Naxçıvan Dövlət Tarix Muzeyi haqqında
Naxçıvan Dövlət Tarix Muzeyi Naxçıvan MSSR Xalq Komissarları Sovetinin 1924-cü il 30 oktyabr tarixli qərarı ilə yaradılmış və Naxçıvan Tarix-Etnoqrafiya Muzeyi kimi fəaliyyətə başlamışdır. Ötən əsrin 30-cu illərində Tarix-Diyarşünaslıq, sonra Naxçıvan Tarix-Ölkəşünaslıq muzeyi adlandırılmışdır. XX əsrin 60-cı illərinin axırlarından isə Naxçıvan Dövlət Tarix Muzeyi kimi fəaliyyətini indiyədək davam etdirir. Naxçıvan Dövlət Tarix Muzeyinin təşəkkül və inkişaf yolu ötən əsrin 20-30-cu illərinin repressiya sınaqlarından keçmiş, ikinci dünya müharibəsinin vurduğu yaralarla üzləşmiş, həmin müharibənin ağır və acı nəticələrinin aradan qaldırılması dövrünü yaşamışdır. Muzey özünün inkişaf yolunu əsasən Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin respublikamızda rəhbər olduğu ötən əsrin 70-80-ci illərində keçmiş və bu inkişaf müstəqillik illərində də davam etməkdədir.
Yarandığı vaxtdan indiyədək Naxçıvan Dövlət Tarix Muzeyi Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvanın tarixinə dair maddi-mədəniyyət nümunələrinin toplanması, mühafizəsi, tədqiqi, təbliği və əhaliyə nümunəvi muzey xidməti göstərilməsi kimi nəcib və şərəfli vəzifəni yerinə yetirməklə məşğul olmuşdur. Hazırda bu istiqamətdə aparılan işlər inamla davam etdirilir.
Azərbaycanın dövlət müstəqilliyinin yenidən bərpası həyatımızın bütün sahələrində olduğu kimi Naxçıvan Dövlət Tarix Muzeyinin fəaliyyətinin də milli-mənəvi dəyərlər əsasında istiqamətləndirilməsinə geniş imkanlar yaratmış, adamların öz tarixini öyrənməsini zəruri etdiyi kimi bu muzeyin də qarşısında yeni tələblər qoymuşdur. Bu baxımdan Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsi sahəsində dövlət siyasətinin muzey vasitəsilə həyata keçirilməsi Naxçıvan Dövlət Tarix Muzeyinin fəaliyyətində əsas vəzifələrdən biri kimi ön plana çəkilmişdir. Muzeylərə dövlət qayğısı sayəsində əsası ötən əsrin 70-80-cı illərində ulu öndər Heydər Əliyev tərəfindən qoyulan nəcib ənənələr müstəqillik illərində daha da inkişaf etdirilməkdədir. Müstəqillik illərində Naxçıvan Dövlət Tarix Muzeyi də dövlət qayğısı ilə əhatə olunmuşdur. Naxçıvan Muxtar Respublikası rəhbərliyinin yüksək diqqət və qayğısı sayəsində muzey 2000-ci ilin noyabrında əsaslı təmir və yenidənqurma işlərindən sonra Naxçıvan şəhərinin mərkəzindəki yeni binaya köçürülmüşdür. 2006-cı ildə muzeyin binası müasir tələblərə uyğun olaraq ikinci dəfə əsaslı təmir edilmiş və ekspozisiyası geniş mövzulu plan əsasında yenidən qurulmuşdur. Əvvəlkinə nisbətən yeni binada muzeyin ekpozisiya sahəsi artaraq 900 kvadrat metr, fond otaqlarının sahəsi isə 3 dəfə artaraq 200 kvadrat metr olmuşdur. Hazırda muzeyin ümumi sahəsi 2000 kvadrat metrdən artıqdır. Muzeyin yeni binasında müasir tipli qazanxana və havalandırma sistemləri, həmçinin digər mühüm yardımçı sahələr, yaradıcılıq və bərpa emalatxanası, akt zalı, kitabxana təşkil edilmişdir.
Naxçıvan Dövlət Tarix Muzeyində fondun zənginləşdirilməsi, eksponatların tədqiqi və təbliği, onların etibarlı mühafizəsi, fonda daxil olan əşyaların qeydiyyatı daim diqqət mərkəzində saxlanılır. Vaxtilə cəmi bir neçə yüz eksponatla fəaliyyətə başlamış muzeyin fondunda hazırda 49 mindən çox eksponat vardır ki, onların da 35 mindən çoxu muzeyin əsas fonduna, digərləri isə elmi köməkçi fonda daxildir. Muzey fondunun zənginləşdirilməsi sahəsində həyata keçirilən tədbirlər nəticəsində eksponatların sayı ildən ilə artmaqda davam edir. 1999-2019-cu illərdə muzeyin fonduna daxil olan eksponatların sayı 12 minə yaxın artmış və 01 yanvar 2019-cu il tarixdə muzeyin fondunda eksponatların sayı 49856 ədəd olmuşdur.
Muzeyin fond tərkibi çoxçeşidli olmaqla 10 şöbəni əhatə edir. Muzeyin arxeoloji maddi-mədəniyyət nümunələrinin əksəriyyəti Azərbaycanın qədim və orta əsrlər dövrü tarixinin öyrənilməsində əsas mənbələrdən hesab olunur. Tədqiqatçıların fikrincə muzeydəki boyalı qablar mədəniyyətinə aid olan eksponatlara heç də dünyanın çox yerində rast gəlinmədiyindən onlar nəinki ölkə, eyni zamanda dünya tarixinin öyrənilməsində əhəmiyyətlidir.
Muzeydə eksponatların bərpası və konservasiyası işinin təşkili daim diqqət mərkəzində saxlanılır. Muzey eksponatlarının həm fondda, həm də ekspozisiyada mühafizəsi işi mövcud təlimatın tələblərinə uyğun olaraq təmin edilir. Eksponatlar həm fiziki, həm də bioloji cəhətdən muzeydə mühafizə olunurlar.
Eksponatların elmi tədqiqi və təqdimatı muzeyin əsas fəaliyyət sahələrindən biri kimi xüsusi əhəmiyyət kəsb edir. Elə bu səbəbdəndir ki, muzeyin fondunda mövcud olan, yaxud muzey fonduna yeni cəlb olunan eksponatların elmi tədqiqinə, təqdimatına və təbliği işinə xüsusi diqqət göstərilir. Bu istiqamətdə aparılan işlərin də səmərəli olması üçün AMEA-nın Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun, Əlyazmalar Fondunun elmi işçiləri ilə sıx əməkdaşlıq edilir.
Muzeyin ekspozisiyasında aparılan tərtibat işləri zamanı cəmiyyətdə baş vermiş ictimai-siyasi və sosial-mədəni hadisələrin əyani şəkildə əks etdirilməsi daim diqqət mərkəzində saxlanılır. Müstəqillik illərində Azərbaycanda və onun ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasında köklü dəyişikliklər baş vermişdir. Bütün bunlar muzeyin ekspozisiyasında əks olunmaqdadır. Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş inkişaf strategiyası bu gün də davam etməkdədir. 1995-ci ildən başlayaraq Naxçıvan Muxtar Respublikasında indiyədək davam edən inkişaf həyatımızın bütün sahələrini əhatə etməkdədir. Tarixə intibah dövrü kimi daxil olan bu illər ərzində muxtar respublikada aparılan abadlıq və quruculuq işləri də ekspozisiyada təbliğ olunmaqdadır. Bütün bunlar Naxçıvan Muxtar Respublikasının 95 illik yubileyi ərəfəsində muzeydə tərtib olunan və Naxçıvanın muxtariyyət tarixindən bəhs edən sərgilərdə öz əksini tapmaqdadır.
“Naxçıvanda muzey işinin tarixi” ilə bağlı muzeydə aparılan tədqiqatların nəticələrinə dair elmi məqalələr dəfələrlə Milli Azərbaycan Tarixi Muzeyinin ildə bir dəfə nəşr olunan elmi toplularında, respublikada nəşr olunan digər qəzet və jurnallarda çap olunmuşdur.
“Naxçıvan Muxtar Respublikasındakı muzeylərin fəaliyyətinin tənzimlənməsi haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 02 fevral 2015-ci il tarixli Sərəncamının icrası ilə həyata keçirilən tədbirlər nəticəsində muzeydəki kadrların keyfiyyət tərkibi yaxşılaşmış, bələdçilərin peşəkarlığının artırılması sahəsində müsbət dəyişikliklər əmələ gəlmişdir ki, bu da öz növbəsində muzeydə xidmətin səviyyəsinin yüksəldilməsinə və tamaşaçı sayının artmasına öz müsbət təsirini göstərmişdir. Bunun nəticəsidir ki, muzeyə gələn tamaşaçıların sayı ildən–ilə artmaqdadır. Hər il muzeyə orta hesabla 38-40 min tamaşaçı gəlir ki, onların da təxminən 20 faizini əcnəbilər təşkil edir. Cari ilin I yarısında muzeyə 20 minə yaxın tamaşaçı gəlmişdir ki, onların da 4800-dən çoxu əcnəbilər olmuşdur.
Muzeyin ekspozisiyasında tərtibat işləri də daim diqqət mərkəzində saxlanılır. Mütəmadi olaraq dövrün tələbləri nəzərə alınaraq ekspozisiyada əlavə tərtibat işləri aparılır, sərgilər yeni materiallarla zənginləşdirilir. Eyni zamanda mütəmadi olaraq tarixi günlərlə bağlı muzeyin ekspozisiyasında müvəqqəti xarakterli tematik sərgilər tərtib olunur. Son illərdə muzeydə onlarla belə sərgi təşkil olunmuşdur. Muzeydən kənarda təşkil olunan sərgilərdə də muzeyin eksponatlarının nümayişi diqqət mərkəzində saxlanılmışdır.
Naxçıvan Dövlət Tarix Muzeyi həmçinin, muxtar respublika səviyyəli mədəniyyət tədbirlərinin hazırlanıb keçirilməsində də fəal iştirak edir. Ənənəvi olaraq milli bayram günləri münasibətilə el şənliklərinin keçirildiyi ərazidə muzeyin eksponatlarından ibarət təşkil olunan sərgilər minlərlə tamaşaçıya təqdim olunmuşdur.
Muzeyin fəaliyyət sahələri içərisində elmi-maarifçilik işi xüsusi yer tutur. Əhalinin müxtəlif təbəqələri, xüsusilə yeniyetmə və gənclər arasında aparılan elmi maarifçilik işi sahəsində mütəmadi olaraq muzeydə keçirilən elmi nəzəri və təcrübi konfransların, dəyirmi masaların, elmi, ədəbi-bədii və kütləvi tədbirlərin, seminarların, distant və açıq dərslərin, həmçinin digər tədbirlərin imkanlarından istifadə olunur. Muzeyin profilinə uyğun keçirilən elmi yönümlü tədbirlərdə muzey işçiləri ilə yanaşı AMEA-nın Naxçıvan Bölməsinin Tarix, Arxeologiya və Etnoqrafiya İnstitutunun, Naxçıvan Dövlət Universitetinin və “Naxçıvan” Universitetinin tarixçi alimlərinin də fəal iştirakı təmin olunur.
2001-2002-ci tədris ilindən başlayaraq Naxçıvan Dövlət Tarix Muzeyinin təşkilatçılığı ilə Naxçıvan şəhərindəki tam orta məktəblərin müəllim və şagirdlərinin muzeyin bazasından istifadə etməklə keçirilən “Açıq dərs” layihəsinə start verilmişdir. Ötən illər ərzində bu sahədə nəinki lazımi təcrübə toplanmışdır, həm də bu təcrübə muxtar respublikanın bütün muzeylərinə yayılmışdır. Son illərdə Naxçıvan Dövlət Tarix Muzeyində təşkil olunan distant dərslər də öz səmərəsini göstərməkdədir. Son beş ildə muzeydə 7 distant dərs keçirilmişdir ki, hər dəfə də həmin dərslər muxtar respublikanın 200-dən artıq məktəbində izlənmişdir. Bəhs olunan dövrdə həm də 300-ə yaxın açıq dərs keçirilmişdir.
2014-2019-cu illərdə muzeydə 70-ə yaxın elmi maarifçilik tədbirləri keçirilmişdir. Bu tipli tədbirləri həyata keçirməklə Naxçıvan Dövlət Tarix Muzeyi əhalinin, xüsusilə də gənc nəslin bilik səviyyəsinin artırılmasına, bədii-estetik zövqünün, dünyagörüşünün formalaşdırılmasına, milli dəyərlər və adət-ənənələrin qorunmasına, tarixi keçmişimizin öyrənilməsinə, hərbi vətənpərvərlik hisslərinin və əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan azərbaycançılıq məfkurəsinin aşılanmasına öz töhvəsini verməyə səy göstərir.
Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin muzeylər şəbəkəsində indiyədək yeganə dövlət tarix muzeyi kimi fəaliyyət göstərən Naxçıvan Dövlət Tarix Muzeyi malik olduğu eksponatların sayına, nadir kolleksiyaların mövcudluğuna, xidmət etdiyi tamaşaçı sayına və digər müsbət yönümlü fəaliyyətinə görə müstəqillik illərində muxtar respublikanın aparıcı muzeylərdən birinə çevrilmişdir.
Müstəqillik illərində muzeyə lazimi səviyyədə dövlət qayğısı göstərilmiş və fəaliyyəti qiymətləndirilmişdir. Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 21 oktyabr 2017-ci il tarixli qərarı ilə muzeyə “Muxtar Respublika” statusu verilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov “Naxçıvan Dövlət Tarix Muzeyinin 95 illik yubileyinin keçirilməsi haqqında” 02 avqust 2019-cu il tarixli Sərəncam imzalamışdır. Bu Sərəncam Naxçıvan Dövlət Tarix Muzeyinə göstərilən dövlət qayğısının bariz nümunəsidir.