 545 01 36

 

082945
Bugün
Dünən
Bu həftə
Bu ay
Ümumi
78
25
184
968
82945

© 2020 Bütün hüquqlar qorunur. Dizayn və proqramlaşdırma Nakhinternet