MƏQALƏLƏR

Naxçıvan Dövlət Tarix Muzeyi muxtariyyətin yetirməsidir

     Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyinin keçirilməsi haqqında” 14 yanvar 2014-cü il tarixli Sərəncamında qeyd olunduğu kimi, çoxəsrlik dövlətçilik ənənələri olan bu diyar həmişə xalqımızın zəngin mədəni irsini layiqincə yaşatmış, yetirdiyi çox sayda görkəmli elm xadimləri, sənətkarları, tarixi şəxsiyyətləri ilə ölkəmizin sosial-iqtisadi, ictimai-siyasi həyatında əvəzsiz rol oynamışdır.

     Naxçıvan Muxtar Respublikasının həm yaşıdı, həm də yetirməsi olan Naxçıvan Dövlət Tarix Muzeyinin də yaradılmasından 90 il ötür. Muxtariyyət tariximizin  önəmli səhifələrindən olan  Naxçıvan Dövlət Tarix Muzeyinin 90 illik tarixinə qısa ekskursiyanın oxucularımız üçün maraqlı olacağına inanırıq.

     Qədim Naxçıvan diyarında muzey işinin başlanğıc tarixi XIX əsrin sonlarına təsadüf etsə də, ilk muzeyin yaradılması ötən əsrin 20-ci illərində mümkün olmuşdur. 1924-cü ilin fevral ayında Naxçıvan Muxtar Respublikası təşkil olunduqdan sonra Naxçıvan MSSR Xalq Komissarları Sovetinin 30 oktyabr 1924-cü il tarixli qərarı ilə Naxçıvan Tarix-Etnoqrafiya Muzeyi (indiki  Naxçıvan Dövlət Tarix Muzeyi) yaradılmışdır. Naxçıvan Tarix-Etnoqrafiya Muzeyinin yaradılması barədə Naxçıvanın yerli höküməti tərəfindən müvafiq qərar qəbul olunmasına və Maarif Komissarlığına müvafiq tapşırıqlar verilməsinə baxmayaraq, 1924-cü ilin oktyabrından 1925-ci ilin sonunadək muzey üçün yer ayrılmamışdır.

     Naxçıvan MSSR Xalq Komissarları Sovetinin 6 yanvar 1926-ci il tarixli iclasında “Naxçıvan Tarix-Etnoqrafiya Muzeyini zənginləşdirmək haqqında”  məsələyə baxılmış  və həmin muzeyi zənginləşdirmək məqsədilə Naxçıvan şəhər sakini Balabəy Əlibəyovun şəxsi kolleksiyasının dövlət mülkiyyətinə götürülməsi və həmin əşyaların muzeyə təhvil verilməsi üçün   üzvləri V.Həsənzadə, M.Mirheydərzadə, X.Hacılarov, A.Əliyarov və Rəhmanov olmaqla, komissiya yaradılmışdır.  Beləliklə, muzeyin əməli surətdə təşkili müəyyən mənada həll edilmiş, B.Əlibəyovun özü isə həmin vaxtdan muzeyə direktor təyin edilmişdir. O, bu vəzifədə 1930-cu ilədək çalışmışdır.

     Eksponatlarının əksəriyyəti B.Əlibəyovun şəxsi kolleksiyasının əşyalarından ibarət olan Naxçıvan Tarix-Etnoqrafiya Muzeyi 1926-cı ilin yanvar ayından fəaliyyət göstərməyə başlamışdır.

     Naxçıvan MSSR Xalq Maarif Komissarlığının tabeliyində olmasına baxmayaraq, münasib yer ayrılmadığından özü direktor olduğu müddətdə muzey B.Əlibəyovun şəxsi evində fəaliyyət göstərmişdir. B.Əlibəyovu yaxından tanıyan Naxçıvan şəhər sakinlərinin bəzilərinin verdikləri məlumata görə, onun evi Naxçıvan şəhərinin mərkəzində, indiki Atatürk küçəsində tikilməkdə olan yaşayış binasının yerində  olmuşdur. Həmin ev Naxçıvan üçün səciyyəvi olan müxtəlif ölçülü, dairəvi formalı, dəmir ornamentlərlə bəzədilmiş  darvazadan keçməklə həyətin ortasında idi. Muzeyin özü 2 otaqda və çox da böyük olmayan dəhlizdə yerləşdirlimişdi.

     İlk dövrlərdə cəmi bir neçə yüz eksponatla fəaliyyətə başlayan Naxçıvan Tarix- Etnoqrafiya Muzeyində qədim diyarın tarixinə, arxeologiyasına və etnoqrafiyasına  dair materiallar var idi. Onların arasında qızıldan hazırlanmış qadın bəzək əşyaları, qədim xalçalar, Şərq parçalarının nümunələri, qələmdanlar, saxsı və misdən hazırlanmış məişət əşyaları, qədim silahlar, Səfəvilər dövrünə aid sikkə  kolleksiyası, XIX əsrin əvvəllərində  tərtib olunmuş torpaq mülkiyyətinə dair sənədlər, tarixi memarlıq abidələrinin tikintisində istifadə olunan inşaat materiallarının nümunələri və digər maraq doğuran eksponatlar xüsusi yer tuturdu.

     Muzeyin təşəkkülündə və inkişafında 1925-ci ilin may ayında Naxçıvanda yaradılan “Tədqiq və Tətəbbö” Cəmiyyətinin və onun ətrafında toplanan ziyalıların xüsusi rolu olmuşdur. Muzeyə eksponat toplanmasında və onun zənginləşdirilməsində bu cəmiyyətin üzvlərindən M.Mirheydərzadə, Ağa Məhəmməd (Ərbab), L.Hüseynzadə, Z.Seyidov (Seyid Səbri), Ə.Mirzəyev, məşhur şair və dramaturq H.Cavidin böyük qardaşı  M.Rasizadə, Q.İmanov və digərləri fəal iştirak etmişlər. Muzeyin 1926-1930-cu illərdəki fəaliyyəti, əsasən, eksponat toplanmasından ibarət olmuşdur. 1930-cu ildə muzey rəhbərliyində kadr dəyişiklikliyi olmuş, B.Əlibəyovdan sonra "Naxçıvan Tədqiq və Tətəbbö" Cəmiyyətində elmi katib vəzifəsində işləmiş Mirbağır Mirheydərzadə Naxçıvan MSSR Xalq Maarif Komissarlığının 27 avqust 1930-cu il tarixli əmri ilə muzeyə direktor təyin edilmişdir. Həmin dövrdə Naxçıvan Tarix-Etnoqrafiya Muzeyinin adı da dəyişdirilərək Naxçıvan Tarix -Diyarşünaslıq Muzeyi adlandırılmışdır.

     Naxçıvan Mərkəzi İcraiyyə Komitəsi Rəyasət Heyətinin 1932-ci il 26 avqust tarixli iclasında “Naxçıvan Tarix-Ölkəşünaslıq Muzeyi haqqında” məsələ müzakirə olunmuş və qəbul olunan qərara əsasən, muzeyin adı yenidən dəyişdirilərək Naxçıvan Tarix-Ölkəşünaslıq Muzeyi adlandırılmış və muzeyə Azərbaycanın realist rəssamı Bəhruz Kəngərlinin adı verilmişdir. Qəbul olunan digər qərarda Oktyabr İnqilabının 15-ci ildönümü gününədək Azərbaycan Tarixi Muzeyinin  hazırladığı plan əsasında Naxçıvan Tarix-Ölkəşünaslıq Muzeyinin tamamilə yenidən qurulub başa çatdırılması üçün Azərbaycan SSR Xalq Maarif Komissarlığı tərəfindən iki nəfər muzey işçisinin Naxçıvana ezam edilməsi, muzey üçün müvafiq bina ayrılması, dövlət və təsərrüfat orqanlarının sərəncamında olan və tarixi əhəmiyyət kəsb edən əşyaların muzeyə verilməsi nəzərdə tutulmuş, həmçinin Naxçıvan MSSR Xalq Maarif  Komissarlığına təklif edilmişdir ki, Naxçıvan Vilayət Həmkarlar İttifaqları Şürası ilə birgə şagirdlərin, əsgərlərin, kolxozçuların, həmkarlar ittifaqı  üzvlərinin  mütəmadi olaraq muzeyə ekskursiyalarının təşkilinə dair tədbirlər planı hazırlasınlar.

     Həmin qərardan sonra Naxçıvan şəhərinin indiki Heydər Əliyev prospektindəki 39 saylı yaşayış binasının yanında inşa olunan binada muzeyə yer ayrılmışdır. Həmin binada muzeyin sahəsi 2 otaqdan və çox da böyük olmayan giriş qapısından keçməklə dəhlizdən ibarət olmuşdur.

     Beləliklə, muxtar respublika  partiya, sovet, təsərrüfat orqanlarının və ictimai təşkilatlarının yaxından iştirakı ilə 1932-ci ilin oktyabrında B.Kəngərli adına Naxçıvan Tarix- Ölkəşünaslıq Muzeyi həmin binada yenidən qurularaq istifadəyə verilmişdir. 1932-1940-cı illərdə muzeyin fəaliyyət dairəsi genişlənmiş və ekspozisiyası ilbəil zənginləşdirilmişdir. Yarandığı ilk illərdə 250-yə qədər eksponata malik olan muzeyin eksponatları artaraq 1932-ci ildə 2520, 1940-cı ildə isə 4880 ədəd olmuşdur. Təkcə 1940-cı ildə muzeyi 6 mindən çox tamaşaçı ziyarət etmişdir.

     1945-ci ilin mart ayında Azərbaycan SSR Elmlər Akademiyası təsis edilərkən Azərbaycan Tarixi Muzeyi akademiyanın İctimai Elmlər Bölməsinin tərkibinə daxil edildikdən sonra, respublikadakı digər muzeylər kimi, B.Kəngərli adına Naxçıvan Tarix-Ölkəşünaslıq Muzeyi də Xalq Maarif Komissarlığının tabeliyindən çıxarılaraq Azərbaycan SSR Elmlər Akademiyasının tərkibinə daxil edilmişdir. Muzey şəbəkəsinin akademiyanın tərkibində birləşdirilməsi respublikada muzey quruculuğu işinin gələcək inkişafı yolunda mühüm hadisə idi.

     B.Kəngərli adına Naxçıvan Tarix-Ölkəşünaslıq Muzeyi elmlər akademiyasının tərkibinə keçirildikdən sonra Naxçıvan şəhərində indiki “Ana dili” abidəsinin yerində yerləşən M.T.Sidqi adına 4 nömrəli səkkizillik məktəb binasının ikinci mərtəbəsində yerləşdirilmişdir.

     1930-1945-ci illərdə muzeyə  rəhbərlik etmiş Mirbağır Mirheydərzadə 1945-ci ilin avqust ayından muzey direktorluğundan ayrılmış, onu Abdulla Axundov əvəz etmişdir. Araşdırmalardan aydın olur ki, müharibədən sonrakı 1945-1955-ci illərdə muzeyin fəaliyyətində ciddi irəliləyiş olmamış, əksinə muzeydə kadr çatışmazlığı və muzey direktorunun tez-tez dəyişdirilməsi muzey işinə mənfi təsir göstərmişdir. Təkcə bir faktı göstərmək kifayətdir ki, A.Axundovdan sonra 1949-cu ilin yanvar ayından 1950-ci ilin sentyabr ayınadək muzeyə səkkiz direktor təyin edilmişdir. Səkkiz direktordan yalnız biri 6 ay, biri 5 ay, digərləri 1-3 ay müddətində muzeyə rəhbərlik etmişlər. Muzey direktorlarının tez-tez dəyişdirilməsi, muzeydə lazımi qeydiyyat və sənədləşmə işlərinin aparılmaması nəticəsində muzey eksponatlarının sayı azalmışdır. 1950-ci ilin sentyabrında Naxçıvan MSSR Xalq Maarif Komissarlığının əmri ilə Validə Vəzirova direktor təyin edilmiş və o bu vəzifədə 1956-cı ilin mart ayınadək işləmişdir.

     Naxçıvan MSSR Mədəniyyət Nazirliyi təsis edildikdən sonra muzey Naxçıvan MSSR Maarif Nazirliyinin tərkibindən çıxarılaraq Mədəniyyət Nazirliyinin tabeliyinə verilmişdir. Həmin vaxt muzey yeni binaya köçürülərək indiki Heydər Əliyev prospektindəki Türkiyə Cümhuriyyətinin Naxçıvandakı Baş Konsulluğunun yerində əvvəllər mövcud olmuş ikimərtəbəli binada 2 otaqdan ibarət sahədə yerləşdirilmişdir. Əbülqasım Sultanov 1956-cı ildə muzeyə direktor təyin edilmiş və bu vəzifədə 1982-ci ilədək çalışmışdır. Bir  müddət keçdikdən sonra Naxçıvan şəhərinin mərkəzində - Nizami küçəsi 31 ünvanındakı bina B.Kəngərli adına Naxçıvan Tarix-Ölkəşünaslıq Muzeyinə verilmişdir. Həmin binada muzeyin ekspozisiyası yenidən qurulmuşdur.

     Ötən əsrin 60-cı illərində muzey, əsasən, eksponat toplanması işi ilə məşğul olmuş, 1967-ci ilədək yeganə muzey kimi muxtar respublikada əhaliyə muzey xidməti işini həyata keçirmişdir. 60-cı illərin sonlarından etibarən Naxçıvan Dövlət Tarix Muzeyi adlandırılmışdır.

     1924-cü ildə yaradılan indiki Naxçıvan Dövlət Tarix Muzeyinin təşəkkül və inkişaf yolu ötən əsrdə 20-30-cu illərin repressiya sınaqlarından keçmiş, İkinci Dünya müharibəsinin vurduğu yaralarla üzləşmiş, həmin müharibənin acı nəticələrinin aradan qaldırılması illərini yaşamışdır. Araşdırmalar göstərir ki, bütün Azərbaycan muzeyləri kimi, Naxçıvan Dövlət Tarix Muzeyi də özünün əsl inkişaf yolunu ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi ötən əsrin 70-80-ci illərində keçmiş və bu inkişaf günümüzdə də davam etməkdədir.

     Məhz ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 1970-ci ilin yanvar ayında “Respublikada muzey işinin təkminləşdirilməsi haqqında” və 1980-cı ilin yanvarında “Respublikada muzeylərin şəbəkəsinin genişləndirilməsi haqqında” qəbul edilən qərarlar, bütün muzeylər kimi,  Naxçıvan Dövlət Tarix Muzeyinin də fəaliyyətində mühüm rol oynamış və onun inkişafına əhəmiyyətli təsir etmişdir. Məhz həmin qərarların qəbulundan sonra 1982-1983-cü illərdə muzeyin ekspozisiyası geniş mövzulu plan əsasında yenidən qurulmuşdur. 1982-ci ildə İsfəndiyar Əsədullayev muzeyə direktor təyin edilmiş və bu vəzifədə 1998-ci ilin may ayınadək çalışmışdır.

     Gənc nəslin milli-mənəvi tərbiyəsində muzeylərin rolunu layiqincə dəyərləndirən, yeni-yeni muzeylərin yaradılmasının və onların maddi-texniki bazasının möhkəmləndirilməsinin təşəbbüskarı olan ulu öndər Heydər Əliyev demişdir: “Milli ənənələrimizin  nə qədər dəyərli olduğunu dünayaya gələn yeni nəsillərə çatdırmaq və onları bu ənənələr əsasında tərbiyə etmək üçün muzeylər lazımdır”. Vaxtilə deyilmiş bu fikirlər bütün dövrlərdə öz aktuallığını qoruyub saxlamaqdadır.

     Yeni-yeni muzeylər yaratmaq, mövcud muzeylərin maddi-texniki bazasının mökəmləndirilməsinə qayğı göstərmək sahəsində əsası ulu öndər Heydər Əliyev  tərəfindən qoyulan nəcib ənənələr müstəqillik illərində də davam etdirilmişdir. Son 19 ildə Naxçıvan Dövlət Tarix Muzeyi böyük dövlət qayğısı ilə əhatə olumuşdur. Naxçıvan Muxtar  Respublikası  Ali  Məclisi Sədrinin qayğısı ilə 2000 və 2007-ci illərdə muzeyin binasında əsaslı təmir-tikinti və quraşdırma işləri aparılmışdır. Aparılmış əsaslı təmir-tikinti və quraşdırma işlərindən sonra muzeyin ekspozisiyası tamamilə yenidən qurulmuş, eksponatların həm fiziki, həm də bioloji cəhətdən etibarlı mühafizəsi üçün ekspozisiya yeni vitrinlər və saxlanc qurğuları ilə təchiz edilmişdir. 2007-ci il may ayının 18-də təmirdən sonra Naxçıvan Dövlət Tarix Muzeyinin açılışı olmuşdur.

     Yaradıldığı ilk vaxtlardan cəmi bir neçə yüz eksponatla fəaliyyətə başlayan muzeyin fond və ekspozisiyasında indi 49 mindən çox eskponat mühafizə olunmaqla həm də geniş şəkildə təbliğ olunur. Muzeydə eksponatların sayı 1991-ci ildə 35 min 382 ədəd olmuşdusa, 2000-ci ildə artaraq 38 min 631 ədəd olmuşdur. Son 15 ildə muzeyin fonduna 11 min 775 ədəd yeni eksponat daxil edilmişdir.

     Zəngin fonda malik Naxçıvan Dövlət Tarix Muzeyi 1983-cü ilin iyul ayından Azərbaycan SSR Mədəniyyət Nazirliyinin müvafiq əmri ilə tarix profilli muzeylər üçün baza müəssisəsi kimi fəaliyyət göstərir. Muzey muxtar respublikada yeni yaradılan muzeylərin fondunun təşkilində və ekspozisiyasının qurulmasında yaxından iştirak etməklə, onlara lazımi metodik köməkliklər göstərir. Buna misal olaraq müstəqillik illərində Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq sərəncamları ilə yaradılmış Sədərək və Kəngərli Rayon Tarix-Diyarşünaslıq muzeylərini, Naxçıvan Dövlət Xalça Muzeyini, Bəhruz Kəngərli Muzeyini, C.Məmmədquluzadənin ev muzeyini “Xan Sarayı” Dövlət Tarix-Memarlıq Muzeyini “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksini göstərmək olar.

     Son illərdə muzeydə elmi-tədqiqat və elmi  maarifçilik işlərinə diqqət artırılmışdır. Muzey əməkdaşlarının onlarla elmi məqalələri yerli mətbuatda və respublikada nəşr olunan qəzet və jurnallarda, elmi məcmuələrdə və toplularda dərc olunmuş, “Naxçıvan  Dövlət  Tarix Muzeyi” adlı  bələdçi-məlumat kitabçası nəşr edilmişdir. Ötən dövr ərzində muzeydə elmi maarifçilik tədbirlərinin həyata keçirilməsi sahəsində  müəyyən  təcrübə  qazanılmışdır. Muzeydə vaxtaşırı olaraq tarixi günlər ərəfəsində təşkil edilən açıq dərslər, dəyirmi masalar, elmi konfranslar, yubiley tədbirləri,  anım   mərasimləri  və  digər  elmi-kütləvi tədbirlər  əhalinin müxtəlif təbəqələrinin, xüsusilə məktəbli gənclərin muzeyə cəlb olunmalarına əsaslı stimul olmaqla, onlarda  Azərbaycançılıq məfkurəsinin formalaşdırılmasına öz müsbət təsirini göstərməkdədir.

     Naxçıvan muxtariyyətinin yetirməsi və  yaşıdı olan Naxçıvan Dövlət Tarix Muzeyi Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyi ilə əlaqədar elan olunmuş “Muxtariyyət ili”nə öz töhvəsini verməyə çalışır. Bu münasibətlə muzeyin ekspozisiyasında  bu ilin fevral ayında təşkil edilən “Naxçıvan Muxtar Respublikası - 90 il” adlı sərgidə muxtariyyət tariximizə dair yazılı məlumatlar, tarixi xəritələr, sənədlər, fotoşəkillər, kitablar, qəzet və jurnallar, həmçinin digər materiallar nümayiş olunmaqla yanaşı, bu gün Naxçıvanda  istehsal olunan sənaye məhsullarının nümunələri də tamaşaçılara təqdim edilir.

     Muzeyin kollektivi mədəni irsin qorunması və təbliği sahəsində fəaliyyətini daha da artırmaqla Naxçıvan Dövlət Tarix Muzeyinin 90 illik yubileyini yeni-yeni uğurlarla qeyd etməyə hazırlaşır.

 Nizami Rəhimov,

 Naxçıvan Dövlət Tarix Muzeyinin direktoru,

Naxçıvan Muxtar Respublikasının Əməkdar mədəniyyət işçisi

  “Şərq qapısı” qəzeti. 3 iyul 2014-cü il, №125

 

 

 Naxçıvan şəhəri, İstiqlal küçəsi 92

 

 tarixmuzeyi@nakhchivan.az 

 

(+994 36) 545 01 39

 

(+994 36) 545 01 36

 

081874
Bugün
Dünən
Bu həftə
Bu ay
Ümumi
2
111
244
752
81874

© 2020 Bütün hüquqlar qorunur. Dizayn və proqramlaşdırma Nakhinternet