İKİNCİ MƏRTƏBƏNİN EKSPOZİSİYASI
Naxçıvan ərazisində aparılmış arxeoloji qazıntılar nəticəsində orta əsrlərdə zərb olunmuş sikkələr aşkar olunmuşdur. Bütun bunlar Naxçıvanın hələ qədim zamanlardan mühüm ticarət mərkəzi olduğunu sübut edir.
Atabəylər dövrünə aid sikkə nümunələri
Ekspozisiyada orta əsrlərə və sonrakı dövrlərə aid misdən və mis qarışığı olan digər metallardan zövqlə hazırlanmış məişət əşyaları nisbətən üstünlük təşkil edir. Bu qəbildən olan eksponatlar əsasən ekspozisiyanın ikinci mərtəbəsində nümayiş olunur.
Mis məişət əşyaları
(XIX-XX əsrlər)
Yüksək sənətkarlıqla hazırlanmış dekorativ tətbiqi sənət nümunələrindən olan xurcunlar, heybələr, corablar, tutqac, pul qabı və.s muzeydə nümayiş etdirilir. Ekspozisiyada naxçıvanlı ustalar tərəfindən milli ornamentlərlə toxunan xovlu və xovsuz xalçalar, at və dəvə üzəngiləri, xurcunlar, heybələr, məfrəşlər, gənc qızların əlinin məhsulu olan bədii tikmələr xalqımızın necə zəngin tarixi mədəniyyətə malik olduğundan xəbər verir.
Xovlu və xovsuz xalça nümunələri (XIX əsr) |
Xurcun (XIX əsr) |
Yun corablar (XIX əsr) |
Bədii tikmə nümunələri
(XIX əsr)
Ekspozisiyadakı “Görkəmli şəxsiyyətlər” başlıqlı sərgidə XIX əsrin sonu XX əsrin əvvəllərində Naxçıvanlı ziyalılardan - Məhəmməd Tağı Sidqi, Məhəmmədağa Şahtaxtlı, Eynəli bəy Sultanov, Cəlil Məmmədquluzadə, Məmməd Səid Ordubadi, Əliqulu Qəmküsar, Behbudağa Şahtaxtinski, Hüseyn Cavid və Yusif Məmmədəliyev, həmçinin Bəhruz Kəngərli, İbrahim Səfiyev, Şamil Qazıyev kimi rəssamlar haqqında yazılı məlumatlar və fotoşəkilləri nümayiş olunur. Nümayiş olunan sərgidə eyni zamanda dövrü mətbuat nümunələri, görkəmli ədiblərin kitabları sərgilənir.
"Görkəmli şəxsiyyətlər" adlı sərgi
Müsəlman şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti 1918-ci il may ayının 28-də Tiflisdə elan olunub. Həmin dövrdə Bakı erməni daşnaqlarının işğalı altında olduğundan dövlətin iqamətgahı Tiflisdə yerləşdirildi. AXC-ni ilk tanıyan dövlət Türkiyə Cümhuriyyəti oldu. Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından və fəaliyyətindən bəhs edən sərgidə Azərbaycanın dövlət atributları, tarixi sənədlər, fotoşəkillər, 1918-1920-ci illərə aid pullar və digər eksponatlar mövcuddur.
Azərbaycan Xalq Cümhuriyyətinin tarixindən bəhs edən sərgi
Muzeyin ekspozisiyasında 1941-1945-ci illərdə Alman faşizminə qarşı müharibədə naxçıvanlıların iştirakına dair xüsusi guşə vardır. Həmin guşədə Naxçıvan əhalisinin müharibəyə köməyindən bəhs edən yazılı məlumat, naxçıvanlı hərbi sərkərdələrin, Sovet İttifaqı Qəhrəmanlarının portretləri asılmışdır. Həmçinin, hərb dövrünə aid çoxsaylı sənədlər, hərbi geyim nümunəsi, müharibə iştirakçılarının təltif olunduğu orden və medallar, cəbhə məktubları nümayiş etdirilir.
1941-1945-ci illər müharibəsində naxçıvanlıların iştirakına dair sərgi
Azərbaycan tarixində unudulmaz, əbədi olaraq yaddaşlara həkk olunan günlər, tarixin səhifəsindən silinməz anlar çoxdur. Onların içərisində Qanlı 20 Yanvar faciəsinin xüsusi yeri vardır. Ekspozisiyada tərtib olunan “Qanlı 20 Yanvar-müstəqilliyə gedən yol” adlı sərgidə nümayiş olunan materiallar Azərbaycanda müstəqillik uğrunda xalqımızın mübarizəsindən və həmin dövrdə respublikada baş vermiş hadisələr haqqında məlumat əldə etməyə imkan verir. Həmin məlumatlar içərisində 1990-cı il yanvar ayının 19- dan 20-ə keçən gecə Azərbaycan xalqına qarşı törədilmiş faciə zamanı 131 nəfərin həlak olması, 744 nəfərin ağır bədən xəsarəti alması, 841 nəfərin qanunsuz həbs edilməsi və digər faktlar tamaşaçıların diqqətini özünə cəlb edir.
Qanlı 20 Yanvar faciəsindən bəhs edən “Qanlı 20 Yanvar-
Müstəqilliyə gedən yol” adlı sərgi.
“Azərbaycanlılara qarşı ermənilərin soyqırımı haqqında Xocalı fəryadı” adlı sərgi XX əsrdə Azərbaycan xalqının məruz qaldığı soyqırımların tarixindən bəhs etməklə muzeyin ekspozisiyasında ən önəmli yerlərdən birini tutur. Həmin sərgiyə tamaşa etdikcə XX əsrdə ermənilərin Azərbaycan ərazisində törətdikləri soyqırımlar haqqında yazılı məlumatlar, tarixi sənədlər, xəritələr, fotoşəkillər və digər çap məhsulları ilə tanış ola bilirlər. Eyni zamanda sərgidə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə ermənilər tərəfindən törədilmiş Xocalı soyqırımı zamanı 613 nəfər dinc əhalinin qətlə yetirilməsi, 150 nəfərin itkin düşməsi, 487 nəfərin şikəst olması, 1275 nəfərin əsir alınması barədə faktları və rəqəmləri də sərgidə görmək mümkündür.
Ermənilərin azərbaycanlılara qarşı apardığı soyqırımların tarixindən
bəhs edən “Ermənilərin azərbaycanlılara qarşı soyqırımı siyasəti-
Xocalı fəryadı” adlı sərgi
Muzeydə nümayiş etdirilən XIX –XX əsrlərə aid qızıl və gümüşdən hazırlanmış qadın bəzək əşyaları, dekorativ tətbiqi sənət nümunələri Azərbaycan xalqının çoxəsrlik tarixi boyu yaratdığı zəngin mədəni irsdən xəbər verir.
|
|
Qızıl və gümüş qadın bəzək dəstləri.
(XIX –XX əsrlər)
Muzeyin ekspozisiyasında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən xüsusi sərgilər və guşələr qurulmuşdur. Həmin sərgi və guşələrin yerləşdiyi salonda tamaşaçılar ulu öndərin uşaqlıq illərindən başlayaraq onun zəngin və şərəfli həyat yolunu izləməyə imkan verən tarixi sənədlərlə, fotoşəkillərlə, rəsm əsərləri, kitab və dövrü mətbuat nümunələri ilə tanış ola bilərlər. Həmçinin, ulu öndər Heydər Əliyevin şərəfinə tərtib olunmuş “Şərəfli ömrün anları” adlı sərgi də həmişə tamaşaçı marağına səbəb olur.
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsinə
həsr olunmuş “Şərəfli ömrün anları” adlı foto sərgi
Muzeyin ekspozisiyası Naxçıvan Muxtar Respublikasının muxtariyyət tarixindən bəhs edən sərgi ilə başa çatır. Sərgidə Naxçıvanın muxtariyyət tarixinə dair sənədlər, izahlı məlumatlar, xəritələr, fotoşəkillər, kitablar, dövrü mətbuat nümunələri və digər materiallar nümayiş etdirilir.
Naxçıvanın muxtariyyət tarixindən bəhs edən sərgi