BİRİNCİ MƏRTƏBƏNİN EKSPOZİSİYASI
Naxçıvan MSSR Xalq Komissarları Sovetinin 30 oktyabr 1924-cü il tarixli iclasında Naxçıvan Tarix Etnoqrafiya Muzeyinin yaradılması haqqında qərar qəbul edilmiş, həyata keçirilən bir sıra təşkilati tədbirlərdən sonra muzey 1926-cı ilin yanvar ayından fəaliyyətə başlamışdır. 1930-cu ildən Naxçıvan Tarix-Diyarşünaslıq Muzeyinə çevrilmiş, 1932-ci ildə adı yenidən dəyişdirilərək Naxçıvan Tarix-Ölkəşünaslıq Muzeyi adlandırılmış və muzeyə Azərbaycanın ilk realist rəssamı Bəhruz Kəngərlinin adı verilmişdir. Ötən əsrin 60-cı illərinin sonlarından B.Kəngərli adına Naxçıvan Tarix-Ölkəşünaslıq Muzeyinin adı yenidən dəyişdirilərək Naxçıvan Dövlət Tarix Muzeyi adlandırılmışdır. Ötən əsrin 20-40-cı illərində muzeyin formalaşdırılmasında Balabəy Əlibəyovun və Mirbağır Mirheydərzadənin əvəzsiz xidmətləri olmuşdur.
Araşdırmalar göstərir ki, muzeyin təşəkkül dövrü Azərbaycan tarixində mövcud olmuş bir sıra ziddiyyətli tarixi proseslərlə müşayiət olunmuş, yalnız ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərliyinin ilk dövrlərindən başlayaraq Naxçıvan Dövlət Tarix Muzeyi hərtərəfli inkişaf yoluna qədəm qoymuşdur ki, bu inkişaf və tərəqqi müstəqillik illərində də muzeyin həyatında davam etməkdədir.
Naxçıvan Muxtar Respublikası rəhbərliyinin təşəbbüsü və qayğısı ilə əsaslı təmir-tikinti və quraşdırma işləri aparıldıqdan sonra muzey Naxçıvan şəhərinin İstiqlal küçəsi 92 ünvanındakı binada yerləşdirilmiş və 2000-ci ilin noyabrında muzeyin yeni binada açılışı olmuşdur. Yeni binada muzeyin ekspozisiyası iki mərtəbədən ibarət olmaqla təxminən 900 m2 sahəni əhatə edir ki, burada da 3000-nə yaxın eksponat nümayiş etdirilir.
Naxçıvan Dövlət Tarix Muzeyinin binasının ümumi görünüşü.
Muzeyin ekspozisiyası əsasən qədim, orta əsrlər, yeni və ən yeni tarixi dövrləri əhatə edir. İlk insan məskənlərindən olan qədim Naxçıvan diyarının tarixinin müxtəlif dövrlərinə aid arxeoloji qazıntılar zamanı əldə edilmiş maddi-mədəniyyət nümunələri ekspozisiyada xüsusi yer tutur.
Ekspozisiyanın birinci mərtəbəsində əsasən daş, tunc, dəmir və orta əsrlər dövrünə aid eksponatlar nümayiş etdirilir. İbtidai insanların istifadə etdikləri daş əmək alətləri, obsidianlar, nukleuslar, çaxmaq daşları, oraq dişləri, ox ucluqları, istehsal tullantıları, bizlər, astroqallar, iynələr, sümük külüng və toxalar nümayiş etdirilir ki, bunlar da artıq o dövrdə ox və kamanın, toxucululuğun inkişaf etdiyini göstərir.
Astroqallar (e.ə.III minillik) |
Sümük əyircək (e.ə.II minillik) |
Çaxmaq daşı (e.ə.III minillik) |
Sümük külüng və toxa. (e.ə.III minillik) |
Sümük iynə və bizlər. (e.ə.II minillik) |
Obsidian (e.ə.III minillik) |
Nukleuslar (e.ə.III minillik) |
Ox ucluqları (e.ə.IV-III minillik) |
Oraq dişləri (e.ə.IV-III minillik) |
Tarixdən məlumdur ki, Naxçıvan, bəşər nəslinin beşiyi hesab edilən Nuh peyğəmbərin ilk dayanacaq yeri olmuşdur. Nuh peyğəmbərin vaxtında yer üzünü su basmış və bu təbii fəlakət Naxçıvana da təsirini göstərmişdir. Suyun birdən-birə çəkilməsi heyvanat aləmində də böyük bir fəlakətlə nəticələnmişdir. Burada qalan heyvanlar məhv olmuş, daşlaşaraq dövrümüzə qədər gəlib çatmışdır. Həmin heyvanlardan daşlaşmış tısbağa, ilbiz, daş üzərindəki balıq izləri muzeydə nümayiş olunur.
Daşlaşmış tısbağa (e.ə.IV-III minillik) |
İlbiz (e.ə.IV-III minillik) |
Daş üzərində balıq izləri (e.ə.IV-III minillik) |
Nuh peyğəmbərin məzarüstü türbəsinin Naxçıvanda yenidən bərpa olunması haqqında dövlət səviyyəsində bir sıra tədbirlər həyata keçirilmiş və sərəncam verilmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Nuh peyğəmbərin Naxçıvan şəhərindəki məzarüstü türbəsinin bərpa edilməsi haqqında” 28 iyun 2006-cı il tarixli Sərəncamına əsasən Nuh peyğəmbərin məzarüstü abidəsi bərpa edilmişdir.
Nuh peyğəmbərin məzarüstü abidəsilə bağlı guşə.
İbtidai insanların vaxtilə məskunlaşdığı və Şərur rayonunun Tənənəm kəndində yerləşən Qazma mağarası, Ordubad rayonu ərazisində dəniz səviyyəsindən 3907 metr hündürlükdə olan Gəmiqaya və Naxçıvan şəhərindən 12 km aralıda yerləşən “Əshabi-Kəhf” abidələri barədə yazılı məlumatlar və digər eksponatlar ekspozisiyada yer almışdır.
Əshabi – Kəhf ziyarətgahına aid guşə.
Naxçıvan abidələrinin ən zəngin materialı Kür-Araz mədəniyyətinə aid monoxrom və polixrom tipli gil qab nümunələridir. Bu qablar oyma naxışlarla bəzədilmiş, üzərində zoomorf naxışlar, səma cisimləri, ov səhnələri təsvir olunmuşdur.
Naxçıvanın qədim yaşayış məskənlərindən biri olan I və II Kültəpə abidəsi Babək rayonunun Uzunoba kəndi yaxınlığında yerləşir. Burada 1951-1964–cü illərdə arxeoloqlar tərəfindən tədqiqat işləri aparılmışdır. Bu abidə eneolit, tunc və ilk dəmir dövrünə aid tarixi dövrləri əhatə edən maddi-mədəniyyət nümunələrini özündə cəmləşdirir. Bu abidədən aşkar edilən çoxsaylı maddi-mədəniyyət nümunələri muzeydə nümayiş etdirilir.
Zoomorf, monoxrom və polixrom tipli gil qablar.
(e.ə.III minillik)
Muzeydə dən daşları, daş həvənglər, daş baltalar nümayiş etdirilir ki, bu da artıq o dövrdə əkinçiliyin inkişaf etdiyini göstərir. Bütün bunlar Naxçıvan ərazisində aparılmış arxeoloji qazıntılar nəticəsində aşkar edilmişdir.
Dən daşı (e.ə.IV minillik) |
Daş həvəng (e.ə.II minillik) |
Daş balta
(e.ə.II minillik)
Naxçıvan təbii sərvətlər məkanıdır. Bu sərvətlər içərisində Naxçıvan duzu xüsusi yer tutur. Naxçıvanda ilkin şəhər mədəniyyətinin formalaşmasına təsir göstərən amillərdən biri də məhz Duzdağ mədəniyyətidir. Duzdağda aparılan tədqiqatlar sübut edir ki, Naxçıvanda Eneolit dövründən başlayaraq mədənçilik mövcud olmuş, e.ə IV minillikdə bu proses daha da geniş miqyas almışdır.
Duzdağ Kəngərli rayonunun Böyükdüz kəndi yaxınlığında, Naxçıvan şəhərindən 10 km aralıda, dəniz səviyyəsindən 1173 m hündürlükdə yerləşir. E.ə V-I minilliklərə aid edilən Duzdağ 1967-ci ildə uçqun nəticəsində aşkarlanıb. Mədəndə aparılan tədqiqat zamanı ocaq yerləri, divarlarda his izləri, duz laylarının arasına vurulmuş ağac pazlar, döşəmədə gil qab qırıqları, maral buynuzunun qalıqları aşkar edilmişdir.
Duz süxurları (e.ə. V-IV minilliklər) |
Ekspozisiyada nümayiş olunan həvəngdəstələr, daş alətlər, eləcə də yaxın keçmişin kəşfi olan daş alətlər( kirkirə,dəstər) duz istehsalında və emalında istifadə olunan əsas alətlərdir.
Muzeyin ekspozisiyasında yaradılmış guşədə Duzdağda təşkil olunan Fizioterapiya Mərkəzinə aid fotoşəkillər də nümayiş olunur. 1979-cu ildə yaradılan bu müalicə mərkəzi son illərdə müasir tələblər səviyyəsində yenidən qurulmuş və hazırda nəinki yerli vətəndaşlar, eləcə də dünyanın müxtəlif ölkələrindən müalicə üçün buraya gələn xəstələrin şəfa ocağına çevrilmişdir.
Duzdağ haqqında guşə
Naxçıvan ərazisində aparılan arxeoloji qazıntılar zamanı kurqanlar, daş qutu və küp qəbirlər aşkar edilmişdir. Xalqımızın dəfn adət-ənənələrinin qədimliyini bildirən küp və daş qutu qəbirlər ən çox Babək, Şahbuz, Şərur rayonlarında müşahidə edilmişdir. Ekspozisiyada bu cür küp və daş qutu qəbirlərin maketləri qurulmuşdur.
Daş qutu qəbrin maketi
(I -II əsrlər)
Küp qəbir
(I -II əsrlər)
Zəngəzur mahalının Urud kənd qəbiristanlığından və Əlincəçay sahilindəki Xanəgahın ətrafından tapılmış sənduqələr və mərmər sinə daşı, Naxçıvan şəhəri ərazisindən aşkar olunmuş XIV əsrə aid epiqrafiq abidə muzeyin dəyərli eksponatlarındandır. Üzəri süjetli kompozisiyalarla zəngin olan bu eksponatlar həmişə tamaşaçı marağına səbəb olur.
Məzarüstü sənduqələr (XV-XVI əsrlər) |
Mərmər sinə daşı ( XV əsr) |
Epiqrafiq abidə
(XIV əsr)
Muzeyin ekspozisiyasında Naxçıvan memarlıq məktəbi, Memar Əcəminin tikdiyi Yusif Küseyir oğlu, Möminə Xatun, Qoşa minarə abidələri, eyni zamanda Əcəmi məktəbinin davamçılarının yaratdığı Gilan, Qarabağlar, Dər türbələri, Xan Sarayı, İmamzadə Kompleksi, Qazançı körpüsü, Aza körpüsü və digər abidələrin fotoşəkilləri nümayiş olunur.
Əcəmi memarlıq məktəbinə həsr olunmuş sərgi.
Ekspozisiya zalında çoxsaylı eksponatlar arasında orta əsr döyüşçüsünün hərbi geyimi və hərbi ləvazimatları nəzəri cəlb edir. Geyim dəsti metal dəbilqədən, tor şəkilli köynəkdən, qılınc və qalxandan ibarətdir. Ekspozisiyada orta əsr ordusunun qarşısında aparılan “Ordu nişanı”, müxtəlif tipli odlu və soyuq silah nümunələri də nümayiş etdirilir.
Orta əsr döyüşçüsünün maketi (XIV-XV əsrlər) |
“Ordu nişanı” (XVII-XVIII əsrlər) |
Orta əsr silah nümunələri.
( XIV-XVəsrlər)
Naxçıvanın qədim dövlətçilik ənənələrindən bəhs edən sərgilər də ekspozisiyada önəmli yerlərdən birini tutur. Naxçıvanın uzun illər bir-birini əvəz edən Manna, Midiya, Atropatena və başqa dövlətlərin tərkibində olması, sonra XII əsrdə Atabəylər dövlətinin tərkibinə keçməsi, Azərbaycan Atabəylər dövlətinin paytaxtının bir müddət Naxçıvanda qərarlaşması, daha sonra 1380-1467-ci illərdə Qara Məhəmmədin başçılığı ilə Qaraqoyunlular dövlətinin, 1467-1501-ci illərdə Uzun Həsənin başçılığı ilə Ağqoyunlular dövlətinin, 1501-ci ildə Şah İsmayılın başçılığı ilə Azərbaycan Səfəvilər dövlətinin, sonrakı dövrlərdə isə 1747-ci ildə əsası qoyulmuş Naxçıvan xanlığı və Azərbaycanın dövlətçilik tarixində onların yeri barədə məlumatları həmin sərgilərdən almaq olar.
Azərbaycanın dövlətçilik tarixindən bəhs edən guşə. (Atabəylər XII əsr,
Ağqoyunlular və Qaraqoyunlular XV əsr)
Azərbaycan Səfəvilər dövlətinə aid guşə. (XVI əsr)
Azərbaycan milli geyimləri uzun sürən, çox mürəkkəb inkişaf yolu keçmiş xalqın maddi-mənəvi mədəniyyətinin məhsuludur. Xalq yaradıcılığının tarixi - etnoqrafik və bədii xüsusiyyətləri öz əksini geyimlərdə tapır. Geyim kolleksiyasına daxil olan qadın və kişi geyimləri ekspozisiyada daha zəngin təqdim olunmuşdur.
Kişi və qadın milli geyimləri. (XIX əsr) |
Muzeyin ekspozisiyasının hər iki mərtəbəsində təqdim olunan rəsm əsərləri ekspozisiyanın mövzusu ilə həmahənglik təşkil edir. Azərbaycanın görkəmli rəssamları T.Salahovun, T.Nərimanbəyovun, Ş.Qazıyevin, D.Kazımovun, E.Hüseynovun, Y.Məmmədovun və digərlərinin ekspozisiyada nümayiş etdirilən rəsm əsərləri Naxçıvan tarixinin müxtəlif dövrlərini yaxından izləməyə imkan verir.
|
|
Tahir Salahov “Heydər Əliyev” |
Toğrul Nərimanbəyov “Əlincə qalanın müdafiəsi” |
|
|
Şamil Qazıyev “Naxçıvanqala” |
Davud Kazımov “Naxçıvan XII əsrdə” |
|
|
Eyyub Hüseynov “Möminə-Xatun məqbərəsinin layihəsinin müzakirəsi” |
Yuran Məmmədov “Qarabağlar orta əsrlərdə” |
Musiqi tariximizin yaşı ta qədimlərə gedib çıxır. Hələ qədim zamanlarda ibtidai insanlar müxtəlif daşları, ağac parçalarını bir birinə döyəcləməklə ilk dəfə çalğı alətləri hazırlayıb səsləndirmişlər. Bundan sonra zaman-zaman müxtəlif növ - nəfəsli, simli və zərb musiqi alətləri yaranmışdır. Bu musiqi alətlərindən ney, tulum, saz, tar, tütək və.s musiqi alətləri muzeydə nümayiş etdirilir.
Milli musiqi alətləri
(XIX əsr)