MƏQALƏLƏR

Mirbağır Mirheydərzadə və Naxçıvan Dövlət Tarix Muzeyi

     Qədim Naxçıvan diyarı bütün dövrlərdə Azərbaycana görkəmli şəxsiyyətlər, vətənpərvər övladlar bəxş etmişdir. Vətənini sevən, yaşadığı torpağa bağlı olan həmin vətənpərvər övladlardan biri də Mirbağır Heydərzadə olmuşdur.

     Mirbağır Mirheydərzadə 1877-ci ildə Ordubad rayonunun Nürgüt kəndində yoxsul bir ailədə anadan olmuşdur. M.Mirheydərzadə anadan olandan bir neçə il sonra ailə Naxçıvan şəhərinə köçür. O, məktəb yaşına çatanda atasının tövsiyəsi ilə 1887-ci ildə Naxçıvan şəhər mədrəsəsində təhsil almağa başlayır və 1896-cı ildə həmin mədrəsəni bitirir. Maddi imkansızlıq ucbatından ali təhsil ala bilməyən Mirbağır Naxçıvan şəhər sakini, dərzi Məşədi Məhərrəmin himayəsi ilə Təbrizdə ruhani məktəbinə oxumağa göndərilir.

     Təbrizdə təhsilini başa vuran M.Mirheydərzadə 1899-cu ildə Naxçıvana qayıdır. Bir müddət Naxçıvanda yaşayan M.Mirheydərzadə münasib iş tapa bilmədiyinə görə Tiflisə gedir. Çox keçmir ki, gənc yaşlarında olan M. Mirheydərzadə burada inqilabi əhvali-ruhiyyəli adamlarla tanış olur.

     XX əsrin ilk illərində Rusiyanın, Ukraynanın mərkəzi şəhərlərində, Bakıda, Tiflisdə və digər yerlərdə cərəyan edən ictimai-siyasi prosesləri diqqətlə izləyən M.Mirheydərzadə ruhanilikdən uzaqlaşaraq siyasətə meyil edir. Mütərəqqi fikirli M.Mirheydərzadənin özünün siyasi fəaliyyəi ilə şah və çar üsul-idarəçiliyinə qarşı mübarizə aparmaqda məqsədi Azərbaycanın və onun ayrılmaz parçası olan Naxçıvanın demokratik üsullarla idarə olunmasına nail olmaq idi. M.Mirheydərzadə peşəkar siyasətçi kimi fəaliyyəti dövründə dəfələrlə təqiblərə məruz qalmış və həbsxanaya salınmışdır. M.Mirheydərzadə təkcə siyasətlə məşğul olmamış, eyni zamanda, tarix, dil-ədəbiyyat, coğrafiya və astranomiya elmləri ilə də dərindən maraqlanmış, rus, ərəb və fars dillərini mükəmməl şəkildə öyrənmişdir.

     1920-ci ildə Azərbaycanda və onun ayrılmaz tərkib hissəsi olan Naxçıvan diyarında sovet hakimiyyəti bərqərar olduqdan sonra M.Mirheydərzadənin fəaliyyəti, əsasən, Naxçıvanın tarixinin, bu ərazidəki tarixi  abidələrin və yer adlarının  öyrənilməsi, arxeoloji materialların və folklor nümunələrinin toplanması və tədqiqi ilə bağlı olmuşdur.

     Sovet hakimiyyətinin ilk illərində Naxçıvanda elmi müəssisə, idarə olmadığından M.Mirheydərzadə də müstəqil surətdə tədqiqat işləri ilə məşğul olmuş, Naxçıvanın tarixi və coğrafiyasını öyrənmişdir. 1923-cü ildə Bakıda "Azərbaycanı Öyrənən Tədqiq və Tətəbbö" Cəmiyyətinin, 1924-cü ilin oktyabrında Naxçıvanda Xalq Komissarları Sovetinin qərarı ilə Naxçıvan şəhərində Tarix-Etnoqrafiya Muzeyinin təşkili M.Mirheydərzadəyə özünün intellektual potensialını ortaya qoymağa imkan yaratmışdır. İlk illərdən etibarən M.Mirheydərzadənin həm "Tədqiq və Tətəbbö" Cəmiyyəti, həm də muzeylə sıx əlaqəsi gələcəkdə onun həmin müəssisə və təşkilatlarda mühüm vəzifələr tutmasını mümkün etmişdir. 1925-ci ilin may ayında "Azərbaycanı Öyrənən Tədqiq və Tətəbbö" Cəmiyyətinin Naxçıvan Təşkilatı təsis olunur. Təsis yığıncağında M.Mirheydərzadə cəmiyyətin elmi katibi vəzifəsinə seçilir və 1928-ci ilin ortalarınadək bu vəzifədə çalışır. Cəmiyyətin 1925-1928-ci illərdəki fəaliyyəti dövründə keçirilmiş iclasların protokollarının təhlilindən aydın olur ki, cəmiyyətin üzvləri, xüsusi ilə onun elmi katibi M.Mirheydərzadə Naxçıvanda muzey quruculuğu işində fəal iştirak etmişlər. M.Mirheydərzadə 1926-cı ildə akademik İ.İ.Meşşaninovun, 1927-ci ildə professor A.Müllerin, sonrakı vaxtlarda isə görkəmli Azərbaycan arxeoloqu Ə.K.Ələsgərovun başçılığı ilə Naxçıvan ərazisində aparılan arxeoloji qazıntı işlərində fəal iştirak etmiş, qazıntı-axtarış işləri zamanı aşkar edilmiş maddi mədəniyyət nümunələri Naxçıvan Tarix-Etnoqrafiya Muzeyinə təhvil verilmişdir. M.Mirheydərzadənin bu sahədəki səmərəli və səriştəli fəaliyyəti nəzərə alınaraq, o, Naxçıvan MSSR Xalq Maarif Komissarlığının 27 avqust 1930-cu il tarixli 362 saylı əmri ilə Naxçıvan Tarix –Etnoqrafiya Muzeyinə direktor təyin edilmiş və 1944-cü ilin yazınadək bu vəzifədə çalışmışdır. O, muzeyə direktor təyin edildikdən sonrakı illərdə muzeyin ekspozisiyası 1932-ci ilin oktyabrında yenidən qurulmuş, eksponatların və muzeyə gələnlərin sayı çoxalmışdır. Yarandığı ilk illərdə muzeydə 250-yə qədər eksponat olduğu halda, onların sayı 1932-ci ildə 2520-yə, 1940-cı ildə isə 4880-nə çatdırılmışdır. Təkcə 1940-cı ildə muzeyə gələn tamaşaçıların sayı 6 min nəfərdən çox olmuşdur. Bütün bu faktlar və rəqəmlər M.Mirheydərzadənin muzeydəki səmərəli fəaliyyətindən xəbər verir.

     Araşdırmalardan aydın olur ki, ətən əsrin 30-cu illərinin repressiya dalğaları M.Mirheydərzadədən də yan keçməmiş, XX əsrin əvvələrindəki siyasi fəaliyyətinə görə o da, başqaları kimi, həmin dövrdə xüsusi xidmət orqanlarının təqiblərinə məruz qalmışdır. M.Mirheydərzadənin nəslindən olan Şəhla Əliyeva “Nuh yurdu” qəzetinin avqust-sentyabr 2001-ci il tarixli sayında M.Mirheydərzadəyə həsr edilmiş məqaləsində yazır: “O dövrdə dəfələrlə evində axtarışlar aparılmışdır. Özü isə hər dəfə gizlənməyə məcbur qalmışdır. Bir dəfə isə çarəsiz qalıb mənzilindəki çox nadir, qiymətli kitabları, özünün əksər əlyazmalarını bir çuvala doldurub Naxçıvan çayının sahilində torpağı qazıb gizlətmişdir... Sonralar isə  onların əksəriyyəti məhv olmuş, bəzilərinin tək-tük saralmış vərəqləri qalmışdır....”

     1941-1945-ci illər müharibəsinin başlanması, bütün sahələrdə olduğu kimi, Naxçıvanda muzey quruculuğu sahəsində də nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi işi yarımçıq qalmış, bu isə öz növbəsində muzeydə işlərin səngiməsinə səbəb olmuşdur. İşlərin iflic vəziyyətə düşməsi səbəbilə M.Mirheydərzadə 1944-cü ilin yazında muzeyin direktoru vəzifəsindən çıxmış və ömrünün sonunadək Naxçıvan şəhər məscidində çalışmış və oranın axundu olmaqla milli-mənəvi dəyərlərimizin, adət və ənənələrimizin təbliği ilə məşğul olmuşdur.

     M.Mirheydərzadə 1956-cı il yanvar ayının 10-da vəfat etmiş və Naxçıvan şəhər qəbiristanlığında dəfn edilmişdir. Mərhumun yaxınlarının söylədiklərinə görə, onun dəfn mərasimi çox izdihamlı olmuşdur. Həmin gün Əlixan məhəlləsi Naxçıvan şəhər və rayonlarından mərasimə gələnlərlə, M.Mirheydərzadəni sevən insanlarla dolu idi.

     Ölümündən yarım əsrə qədər bir müddət keçsə də, vətənini, millətini və dövlətini sevən, Naxçıvanda muzey quruculuğu işinə əsaslı töhfə verən bir şəxsin məşəqqətli, keşməkeşli, şərəfli həyat yolunu öyrənib tədqiq etmək və gənc nəsillərə çatdırmaq elm və tədqiqat sahəsində çalışan ziyalıların vətəndaşlıq borcudur. İndiki Naxçıvan MR Dövlət Tarix Muzeyinin formalaşmasında və inkişafında vaxtilə xüsusi xidmətləri olmuş M.Mirheydərzadə haqqında bu yazını bir muzey direktoru kimi mən də özümün mənəvi vətəndaşlıq borcum hesab edərək hazırladım. Ümid edirik ki, M.Mirheydərzadənin elmi və mədəni irsi alimlərimizin, ziyalılarımızın tədqiqat obyektinə çevriləcək və biz bundan sonra onların qələminin məhsulu olan neçə-neçə yazıların oxucuları olacağıq.

 

                                                                         Nizami Rəhimov,

                                                Naxçıvan Dövlət Tarix Muzeyinin direktoru,

Naxçıvan Muxtar Respublikasının Əməkdar mədəniyyət işçisi

 

 Milli Azərbaycan Tarix Muzeyi-2004. Bakı, Elm toplusu, səhifə-324-326

 Naxçıvan şəhəri, İstiqlal küçəsi 92

 

 tarixmuzeyi@nakhchivan.az 

 

(+994 36) 545 01 39

 

(+994 36) 545 01 36

 

081837
Bugün
Dünən
Bu həftə
Bu ay
Ümumi
76
25
207
715
81837

© 2020 Bütün hüquqlar qorunur. Dizayn və proqramlaşdırma Nakhinternet