Naxçıvan Zoğala kəndindən tapılmış qrifonlar haqqında
Qədim Naxçıvan Azərbaycanın qədim və orta əsrlər dövrünün tarixini öyrənmək üçün əsas mənbə hesab edilən yeraltı və yerüstü arxeoloji abidələrlə, maddi mədəniyyət nümunələri ilə zəngin bir diyardır. Bu ərazidə zaman-zaman aparılan arxeoloji qazıntılar və tədqiqatlar nəticəsində əldə olunan maddi-mədəniyyət nümunələri Azərbaycanın və həmçinin Naxçıvanın indiyədək qədim və orta əsrlər dövrünün tarixini, adət və ənənələrini, sənətkarlığını öyrənib tədqiq etmək baxımından əvəzsiz mənbələr hesab olunmuşdur. Ötən illər ərzində bu mənbələrə istinad olunaraq yüzlərlə elmi tədiqiqat işləri aparılmış və onların nəticələri elmi məcmuələrdə, kitablarda və kütləvi informasiya vasitələrində çap olunmuşdur.
Belə məlumatlardan biri də vaxtilə Naxçıvanda tapılmış qrifonlarla bağlıdır.
Azərbaycan Sovet Ensiklopediyasının 4-cü cildində “Zoğallı” kəndi haqqındakı məqalədə göstərilir:
Zoğallı - Naxçıvan şəhərindən 35 km şimal-şərqdə Qazançı kəndinin yaxınlığında, Əlincə çayının sol sahilində qədim yaşayış yeri. Zoğallıda qartal başlı, aslan bədənli 2 tunc qrifon tapılmışdır (1934). Qirifonlardan biri dövlət Ermitajında (Leninqrad) digəri Azərbaycan Ədəbiyyatı muzeyində saxlanılır. Zoğallıda daş qutu qəbir, e.ə. II-I minilliklərə və antik dövrə aid keramika məmulatı qalıqları, oturacağı kvadrat şəkilli sütun altlığı (Sasanilər dövrünə aid) və s. aşkar edilmişdir.
Onu da qeyd etmək lazımdır ki, ədəbiyyatda bu kəndin adı Zağalı, Zoğalı, Zoğallı kimi də yazılmışdır
Ensiklopediyadakı bu yazıdan göründüyü kimi bu gün Rusiyanın Sankt Peterburq şəhərindəki Dövlət Ermitajında və Bakıdakı N.Gəncəvi adına, Azərbaycan Ədəbiyyatı Muzeyində qorunub saxlanılan tuncdan hazırlanmış VI-VII əsrlərə aid iki ədəd orjinal formalı qrifon Naxçıvanda tapılmışdır.
Qrifonların məhz Naxçıvanda tapılması bu sahəyə marağı artırmaqla bərabər bir sıra araşdırmalar aparmağa vadar etdi.
Araşdırmalardan məlum olmuşdur ki, XX əsrin 30-40–cı illərində Naxçıvan Dövlət Tarix-Diyarşünaslıq Muzeyinin (indiki Naxçıvan MR Dövlət Tarix Muzeyi) direktoru işləmiş Mirbağır Mirheydərzadənin Azərbaycan Respublikası MEA Əlyazmalar İnstitutunun fondunda qorunub saxlanılan əlyazmalarında Naxçıvanda tapılan qrifonlar haqqındakı qeydlərdən aydın olur ki, Əbrəqunus (indiki Culfa) rayonunun Zoğala kənd sakini Qurban adlı bir nəfər özünə məxsus olan torpaq sahəsində yaz tarla işləri zamanı cütlə yer şumlayarkən təxminən 1 metr dərinlikdə torpağın altından çıxan iki ədəd qrifon tapmışdır və o, bundan xəbər tutan kimi 1931-ci ilin iyun ayında Naxçıvan MSSR Xalq Maarif Komisarlığının icazəsi ilə qrifonların tapıldığı Zoğala kəndinə getmiş və qrifonun birini əldə edib Naxçıvan Tarix Muzeyinə gətirmişdir. Bundan sonra həmin qrifon muzeyin ekspozisiyasında nümayiş etdirilməyə başlamışdır.
1934-cü ildə Bakıdan Naxçıvana gəlmiş bir neçə nəfərdən ibarət olan arxeoloji ekspedisiyasının üzvlərindən biri İ.P.Şeblikin Azərbaycan SSR Elmlər Akademiyasının Məruzələrinin 1946-cı il sayının II cildində çap olunmuş məqaləsində göstərir: “Biz Naxçıvanda olarkən Tarix Diyarşünaslıq Muzeyində olub eksponatlarla tanış olarkən Zoğala kəndindən tapılmış və tuncdan hazırlanmış qrifon bizim diqqətimizi cəlb etdi. Həmin eksponat barədə muzeyin əməkdaşlarından ətraflı məlumat aldıqdan sonra bu cür maraqlı tapıntıya görə Zoğala kəndinə yollandıq. Hazırda Elmlər Akademiyasının Tarix Muzeyində saxlanılan həmin qrifonun ikinci nüsxəsini Zoğala kəndində əldə etmək bizə nəsib oldu”.
Qrifonun ikinci nüsxəsini əldə etdikdən sonra ekspedisiya üzvləri qrifonun tapıldığı ərazidə təxminən 1 metr dərinlikdə yenidən qazıntı işləri aparmışlar. Lakin, bu qazıntı-axtarışdan heç bir nəticə əldə edilməmişdir.
Faktlardan göründüyü kimi, Naxçıvanda tapılmış qrifonlardan birincisi 1931-ci ildə Naxçıvan Tarix Diyarşünaslıq Muzeyinin direktoru M.Mirheydərzadə tərəfindən, ikincisi isə 1934-cü ildə Elmlər Akademiyası arxeoloji ekspedisiyanın üzvləri tərəfindən əldə edilmişdir.
Maraqlıdır ki, vaxtilə bu ərazidən tapılmış iki qrifondan heç biri bu gün Naxçıvanda deyildir. Yuxarıda göstərdiyimiz kimi qrifonlardan biri 1934-cü ildə SSRİ Elmlər Akademiyası Azərbaycan filialının əməkdaşları tərəfindən əldə edilərək Bakı şəhərinə aparılıb Azərbaycan Tarix Muzeyinə verilmişdir. Çox güman ki, 1945-ci ildə N.Gəncəvi adına Azərbaycan Ədəbiyyatı Muzeyi təşkil edilən zaman həmin qrifon da digər eksponatlarla birlikdə Tarix muzeyindən Ədəbiyyat muzeyinə verilmiş və bu gün də həmin muzeydə saxlanılır.
Bəs 1931-ci ildə Naxçıvan Tarix-Diyarşünaslıq muzeyində nümayiş etdirilən qrifon haradadır? Bu barədə o zaman muzeyin direktoru olmuş M.Mirheydərzadə özünün əlyazmalarında göstərir ki, 1936-cı ildə Dövlət Ermitajının direktoru Orbeli İosif Abqaroviç muzeyə məktub yazıb tələb etmişdir ki, nəyə görə Naxçıvanda tapılmış qrifon indiyədək Ermitaja göndərilməyib.
Şübhəsiz ki, bu cür amiranə tələbdən sonra Naxçıvan Tarix -Diyarşünaslıq Muzeyindəki qrifon Leninqrad (indiki Sankt Peterburq) Dövlət Ermitajına göndərilmiş, yaxud ordan kimsə gəlib onu özü ilə aparmışdır.
M.Mirheydərzadənin əlyazmalarındakı qeydlərində göstərilir ki, həmin qrifonun Dövlət Ermitajına verilməsilə əlaqədar yazılı sənədlər Naxçıvan Tarix- Diyarşünaslıq Muzeyində saxlanılır.
Təəsüf ki, o dövürdə muzeyin kargüzarlıq sahəsində lazımi qeydiyyat işləri aparılmadığından həmin sənədlər bu günümüzədək qorunub saxlanılmamışdır.
Onu da qeyd etmək lazımdır ki, XIX əsrin axırları və XX əsrin əvvələrində qədim Naxçıvan diyarı görkəmli tarixçi alimlərin, arxeoloqların, etnoqrafların diqqət mərkəzində olmuşdur. Onlar hər dəfə Naxçıvanda olarkən xalqımızın tarixi, etnoqrafiyası, sənətkarlığı və digər sahələri ilə bağlı, gördükləri və əldə etdikləri maddi mədəniyyət nümunələrini özləri ilə götürüb aparmışlar ki, sonradan da həmin mədəniyyət sərvətləri dünya muzeylərini bəzəmişdir və bu gün də onlar nadir eksponatlar sırasında dayanırlar. Vaxtilə Naxçıvanda tapılmış qrifonların da taleyi məhz belə olmuşdur.
Bu gün bütün bunlara görə təəsüf hissi keçirsək də həm də özümüzdə təskinlik tapırıq ki, nə yaxşı həmin qrifonlardan biri bu gün Azərbaycanda, N.Gəncəvi adına Ədəbiyyat Muzeyindədir.
Nizami Rəhimov
Naxçıvan Dövlət Tarix Muzeyinin direktoru, Naxçıvan
Muxtar Respublikasının Əməkdar Mədəniyyət işçisi
Milli Azərbaycan Tarixi Muzeyi-2007 Bakı. Elm toplusu, səhifə-298-300