MƏQALƏLƏR

Naxçıvan tarixini yaşadan muzey

      Xalqımızın tarixini qədim zamanlardan bu günədək özündə yaşadan, milli mədəni sərvətlərimizin toplandığı və qorunub saxlandığı muzeylərimiz bu gün tariximizin məbədgahlarına çevrilmişdir. Naxçıvanın tarixini özündə yaşadan və nümayiş etdirən belə məbədgahlardan biri də Naxçıvan MR Dövlət Tarix Muzeyidir.

    Tarixdən məlumdur ki, dünyanın bir çox ölkələrində muzeylərin yaranması tarixi XVIII-XIX əsrlərə təsadüf edir. Azərbaycanda isə dövlət tərəfindən muzeylərin yaradılmasına ötən əsrin 20-ci illərində başlanmışdır. Bununla belə qeyd etmək lazımdır ki,  hələ vaxtı ilə tarixi, mədəni irsin qorunub saxlanmasında, mühafizəsində və təbliğində muzeylərin rolunu və əhəmiyyətini lazımınca dəyərləndirən Naxçıvanın vətənpərvər övladları da burada muzey yaradılmasına təşəbbüs göstərmişlər. Filologiya elmləri namizədi Lətif Hüseynzadənin, təqaüdçü Səttar Məmmədovun və yaşlı nəslə mənsub olan digər ziyalıların məlumatlarından aydın olur ki, hələ XIX əsrin axırlarında Naxçıvanın Nehrəm kəndində görkəmli yazıçı və dramaturq Cəlil Məmmədquluzadə, XX əsrin ikinci on illiyində Naxçıvan şəhər sakini Balabəy Əlibəyov, Mirbağır Mirheydərzadə və digər vətənpərvər oğullar muzey yaradılması sahəsində nəcib təşəbbüsün öndərlərindən olmuşlar. Balabəy Əlibəyovun Naxçıvan şəhərindəki şəxsi mənzilində yaratdığı muzeydəki materiallar ilk vaxtlarda əsasən qədim və orta əsrlər dövrünə aid saxsı və mis qablardan, məişət əşyalarından, toxuculuq məmulatlarından ibarət olmuşdur.

       Sonrakı illərdə muzey yaradılmasına Naxçıvanın yerli höküməti özünün qayğı və himayəsini göstərmişdir. 1924-cü ilin oktyabrında Naxçıvanda ilk muzeyin rəsmi olaraq yaradılması üçün qərar qəbul olunmuşdur. Naxçıvan MSSR Xalq Komissarları Sovetinin 30 oktyabr 1924-cü il tarixli qərarı ilə  Naxçıvan şəhərində tarix-etnoqrafiya muzeyi yaradılmış, həmçinin Naxçıvan MSSR Xalq Maarif Komissarlığına tapşırılmışdır ki, ayrı-ayrı evlərdə və şəxslərdə saxlanılan tarixi etnoqrafiq əhəmiyyətə malik olan əşyaların muzeydə mühafizə edilməsi üçün tədbirlər görsün.

       Tarix-Etnoqrafiya Muzeyini zənginləşdirmək məqsədilə Naxçıvan MSSR XKS-nin 6 yanvar 1926-cı il tarixli qərarı ilə Naxçıvan şəhər sakini Balabəy Əlibəyovun yaratdığı muzey dövlət mülkiyyətinə götrülmüş və onun evindəki muzey əhəmiyyətli əşyalar komissiya vasitəsilə muzeyə təhvil verilmişdir. Balabəy Əlibəyovun özü isə həmin muzeyə müdür təyin edilmişdir.

        Sonrakı illərdə Naxçıvan Tarix-Etnoqrafiya Muzeyinin zənginləşməsində 1925-ci ildə Naxçıvanda yaradılan “Naxçıvan Tədqiq- Tətəbbö” Cəmiyyətinin xüsusi rolu olmuşdur. Bu cəmiyyətin elmi katibi Mirbağır Mirheydərzadə tarix-etnoqrafiya muzeyinin zənginləşməsi və inkişafına böyük əmək sərf etmişdir. O, keçmiş sovet arxeoloqları ilə birlikdə muxtar respublika ərazisində arxeoloji qazıntı işləri aparmışdır. Həmin qazıntılar nəticəsində əldə edilən maddi-mədəniyyət nümunələrinin bir qismi hazırda Naxçıvan MR Dövlət Tarix Muzeyində saxlanılır.

     Naxçıvan MSSR Xalq Maarif Komissarlığı Mirbağır Mirheydərzadənin elmi -tədqiqat sahəsindəki bilik və bacarığını nəzərə alaraq 27 avqust 1930-cu il tarixli, 362-saylı əmri ilə onun Naxçıvan Tarix-Etnoqrafiya Muzeyinə direktor təyin etmiş və fasiləsiz olaraq o, bu vəzifədə 25 il çalışmışdır.

      1924-cü ildə yaradılan tarix-etnoqrafiya muzeyi sonrakı illərdə  tarix-ölkəşünaslıq muzeyinə çevrilmiş və XX əsrin 60-cı illərinin axırınadək o, Azərbaycanın ilk realist rəssamı Bəhruz Kəngərlinin adını daşımışdır. 60-cı illərin sonlarından isə  Dövlət Tarix Muzeyi kimi fəaliyyət göstərir.    

      Son illər muxtar respublikada nəinki yeni-yeni muzeylərin təşkilinə, həm də onların maddi-texniki bazasının möhkəmləndirilməsinə, muzeylərin iş şəraitinin yaxşılaşdırılmasına daha çox diqqət və qayğı göstərilir. Naxçıvan MR Dövlət Tarix Muzeyi də belə qayğı ilə əhatə olunmuşdur. Naxçıvan Muxtar Respublikasının yaşıdı olan bu muzey yeni binaya köçürülmüşdür. 2000-ci il noyabrın 4-də muzeyin yeni binasının təntənəli açılış mərasimi olmuşdur. Mərasimdə Naxçıvan MR Ali Məclisinin sədri V.Talıbov iştirak etmişdir.

       Naxçıvan MR Dövlət Tarix Muzeyi ötən illər ərzində xeyli inkişaf etmiş, muxtar respublikanın iri mədəniyyət və elmi tədqiqat müəssisələrindən birinə çevrilmişdir. Hazırda Dövlət Tarix Muzeyinin fondunda və ekspozisiyasında Azərbaycan xalqının tarixi keçmişi və bu günü ilə bağlı 10 şöbəni əhatə edən 40 minə yaxın maddi mədəniyyət nümunəsi qorunub saxlanılır və nümayiş etdirilir. Onların içərisində Naxçıvanın qədim dövründən bu gününədək olan tarixi özündə əks etdirən maddi mədəniyyət nümunələri, arxeoloji tapıntılar, xalq tətbiqi sənət əsərləri, numizmatik materiallar, qrafika, heykəltaraşlıq, təsviri sənət əsərləri və digər materiallar xüsusi yer tutur. Muzeyin ekspozisiyası əsasən qədim, orta əsr, yeni və ən yeni dövrü əhatə edir. Bu gün Tarix Muzeyi Naxçıvan Muxtar Respublikasının ən böyük və aparıcı muzeyi olmaqla elmi tədqiqat və mədəniyyət müəsissələrindən biri kimi fəaliyyət göstərir. Muzey Naxçıvan diyarının tarixini öyrənməklə bərabər Muxtar Respublikada maddi mədəniyyət nümunələrini toplayır və qoruyub saxlayır. Naxçıvanın tarixi abidələri Azərbaycan tarixinin öyrənilməsi üçün olduqca əhəmiyyətlidir. Burada insan həyatı lap qədim dövrlərdən başlamış və müxtəlif inkişaf mərhələləri keçmişdir. Bunu diyarımızın tarixinin müxtəlif dövrlərini özündə əks etdirən arxeoloji və memarlıq abidələri də təsdiq edir. Bu abidələr son buzlaşmadan başlayaraq indiyədək Naxçıvanın tarixini mədəni-tarixi proses kimi izləməyə imkan verir.

      Ekspozisiyada müxtəlif çeşidli əmək alətləri, paleolit və neolit dövrününü əşyaları: dən daşları, nukleuslar, obsidiondan lövhələr, daş çəkiclər, həvəng və dəstələr, sümük bizlər nümayiş etdirilir. Bütün bu nadir maddi mədəniyyət abidələri Naxçıvan Muxtar Respublikası ərazisində aparılmış arxeoloji qazıntılar zamanı aşkara çıxarılmışdır. I Kültəpə, II Kültəpə, Naxçıvan nekropolu, Şortəpə, Şahtaxtı və digər yaşayış yerləri ən mühüm mədəniyyət mərkəzləri olmuşdur. Bu abidələr və arxeoloji materiallar arasında forma müxtəlifliyi və zəngin boya bəzəmələri ilə fərqlənən qablar xüsusi yer tutur. Boyalı qabların bir qismi mifoloji səhnələrlə, heyvan və quş rəsmləri ilə bəzədilmişdir.

      Naxçıvan tarixinin müəyyən bir dövrü üçün küp qəbirlər xarakterikdir. Belə qəbirlərə Qoşadizə, Naxçıvan şəhəri, Əliabad, Camaldın və başqa yerlərdə rastlanmışdır. Muzeyin ekspozisiyasında belə küp qəbirlərdən biri nümayiş olunur.

       Əldə edilmiş çoxsaylı arxeoloji materiallar və yazılı mənbələrdən belə nəticə çıxarmaq olar ki, Naxçıvan Cənubi Qafqazın ən qədim şəhərlərindən biri olmuşdur. Məhşur tarixçi alimlər K.A. Nikitin, S.A.Zelinski, F.A.Brokhauz, İ.A. Yefron və başqları belə hesab edirdilər ki, şəhərin yaranma tarixi bizim eradan əvvəl II minilliyin ortalarına aiddir. Orta əsrlərdə Naxçıvan Şərq ilə Qərb arasında ticarət yollarının kəsişmə nöqtəsində yerləşirdi. Naxçıvan Muxtar Respublikası ərazisində aşkar olunan mis və gümüş pullar dəfinəsi müxtəlif ölkələrlə ticarət əlaqəsinin olduğunu göstərir. Bu dövrdə Naxçıvanda yerli zərbxanalar da olmuşdur . Ekspozisiya zallarında çox saylı eksponatlar arasında orta əsr döyüşçüsünün hərbi geyimi və hərbi ləvazimatlar nəzəri cəlb edir. Geyim dəsti metal dəbilqədən, torşəkilli köynəkdən, qılınc və qalxandan ibarətdir. Orta əsr ordusunun qarşısında aparılan “Ordu nişanı” ekspozisiyanın qiymətli eksponatlarındandır. Ekspozisiyada müxtəlif tipli odlu və soyuq silahlar, dərvişlərə aid əşyalar və nadir məişət əşyaları nümayiş etdirilir.

     XII-XV əsrlərdə Azərbaycanda olmuş xarici səyyahlar Gəncə, Bərdə, Şamaxı, Təbriz, Bakı və Ərdəbil ilə yanaşı Naxçıvanda da çoxlu sayda xalça və xalça toxuyan, misgərlik, dulusçuluqla məşğul olan böyük karxanaların olduğunu qeyd edirlər. Onlar Azərbaycanda, xüsusilə, Naxçıvanda istehsal olunan bədii sənət nümunələrinin Qərbi Avropadakı sənət nümunələrindən daha yüksək səviyyədə olduğunu söyləmişlər. Bu onunla izah olunur ki, Naxçıvan bir zamanlar yaxın Şərqin mühüm memarlıq və incəsənət mərkəzi olmuşdur. Naxçıvan diyarı dünya mədəniyyət xəzinəsinə çox dəyərli əsərlər hədiyyə etmiş və onu zənginləşdirmişdir.  Naxçıvan özünün mahir və bacarıqlı memarları ilə şöhrət tapmışdır. Əcəmi Əbubəkr oğlu Naxçıvani öz dövrünün ən məhşur memarlarından omuşdur. O, 1162-ci ildə Yusif Küseyir oğlu, 1186-cı ildə isə Mömünə Xatun türbələrini inşa etmişdir. Bu möhtəşəm abidə Atabəy Şəmsəddin Eldənizin oğlu Cahan Pəhləvanın anası ehtimal olunan Möminə Xatunun şərəfinə tikilmişdir. XVI əsrdə Naxçıvan memarı Cəmaləddin Xanağa kəndində böyük Azərbaycan şairi Fəzlullah Nəiminin qəbri üzərində Xanəgah türbəsini ucaltmışdır. Bu tarixi abidələr memarlıq sənətinin ən qiymətli inciləri hesab olunur. Naxçıvan memarlıq məktəblərinin təsiri nəticəsində Marağada, Urmiyada və İstanbulda gözəl memarlıq abidələri yaradılmışdır. Muzeydə yaradılmış xüsusi zal özünün gözoxşayan şəkilli materialları ilə bu abidələr haqqında geniş təsəvvür yaradır.

         Naxçıvan sənətkarlarının bacarığı, məharəti, xüsusilə dekorativ tətbiqi sənət nümunələrində üzə çıxır. Xalq ustaları çox gözəl, möhtəşəm əşyalar yaratmışdır. Burada dekorativ tətbiqi sənətin bütün növləri-xalçaçılıq, zərgərlik, misgərlik, dulusçuluq, nəqqaşlıq çox inkişaf etmişdir.

       Vaxtilə Naxçıvanda hazırlanmış və bu gün muzeyin ekspozisiyasında nümayiş etdirilən keramika nümunələri incəliyi, yüksək sənətkarlığı ilə həmişə böyük tamaşaçı marağına səbəb olur. XII-XV əsrlərdə Naxçıvanda olmuş səyyahlar öz gündəliklərində çox gözəl, bənzəri olmayan qablardan və əşyalardan söhbət açırlar. Bu nadir sənət əsərləri Naxçıvan ərazisində çıxarılmış müxtəlif metallar-qızıldan, gümüşdən və misdən hazırlanmışdır. Naxçıvanda bədii metal sənətkarlığının inkişaf etdiyini göstərən xeyli sənət nümunələri muzeyin ekspozisiyasında nümayiş etdirilir.

         Vaxtilə Naxçıvana səyahət etmiş səyyahların yazılarından məlum olur ki, orta əsrlər dövründə Naxçıvanda yerli əhali tərəfindən həm daxili, həm də xarici bazarlar üçün külli miqdardarda yüksək keyfiyyətli ipək və kətandan müxtəlif parçalar, xalça, palaz, kilim və sair sənət nümunələri hazırlanmışdır. Xüsusilə Naxçıvan şəhərində və Ordubadda da ipək parçalar istehsalı geniş yayılmışdır. Mahir ustalar yüksək keyfiyyətli və gözəl parçalar toxuyurdular. Qadın üst paltarları keyfiyyətli, zərif naxışlı ipək yaylıqlar, baş örtükləri toxuculuq sənətinin ən gözəl nümunələri kimi indi də muzeydə saxlanılır. İpək və atlas parçalardan tikilmiş paltarlar, geyimlər Naxçıvan əhalisi üçün xarakterik idi. Zamanəmizə qədər gəlib çatmış parça tikələri göstərir ki, onların toxunma üsulu və bədii tərtibatı öz dövrünə görə çox yüksək səviyyədə olmuşdur.

            Təbriz Miniatür məktəbi Azərbaycanın digər şəhərlərində də miniatür sənətinin ikişafına öz müsbət təsirini göstərmişdir. XV əsrdə Azərbaycanda bu incəsənət növü özünün ən yüksək zirvəsinə çatmışdır. Naxçıvan MR Dövlət Tarix Muzeyində saxlanılan miniatür nümunələri, insan və təbiət təsvirləri olan kitab cildləri çox valehedicidir.

        Dekorativ sənətin əsas nümunələrindən biri olan xalçaçılıq ilə miniatür sənəti arasında sıx əlaqə vardır. Naxçıvan tətbiqi sənət nümunələri arasında əsas yeri xalçaçılıqla bağlı olan toxuculuq məmulatları tutur. Milli ornamentlərlə işlənmiş at və dəvə üzəngiləri, xurcunlar, heybələr, məfrəşlər və bunlara bənzər xalçaçılıq nümunələri, bədii tikmələr Azərbaycan xalqının necə zəngin tarixi incəsənətə malik olduğundan xəbər verir.

     Muzeydə ekspozisiya boyu təqdim olunan bədii rəsm və qrafika əsərləri zalların mövzusu ilə həmahənglik təşkil edir. Ekspozisiyada Azərbaycanın görkəmli rəssamlarından Toğrul Nərimanbəyov, Tahir Salahov və digər rəssamların əsərləri nümayiş olunur.

    Muzeydə müasir dövrə aid ekspozisiya 1918-ci ildə yaradılmış Azərbaycan Demokratik Respublikasının fəaliyyətindən bəhs edən materialların nümayişi ilə başlayır. Həmin materiallar arasında Azərbaycanın 1918-1920-ci illərə dair xəritəsi, Azərbaycanın dövlət atributları, Naxçıvan tarixində mühüm rol oynayan tarixi Moskva və Qars müqavilələri xüsusi yer tutur. Həmin zalda Qars müqaviləsini imzalayan, 1918-1920-ci illərdə Naxçıvanda olmuş Kazım Qarabəkir Paşa ilə əlaqədar materiallar , xüsusi ilə Azərbaycan Respublikasının Prezidenti cənab Heydər Əliyevin onun haqqında dediyi fikirlər tamaşaçı diqqətini cəlb edir.

        Muzeyin ekspozisiyasında 1941-1945-ci illərdə alman faşiziminə qarşı müharibədə naxçıvanlıların iştirakına dair xüsusi guşə vardır. Həmin guşədə Naxçıvan əhalisinin müharibəyə köməyindən bəhs edən yazılı məlumat, naxçıvanlı hərbi sərkərdələrin, Sovet İttifaqı Qəhrəmanlarının və müharibə iştirakçılarının portretləri asılmışdır. Guşədə həmçinin həmin müharibə dövrünə aid çoxsaylı sənədlər, təltiflərin nümunələri, xəritə, hərbi geyim nümunəsi və digər maraq doğuran materiallar nümayiş etdirilir.

        Ekspozisiyadakı “Tarixin qan yaddaşı” adlı guşə muzeyə gələnlər arasında xüsusi maraq doğurur. Xüsusi tərtibatla hazırlanmış guşədə Dağlıq Qarabağ və onun ətrafında baş verən hadisələri, xalq milli azadlıq hərakatını, 1990-cı il Bakıda və Naxçıvanda “Qanlı 20 yanvar” hadisələrini əks etdirən fotoşəkillər, kitablar, qəzet və jurnal materialları toplanmışdır. Həmin guşənin yerləşdiyi salonda həmçinin “Azərbaycanlılara qarşı ermənilərin soyqırımı siyasəti”ndən bəhs edən sərgi də nümayiş olunur. Sərgidəki materiallar əsasında tamaşaçılar mənfur ermənilər tərəfindən Azərbaycan xalqına qarşı zaman- zaman həyata keçirilən soyqırımlar barədə məlumatlara malik olmaq imkanı əldə edirlər.

        “Müstəqilliyimiz əbədidir və sarsılmazdır” mövzusundakı stasionar sərgi daim tamaşaçı marağına səbəb olur. Sərgidə Azərbaycanın Dövlət Müstəqilliyi, Azərbaycanın dövlət atrabutları haqqında məlumatlar, Azərbaycan Respublikasının  Prezidenti Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən sərgi ilə sona çatır. Sərgidə onun Naxçıvan şəhərində anadan olduğu evin maketi, müxtəlif dövrlərdə çəkilmiş fotoşəkilləri, büstü, Azərbaycanın xalq rəssamı Tahir Salahov tərəfindən çəkilmiş portreti geniş tamaşaçı kütləsinin marağına səbəb olur. Sərgidə qoyulmuş vitrinlərdə həmçinin Heydər Əliyevin əsərləri və onun haqqında yazılmış kitablar, qəzet və jurnal materialları toplanmışdır. Bundan əlavə möhtərəm H.Əliyevin anadan olmasının 80-illik yubileyi ilə əlaqədar sərgidə yeni tərtibat işləri aparılmış, H.Əliyevə həsr olunmuş xalçaların fotoşəkillərindən ibarət sərgi təşkil edilmişdir.

          Naxçıvan diyarının tarixi çox zəngindir. Bu yazıda Naxçıvan tarixini özündə yaşadan muzeyimiz haqqında qısa və ümumləşdirilmiş məlumat verdik. Biz çox şad oluruq ki, muzeyimizə gələn hər bir tamaşaçıya qədim Naxçıvan diyarının tarixinin ayrı-ayrı dövrləri haqqında ətraflı məlumat verək.

       Düşünürük ki, bu, “Mədəni-maarif” jurnalının bütün oxucuları üçün maraq doğuracaq və bir gün Naxçıvana səfərləri zamanı dediklərimizi öz gözləri ilə görəcəklər.

 

   

                                                                      Nizami Rəhimov

                                                Naxçıvan Dövlət Tarix Muzeyinin direktoru, Naxçıvan

                                                        Muxtar Respublikası Əməkdar Mədəniyyət işçisi

 

 “Mədəni –Maarif” jurnalı №5/6-2003 Bakı. səhifə-49-50

 

 Naxçıvan şəhəri, İstiqlal küçəsi 92

 

 tarixmuzeyi@nakhchivan.az 

 

(+994 36) 545 01 39

 

(+994 36) 545 01 36

 

082740
Bugün
Dünən
Bu həftə
Bu ay
Ümumi
13
30
111
763
82740

© 2020 Bütün hüquqlar qorunur. Dizayn və proqramlaşdırma Nakhinternet