MƏQALƏLƏR

Naxçıvan Tarix – Etnoqrafiya Muzeyinin təşəkkülündə “Tədqiq və Tətəbbö” Cəmiyyətinin rolu (1925-1928-ci illər)

     1920-ci ildə Bakıda Azərbaycan Dövlət Muzeyinin, 1923-cü ildə Azərbaycan Arxeologiya  Komitəsinin və Azərbaycanı Öyrənən “Tədqiq və Tətəbbö” Cəmiyyətinin yaradılması, 1924-cü il sentyabr ayının 21-dən 24-dək Bakıda Ümumazərbaycan diyarşünaslarının qurultayının keçirilməsi həmin dövrdə respublikada nəinki muzey işinə təkan vermiş, həm də muzeylərin təşəkkülündə və inkişafında mühüm rol oynamaqla bərabər zəngin tarixə malik olan Azərbaycanın digər bölgələrində də dövlət muzeylərinin yaradılması ehtiyacını doğurmuşdur.

      Məhz buna görə də Naxçıvan Muxtar Respublikası təşkil edildikdən bir qədər sonra, yəni 30 oktyabr 1924-ci il tarixdə Naxçıvanda Tarix- Etnoqrafiya Muzeyinin yaradılması haqqında Naxçıvan MSSR Xalq Komissarları Şurası qərar qəbul etdi. Həmin qərarda həmçinin  Naxçıvan MSSR Xalq Maarif Komissarlığına tapşırılmışdır ki, ayrı-ayrı təşkilatlarda, evlərdə, şəxslərdə saxlanılan muzey əhəmiyyətli tarix-etnoqrafik əşyaların muzeydə mühafizə edilməsi üçün tədbirlər görsün

    Araşdırmalardan məlum olur ki, Naxçıvanın yerli hökuməti tərəfindən qəbul edilən bu qərar muzey quruculuğu yolunda müsbət hal kimi qiymətləndirilsə də bu yolda addımlamaq heç də asan olmamışdır. Çünki həmin dövrdə bir tərəfdən muzeyşünaslıq və muzey işi yeni sahə idisə, digər tərəfdən maddi-texniki bazanın zəif olması, kadr qıtlığı, Naxçıvanda elmi yönümlü heç bir idarə, müəssisə və təşkilatın olmaması və digər amillər də muzey quruculuğu işində müəyyən çətinliklər yaradırdı .1924-cü ilin oktyabrında yaradılması haqda qərar qəbul edilməsinə baxmayaraq Naxçıvan muzeyini formalaşdırmaq mümkün olmurdu.

      Belə bir vaxtda 1925-ci ilin əvvəllərindən təşkilatlanmağa və həmin ilin may ayından əməli olaraq fəaliyyətə başlayan Naxçıvanı Öyrənən Tədqiq və Tətəbbö Cəmiyyətinin Naxçıvanda muzey işinin, daha dəqiq desək Naxçıvan Tarix-Etnoqrafiya Muzeyinin təşəkkülündə rolu az olmamışdır.

       Naxçıvanı Öyrənən Tədqiq və Tətəbbö Cəmiyyətinin 1925-1928-ci illərdəki fəaliyyəti dövründə keçirilmiş 41 iclas protokollarının təhlilindən aydın olur ki, cəmiyyətin üzvləri, xüsusən onun elmi katibi Mirbağır Mirheydərzadə Naxçıvanda muzey quruculuğu işində fəal iştirak etmişlər

       Naxçıvanı Öyrənən Tədqiq və Tətəbbö Cəmiyyətinin 1925-ci ilin mayında yaranması və tez bir zamanda muxtar respublikanın tanınmış, fədakar ziyalılarını öz ətrafında birləşdirə bilməsi nəinki cəmiyyətin özünün işinin uğurla getməsinə, eyni zamanda Naxçıvan Tarix-Etnoqrafiya Muzeyinin fəaliyyətinə təkan verməklə onun əlavə maddi mədəniyyət nümunələri ilə zənginləşməsinə kömək etmişdir. İlk vaxtlarda cəmiyyətin üzvləri Mirbağır Mirheydərzadə, Ağa Məhəmməd (Ərbab), Mir Zeynalabdin Seyidov (Seyid Səbri), Əli Mirzəyev, məşhur şair və dramaturq H.Cavidin böyük qardaşı Şeyx Məhəmməd Rəsizadə, Qulamhüseyn İmanov, Lətif  Hüseynzadə və başqaları muzeyə eksponat toplanmasında fəal iştirak etmişlər.

      Naxçıvan Tarix-Etnoqrafiya Muzeyinin zənginləşdirmək sahəsində aparılan işlər nə qədər uğurlu olsa da, qarşıda görülməli işlər daha çox idi. Muzeyi daha da zənginləşdirmək, onun elmi yönümdə fəaliyyətini istiqamətləndirmək məqsədilə Naxçıvan MSSR Xalq Komissarları Şurası 1926-cı il yanvarın 6-da muzeylə əlaqədar yeni bir qərar qəbul edir. Həmin qərara əsasən Naxçıvan Tarix-Etnoqrafiya Muzeyini daha da zənginləşdirmək məqsədilə Naxçıvan şəhər sakini Balabəy Əlibəyovun topladığı muzey əhəmiyyətli maddi mədəniyyət nümunələrindən evində təşkil etdiyi muzeydəki materiallar dövlət mülkiyyəti elan edilir. Həmin qərarda göstərilir ki, vətəndaş B.Əlibəyovun muzeyi respublikanın mülkiyyətinə götürülsün. Vətəndaş B.Əlibəyov ayda 40 manat maaşla muzeyin müdiri təyin olunsun. Maaş Naxçıvan MSSR Xalq Komissarları Şurasının  ehtiyat fondundan verilsin. B.Əlibəyovun evində olan əşyaların siyahıya alınıb muzeyə verilməsi üçün aşağıdakı komissiya təyin edilsin: Vahab Həsənzadə, Mirbağır Mirheydərzadə, Xəlil Hacılarov, Abbasqulu Əliyarov, Balabəy Əlibəyov və Rəhmanov.

       Komissiyanın tərkibinə daxil edilən həmin şəxslər o zaman Naxçıvanı Öyrənən Tədqiq və Tətəbbö Cəmiyyətinin fəal və aparıcı üzvləri olmuşlar.

      Qədim Naxçıvan diyarı özünün tarixi zənginliyi ilə səyyahların, arxeoloqların, etnoqrafların diqqətini həmişə özünə cəlb etmiş, onlar arxeoloji qazıntılar aparmaq məqsədilə müxtəlif  dövrlərdə Naxçıvana gəlmişlər. Naxçıvan Tarix-Etnoqrafiya Muzeyi ilə Tədqiq və Tətəbbö Cəmiyyətinin  birgə işinin uğurlu nəticəsi ondan ibarət olmuşdur ki, həmin dövrlərdə bir çox yerlərdən və xüsusilə Rusiyadan gəlmiş arxeoloqların Naxçıvanda apardıqları qazıntı işləri zamanı əldə olunan maddi mədəniyyət nümunələrinin hamısının olması da, bir qisminin muzeyə verilməsi və onların Azərbaycandan çıxarılmasının qarşısını almaqdan ibarət olmuşdur.

        Tədqiq və Tətəbbö Cəmiyyəti yarandığı vaxtdan ictimaiyyətlə əlaqəyə girmiş, muxtar respublikanın ərazisində maddi mədəniyyət abidələri, tarix, el ədəbiyyatı və etnoqrafiyaya dair məlumat və materialların toplanmasına, tədqiqinə xüsusi əhəmiyyət vermiş, Rusiyanın və Azərbaycanın görkəmli arxeoloqları ilə birlikdə Naxçıvanın Şərur, Babək, Culfa, və Ordubad rayonlarının ərazilərində qazıntı işləri aparmışlar. Axtarış-qazıntı işləri zamanı əldə olunan maddi mədəniyyət nümunələri Naxçıvan Tarix-Etnoqrafiya Muzeyinə təhvil verilmişdir.

        Araşdırmalardan aydın olur ki, Naxçıvanı Öyrənən Tədqiq və Tətəbbö Cəmiyyəti özünün fəaliyyət dövründə nəinki dövlət tərəfindən yaradılmış Naxçıvan Tarix-Etnoqrafiya Muzeyinin təşəkkülündə xüsusi rol oynaması, hətta bu cəmiyyət özünün 10 noyabr 1925-ci il tarixli iclasında (protokol № 9) Xanlıq minarəsində (Möminə Xatın məqbərəsində) də muzey yaradılması barədə təklifləri müzakirə edərək müvafiq qərar qəbul etmişdir

     Cəmiyyətin 20 aprel 1926-cı il tarixli iclasının 20 №-li protokolundan isə aydın olur ki, həmin iclasda “Muzey və onun iş vaxtı” barədə məsələyə baxılmış və muzeyin həftənin cümə və bazar ertəsi günləri saat 9-dan 14-dək açıq olmasını bildirən lövhənin hazırlanıb muzeyə vurulması qərara alınmışdır.

    20№-li protokolda  söhbətin hansı muzeydən getdiyi tam aydın olmur. Çünki artıq o vaxtadək  1924-cü ildə Naxçıvan Tarix- Etnoqrafiya Muzeyi mövcud idi. Naxçıvanı Öyrənən Tədqiq və Tətəbbö Cəmiyyətinin 10 noyabr 1925-ci il tarixli (protokol № 9) iclasında isə Möminə Xatın məqbərəsində muzey yardılmasını nəzərdə tutan təkliflərə baxılmışdır.

       Filologiya üzrə elmlər doktoru F. Xəlilovun “Naxçıvanı öyrənən elmi cəmiyyət” adlı kitabındakı mülahizəsinə görə cəmiyyətin 20-ci iclas protokolundakı muzeylə bağlı məsələ Naxçıvan Tarix-Etnoqrafiya  Muzeyinə (indiki Naxçıvan Dövlət Tarix Muzeyinə) aid deyil. Çünki 1926-cı ilin aprel ayının 20-dək artıq Naxçıvan Tarix-Etnoqrafiya Muzeyi qismən formalaşmışdı və B.Əlibəyov həmin muzeyə direktor təyin edilmişdi.

       Naxçıvan Tarix-Etnoqrafiya Muzeyinin yaradılması barədə 1924-cü il oktyabr ayının 30-da qərar qəbul edilməsinə baxmayaraq, 1926-cı il yanvarın 6-da B.Əlibəyovun şəxsi muzeyinin dövlət mülkiyyətinə götürülməsi və onun özünün də həmin muzeyə direktor təyin edilməsi zərurətinin məhz tarix muzeyinin yaradılmasından kifayət qədər vaxt keçməsinə  baxmayaraq formalaşa bilmədiyinə görə yarandığını nəzərə alsaq onda ikinci mülahizə də istisna deyil ki, cəmiyyətin 20-ci iclasının protokolunda muzeyin iş vaxtının müəyyən olunması barədəki məsələ məhz Naxçıvan Tarix-Etnoqrafiya Muzeyinə aid edilə bilər.

      Üstəlik onu da qeyd etmək lazımdır ki, cəmiyyətin 9 №-li iclas protokolundan sonrakı iclas protokollarında  (10-dan 41-dək) Xan minarəsin-dəki muzey barədə heç bir qeyd yoxdur.

    Naxçıvanı Öyrənən Tədqiq və Tətəbbö Cəmiyyətinin fəaliyyətinin müəyyən mənada əks etdirən iclas protokollarının təhlilindən aydın olur ki, cəmiyyət Naxçıvan Tarix-Etnoqrafiya Muzeyinin fəaliyyəti ilə daim maraqlı olmuş, onun zənginləşməsinə müntəzəm olaraq kömək etmişdir.

     Cəmiyyətin 25 iyun 1926-cı il tarixli iclasında (protokol № 24) professor V.M.Sısoyevin Xaraba Gilanda apardığı arxeoloji qazıntı  işlərinin nəticəsi müzakirə edilmiş və qazıntı işləri zamanı əldə olunmuş arxeoloji materialların tədqiqatı qurtardıqdan sonra Naxçıvan muzeyinə verilməsi qərara alınmışdır. Azərbaycan Dövlət muzeyindəki Naxçıvanla bağlı materialların da alınıb Naxçıvan Muzeyinə verilməsinə dair qərar qəbul edilmişdir.

       12 sentyabr 1926-cı il tarixli iclasda (protokol № 29) isə professor A.A.Millerin Qızılvəngdə qazıntı işləri aparması və orada fotoşəkillərin çəkilməsi məsələsi müzakirə olunarkən cəmiyyət üzvləri o şərtlə buna razılıq vermişlər ki, Qızılvəngdə aparılacaq qazıntı zamanı əldə olunacaq materialların bir hissəsi Naxçıvan Muzeyinə verilsin

     Bundan bir qədər sonra isə cəmiyyətin 25 sentyabr 1926-cı il tarixli iclasında (protokol № 30) A.A.Millerin Qızılvəngdə apardığı arxeoloji qazıntı-axtarış işlərinin nəticələri müzakirə edilərkən orda çəkilmiş fotoşəkillərin, A.A.Millerin məruzəsi əsasında çap olunacaq kitabçasının bir nüxsəsinin və Azərbaycanda tədqiq olunduqdan sonra arxeoloji materialların bir hissəsinin , 24 iyul 1927-ci il tarixli iclasında (protokol № 38) isə Şaxtaxtının Govur qalasından tapılmış saxsı qabların Naxçıvan Tarix-Etnoqrafiya Muzeyinə verilməsi haqqında qərar qəbul edilmişdir.

     Naxçıvanı Öyrənən Tədqiq və Tətəbbö Cəmiyyəti özünün fəaliyyəti dövründə nəinki Naxçıvan Tarix-etnoqrafiya Muzeyinin yeni-yeni  eksponatlarla zənginləşməsinə, hətta muzeydəki eksponatların qorunub saxlanması məqsədilə onların inventarlaşdırılmasını da diqqət mərkəzində saxlamışdır. Cəmiyyətin 12 fevral 1927-ci il tarixli iclasında (protokol № 33) müzakirə bəndində göstərilir ki, muzey inventarlarının siyahısının tərtib edilib göndərilməsinə muzey müdiri B.Əlibəyov razılıq vermədiyinə görə bu barədə cəmiyyət tərəfindən Naxçıvan Xalq Komissarları Şurasına müraciət edilsin.

     Nəhayət cəmiyyətin sonuncu 27 avqust 1928-ci il tarixli iclasında (protokol № 41) Culfa rayonunun Yaycı kənd sakinlərindən birinin evində üzərində qızıl hərflərlə qeydlər olan Şaha Abbasa  məxsus qiymətli bir qılınc barədə məlumat verilir və həmin qılıncın alınıb Naxçıvan Tarix-Etnoqrafiya Muzeyinə verilməsinin zəruriliyi qeyd olunur. Iclasda qəbul olunmuş qərara əsasən həmin qılıncın məhəlli hökumət vasitəsilə alınması məqsədəuyğun sayılmışdır.

        Faktlardan göründüyü kimi ötən əsrin 20-ci illərinin ortalarından etibarən Naxçıvan tarixinin öyrənilməsində və bu tarixi özündə yaşatmağa başlayan Naxçıvan Tarix-Etnoqrafiya Muzeyinin (indiki Naxçıvan Dövlət Tarix Muzeyinin) təşəkkülündə və inkişafında Tədqiq və Tətəbbö Cəmiyyətinin əvəzsiz rolu olmuşdur.

       Muzey işi sahəsində Naxçıvanı Öyrənən Tədqiq və Tətəbbö Cəmiyyəti ilə Naxçıvan Tarix-Etnoqrafiya Muzeyinin 1925-1928-ci illərdəki birgə fəaliyyəti Naxçıvan tarixinin öyrənilməsi üçün əsas mənbələrdəndir və gələcəkdə bu sahədə aparılacaq tədqiqatlar Vətən tarixinin zənginləşməsinə kömək etmiş olardı.

                                                                     Nizami Rəhimov

                                                Naxçıvan Dövlət Tarix Muzeyinin direktoru, Naxçıvan

                                                        Muxtar Respublikası Əməkdar Mədəniyyət işçisi

 

Milli Azərbaycan Tarixi Muzeyi-2006 Bakı. Elm toplusu, səhifə-135

 Naxçıvan şəhəri, İstiqlal küçəsi 92

 

 tarixmuzeyi@nakhchivan.az 

 

(+994 36) 545 01 39

 

(+994 36) 545 01 36

 

026507
Bugün
Dünən
Bu həftə
Bu ay
Ümumi
68
41
109
948
26507

© 2020 Bütün hüquqlar qorunur. Dizayn və proqramlaşdırma Nakhinternet